Slimfit
  1. AZƏRBAYCAN

Texnika hazır vəziyyətə gətirildi - Anar Nəcəfli

Texnika hazır vəziyyətə gətirildi - Anar Nəcəfli
Sakura

Biz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi proqnoza əsasən işləyirik. Proqnozda ciddi xəbərdarlıq…

Biz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi proqnoza əsasən işləyirik. Proqnozda ciddi xəbərdarlıq və qar yağacağı ilə bağlı məlumat varsa, bütün texnika hazır vəziyyətə gətirilir.

Bu sözləri Axar.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu gecədən etibarən ölkə ərazisində müşahidə olunacaq soyuq hava, güclü külək və çovğun xəbərdarlığı ilə əlaqədar olaraq sözçüsü olduğu qurumun gördüyü işlər barədə danışarkən bildirib.

A.Nəcəfli deyib ki, anomal hava şəraiti ilə bağlı xüsusi nöqtələr var ki, orada texnika həmişə hazır vəziyyətdədir və öncədən nəzarətə götürülüb:

“Çünki problem olacağı halda ilk olaraq həmin yoldan başlayır. Bu səbəbdən o yol daim nəzarətdədir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi olaraq biz payız-qış mövsümünə hazırlıqla əlaqədar olaraq oktyabr ayının 1-dən etibarən qışa hazırlıq prosesinə start vermişik, gücləndirilmiş iş rejimində işləyirik. Xüsusilə qar yağacağı təqdirdə yolların qardan-buzdan təmizlənməsi üçün yanacaq ehtiyatı toplanıb. Maşınlar, maşın mexanizmlər saz vəziyyətə gətirilib. O cümlədən də qum, duz ehtiyatı toplanıb. Həmçinin işçilərin də isti paltarla təmin edilməsi həyata keçirilib.

Qış fəsli ilə əlaqədar olaraq idarələrimizdə növbətçilik sistemi fəaliyyət göstərir. Hər hansı yolda problem yaranacağı təqdirdə həmin ərazilərə dərhal əməkdaşlar göndəriləcək”.

A.Nəcəfli bildirib ki, Bakı şəhərində yaxın günlər ərzində yollarda ciddi problem yaranacağı gözlənilmir:

“Müvafiq nazirlik də Bakıda +2 dərəcə temperatur müşahidə ediləcəyi ilə bağlı məlumat verib. Hətta qar yağsa belə, Bakıda yolların buz bağlaması ehtimalı yoxdur. Ancaq buna baxmayaraq, bütün əməkdaşlarımız və texnikamız hazır vəziyyətdədir. Qar yağacağı təqdirdə şəhərin daxili küçə və prospektlərini Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi isə şəhərətrafı, əsas yollar və prospektləri təmizləyəcək. Ancaq ehtiyac yaranacağı təqdirdə hər iki qurum paralel işləyəcək. Məsələn, şəhərdaxili hansısa yolda problem yaranarsa, gözləməyəcəyik ki, BŞİH-nin əməkdaşları gəlib onu aradan qaldırsın.

İki qurum paralel işləyəcəyinə görə onların da əməkdaşları və texnikası hazır vəziyyətə gətirilib”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın kəskin dəyişəcəyi gözlənilir. Güclü şimal-qərb küləyinin 18-23 m/s, arabir 28-33 m/s-dək güclənəcəyi, səhər və gündüz yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək şiddətlənəcəyi gözlənilir. Temperaturun anomal gedişi gözlənilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR