Tələbələr səfərbər oldu: “Qarabağ Azərbaycandır!”
Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatı tərəfindən rayon ərazisində yerləşən ali məktəblərdə təhsil alan gənclər arasında keçirilən “Qarabağ Azərbaycandır!” mövzusunda inşa-yazı müsabiqəsinə həsr olunan tədbir təşkil edilib.
Axar.az xəbər verir ki, tədbirdə ADU-nun rektoru, akademik Kamal Abdullayev, YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, rektorun ictimai məsələlər üzrə müşaviri Sərraf Hüseynov və digər çıxış edənlər “Qarabağ Azərbaycandır!” inşa-yazı müsabiqəsi və şərtləri barədə danışıb, onun əhəmiyyətindən söz açıblar.
Bildirilib ki, bu il oktyabrın 3-də Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun keçirdiyi ənənəvi tədbirdə Prezident İlham Əliyev növbəti tarixi çıxışı ilə işğalçı və qondarma dövlət olan Ermənistanın Baş naziri Paşinyanı və onun simasında erməni yalanını növbəti dəfə ifşa etdi.
Vurğulanıb ki, müsabiqədə iştirak etmək üçün qısa müddət ərzində 3000-dən çox gənc müraciət edib. Onların arasında xarici tələbələr də var. Müsabiqə əsasən Azərbaycan Dövlət Tibb Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dillər Universiteti və Bakı Slavyan Universitetinin tələbələri arasında keçirilir.
Qeyd edək ki, müsabiqənin nəticələri dekabrın sonuncu həftəsində elan olunacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət