“Tərəqqi” medalına layiq görülən dənizçi xanım
Dənizçiliyin tarixinə baxdıqda bu sahədə hər zaman “bir qadın gəmiyə mütləq uğursuzluq gətirər” inancı mövcud olub. İnsanların düşüncələrinə görə, qadının olduğu gəmi batar, başına pis işlər gələrmiş.
Bəli, bu inanc əsrlərlə xanımların dəniz sektorundan kənarda qalmasına səbəb olub. Əvvəllər dənizçilik ancaq kişi işi sayılırdı. Buna görə də bu sahədə qadınlara demək olar ki, rast gəlinmirdi. İndi vəziyyət bir qədər fərqlidir. Dənizçilikdə zərif cinsin nümayəndələrinin çalışması o qədər də qeyri-adi hal sayılmır.
Belə də olmalıdır. Çünki, dəniz hamımızındır…
Elə müsahibim Leyla Hüseynova da uzun müddətdir Azərbaycanın dəniz sektoruna öz töhfəsini verir. Doğrudur, onun işi sahillə bağlıdır. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin aparatında – Donanmanın texniki istismar departamentində “Gəmi təmiri üzrə mühəndis” vəzifəsində çalışır.
Leyla Rafiq qızı Hüseynova 1978-ci il noyabrın 30-da Bakıda anadan olub. 1984-cü ildə Nizami rayon 12 saylı orta məktəbin I sinifinə gedib. 1995-ci ildə məktəbi bitirərək Azərbaycan Dövlət İqtisad Universitetinə “İqtisadiyyatın tənzimlənməsi” fakultəsinin “Əməyin iqtisadiyyatı və sosiologiyası” ixtisasına qəbul olub. Universiteti qırmızı diplomla bitirən Leyla xanım daha sonra bankların birində əmək fəaliyyətinə başlayıb. 2001-ci ildən isə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində çalışır.
– Leyla xanım, necə oldu ki, bankdakı işinizi dənizçiliyə dəyişdiniz?
– Bəli, çoxlarına qəribə gəlir. İqtisad Universitetini bitirmişəm, bankda işləmişəm. Bu, mənə yaxşı təcrübə qazandırıb. Amma hər zaman içimdə bir dəniz sevgisi olub. Əlbəttə ki, bu da səbəbsiz deyildi. Dənizçi ailəsində böyümüşəm. Atam Rafiq Xankişiyev uzun illər “Bibiheybət” Gəmi Təmiri Zavodunda mühəndis işləyib. Məhz, onun köməkliyi ilə bu sahəyə gəlmişəm. 2001-ci ildə İxtisaslaşdırılmış Dəniz Neft Donanmasına işə qəbul olmuşam. O vaxtdan bəri də fəaliyyətimi davam etdirirəm.
– Atanız dənizçi olmasaydı, yəqin ki elə bankda da işləyirdiniz…
– Dənizçilik digər sahələrə bənzəmir. İçində dəniz sevgisi varsa, o səni rahat buraxmır, daim səsləyir. Və elə bir an gəlir ki, sən ona qarşılıq vermək məcburiyyətində qalırsan. Düşünürəm ki, dənizçi ailəsində böyüməsəydim də, onun çağırışına səssiz qala bilməzdim. Hətta maraq o qədər yüksək idi ki, sonralar bu sahə üzrə təhsil almağa belə tənbəllik etmədim. 2012-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasında Gəmiqayırma kafedrasında ikinci təhsil aldım.
– Bu sahəyə ilk gəlişinizdən danışın. Uyğunlaşmaq çətin olmadı?
– Düzünü desəm, ilk vaxtlar çox çətin oldu. Şöbəmizin rəisi Səfail Əliyev idi. Çox zəhmli olduğuna görə, nəsə soruşmağa qorxurdum. Amma mənə böyük köməklik etdi. Elə qorxuda-qorxuda işi öyrətdi (gülür). Mən də işimi mənimsəmək üçün çalışdım, əlimdən gələni etdim. Və bu gün düşünürəm ki, qarşıma qoyduğum məqsədə çatmışam.
– Dənizçilik sizin üçün nədir?
– Dənizçilik həyatımın anlamıdır. 23 yaşımdan bu işlə məşğulam. Artıq 17 il keçib. İndi özümü başqa yerdə, bu işsiz təsəvvür etmirəm. Geri dönüb baxdıqda birlikdə yola çıxdığım həmkarlarımı, paylaşdığımız gözəl anları və uğurları sevgiylə xatırlayıramsa, hər sabah eyni həyəcan və istəklə işimə başlayıramsa, demək ki, hər şey əladır.
– Dəniz mücadilədir. Əgər qadınsansa, bu mücadilə iki qat artır. Bəzi ailələrdə qadınların dənizçi olmasına yumşaq desək, mane olurlar. Görünür, siz belə bir problemlə rastlaşmamısınız..
– Təbii ki, mən ailəmin dəstəyini görməsəydim, indi işləmirdim. Bu məsələdə bəxtim gətirib. Dörd övladım var. Şükürlər olsun ki, işim onların normal böyüməsinə mane olmayıb. Ən əsası, nənələri sağolsun. O, uşaqların bütün qayğıları ilə məndən də yaxşı maraqlanır.
– Yeri gəlmişkən, dənizçi olmaq istəyən, lakin bundan qorxan xanımlara nə tövsiyə edərdiniz?
– Hamı ürəyinin səsinə qulaq assın. Fərq eləmir həkim, polis, dənizçi və s…Əgər həvəs, maraq və istək varsa onun arxasınca getsinlər.
– Leyla xanım, bir günlük iş rejiminizi bizə necə təsvir edərdiniz?
– Bildiyiniz kimi, biz gəmilərimizi həm öz zavodlarımızda, həm də kənar yerlərdə təmir etdiririk. Təmirdən öncə zavodların nümayəndələri qiymətləndirmə apararaq, bizə smeta göndərirlər. Mən onların hamısını bənd-bənd yoxlayıram. Səhv olanda geri qaytarırıq. Bundan başqa, biz özümüz kənar təşkilatlardan sifarişlər alırıq, onlarla danışırıq, razılaşırıq, müqavilə bağlayırıq, aktlaşdırma aparırıq. Sonra zavodlarımıza göndəririk.
– Və sonda, bu günlərdə Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüsünüz. Bununla bağlı nə demək istəyərdiniz?
– Cənab Prezident İlham Əliyevin sərəncamı ilə əməyimin bu cür qiymətləndirilməsi çox qürurvericidir. Məni bu medala layiq görən hər kəsə – başda “AXDG” QSC-nin sədri Rauf Vəliyev olmaqla, Donanmanın texniki istismar departamentinin rəisi Balakişi Səfərova, Texniki direktorlar İsrail Bayramova, Nurməhəmməd Talıbova təşəkkür edirəm…Çalışacam ki, bu etimadı doğruldum.
Mənbə: Seanews.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət