Texasın Cənubi Metodist Universitetinin azərbaycanlı professoru
ABŞ-da alimlik dərəcəsi almaq çox çətindir. Belə insanları elm fədailri də adlandırmaq olar, böyük zəhmət, gərgin elmi araşdırma nəticəsində bu dərəcəyə yüksələ bilirlər. Bu gün mən sizə onlardan biri- ABŞ-da fizika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alan, həmyerlimiz Dürdanə xanım Balakişiyevadan söhbət açmaq istəyirəm. Artıq iyirmi ildir ki, Amerikada yaşayır…
Dürdanə xanım Bakıda dünyaya gəlib. 1992-ci ildə 15 yaşında ikən 189 nömrəli orta məktəbi bitirib. 1992-1997-ci illərdə Bakı Dövlət Universitetinin fizika fakultəsində ali təhsil alıb. Sonra bir il də İtalyanın Triest şəhərindəki "Beynəlxalq Nəzəri Fizika Mərkəzi"ndə oxuyaraq yüksək enerji fizikası üzrə magistr dərəcəsinə yiyələnib. 1999-cu ildə ABŞ-ın Nyu York ştatına gəlib. Yeddi il məşhur Sirakus Universitetinin doktoranturasında elmi araşdırmalarla məşğul olub. 2006-cı ildə oranı həm eksperemental fizikadan magistr dərəcəsi ilə və həm də fizika üzrə fəlsəfə doktoru kimi başa vurub. Həmin il Florida ştatına köçüb və Florida Universitetində altı il post doktorantura keçərək astrofizika sahəsində "qara materiya"nı tədqiq edib. 2014-cü ildən Texas ştatının Dallas şəhərində yaşayır. Burada Cənubi Metodist Universitetində mühəndislik və tibb fakultələrinin tələbələrinə fizikadan dərs deyir, professordur…
…Atası Nazim Balakişiyev cəzaçəkmə müəsissələrinin birinin xəstəxanasında baş həkim işləyib. 2003-cü ildə vəfat edib. Anası Rühəngiz Qasımova tibb elmləri namizədidir. Uzun illər Azərbaycan Tibb Universitetinin daxili xəstəliklər kafedrasının müəllimi olub. Hazırda özəl klinikalardan birində çalışır…
Doğma vətəni çox sevir. Azərbaycan naminə bir sıra işlər də görüb. Texas ştatının müxtəlif qəzet və jurnallarında Qarabağ həqiqətləri ilə bağlı məqalələrlə çıxış edir. Vaxtaşırı Dallas məktəblərinə gedib yuxarı sinif şagirdlərinə Azərbaycan haqqında mühazirələr oxuyur. Bundan əlavə Dallasda yaşayan soydaşlarımızla bir araya gəlib, milli və rəsmi bayramlarımızı birlikdə qeyd edirlər…
Deyir ki,- "Mən istəyirəm ki, terrorçu təşkilatlar sıradan çıxsın, heç bir yerdə təxribat törədilməsin. Müharibələrə son qoyulsun. İnsanlar öz aralarında döyüşməkdənsə yaşadıqları yer kürəsini, kosmosu tədqiq etsinlər. Adamlar bir-birinə hörmətlə, sevgi ilə yanaşmağı bacarsınlar. Bir sözlə, hər yerdə əmin-amanlıq hökm sürsün"…
…İki övladı var. Qızı Əminə xanım anası çalışdığı universitetin tələbəsidir. Oğlu İlyas isə bu il orta məktəbi bitirəcək…
Təmkinli, çox danışmağı sevməyən xanımdır. Dərin təfəkkürü, zəkası ilə hadisələrə düzgün qiymət verməyi bacarır. Yüksək intelekti onun hərtərəfli inkişaf etməsinə səbəb olub. Rəsm çəkməyi xoşlayır. Əvvəllər karandaş, akvarel, quaşla çəksə də son vaxtlar kətan üzərində yağlı boya ilə işləməyə daha çox üstünlük verir. İdmanın tennis növü ilə mütəmadi məşğul olur. Mütaliə etməkdən yorulmur. Arzuları çoxdur. Ən böyük arzusu isə övladlarına yüksək təhsil vermək, onları xoşbəxt görməkdir.
Bir sözlə, bu azərbaycanlı alim xanımın ABŞ kimi nəhəng ölkədə qazandığı uğurlar ehtiram və alqışa layiqdir...
Müəllif: Elman Eldaroğlu,
ABŞ, Miçiqan
Şərhlər
Şərhləri göstər Şərhləri gizlətDaha Çox