Slimfit
  1. MƏDƏNİYYƏT

Tələbə-rəssamın ilk fərdi sərgisi açılıb

Tələbə-rəssamın ilk fərdi sərgisi açılıb
Sakura

Tələbə-rəssamın ilk fərdi sərgisi açılıb

Azərbaycan Memarlıq və İnşaat Universitetinin memarlıq fakültəsinin ikinci kurs tələbəsi Günay Nəbiyevanın ilk fərdi sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, universitetin sərgi salonunda təşkil olunan sərgidə bu ali təhsil ocağının professor-müəllim heyəti, tələbələr, qonaqlar və səbəbkarın Ağdaşdan gələn yaxınları iştirak ediblər.

Tədbiri açan memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova deyib: “Universitetimizdə istedadlı gənclərimiz çoxdur. Rəhbərlik də, dekanlıq da, professor-müəllim heyəti də onlara həm təhsildə, həm də digər yaradıcılıq işlərində lazım olan dəstəyi göstərir. Biz hər bir tələbənin öz bacarığını, istedadını üzə çıxarmağa yardımçı oluruq. Bu sərgi salonunu vaxtaşırı onların üzünə açırıq ki, yaradıcılıqlarını nümayiş etdirsinlər. Ayda iki belə tədbir keçirilir. Bu gün əsərləri sərgilənən Günay da bizim nümunəvi, istedadlı tələbələrimizdəndir. Dərslərini yaxşı oxuyur, qrup nümayəndəsidir, ictimai işlərdə fəal iştirak edir. Bununla bərabər, rəssamlıqla ciddi məşğul olur və çoxlu maraqlı işləri var. Bu səbəbdən də qərara gəldik ki, onun rəsm əsərlərinin sərgisini təşkil edək. Hamı tanış ola bilsin. Daha da ruhlansın, yeni enerji ilə işləsin. Müxtəlif sərgilərdə, müsabiqələrdə iştirak etsə də, bu, onun ilk fərdi sərgisidir. Həm dərslərində, həm də yaradıcılığında ona böyük uğurlar arzulayırıq”.

Tədris işləri üzrə prorektorun köməkçisi Şəfi Danyalov çıxışında rəhbərlik səviyyəsində tələbələrin təhsilinə və mütəxəssis kimi yetişməsində göstərilən qayğıdan danışaraq Günay Nəbiyevaya xoş arzularını bildirib.

Sonra Günayın babası, uzun illər Ağdaş rayon təhsil şöbəsinin müdiri işləmiş, hazırda təqaüddə olan L.Paşayev tələbələrə yaradılmış hər cür şəraitə və bu sərginin təşkilinə görə universitetin rəhbərliyinə və sərgiyə gələnlərə ailəsi adından minnətdarlığını bildirib.

Əlliyə yaxın rəsm əsərinin nümayiş etdirildiyi salonda “İçərişəhər” tablosu ilə başlayan tanışlıq təbiət mənzərələri, peyzajlar, natürmortlarla davam etdi. “Xocalı faciəsi” önündə ayaq saxlayanlar isə kədərli baxışlarını uzun müddət rəsmdən ayıra bilmirdilər...

Sərgi haqda təəssüratını bölüşən təsviri incəsənət kafedrasının baş müəllimi Oqtay Murtuzayev deyib: “Günay Nəbiyeva mənim ən yaxşı tələbələrimdəndir. Çox istedadlıdır. Əl işləri çox idi. Biz seçim apardıq və ən yaxşılarını sərgiyə çıxartdıq. Günay dizayn ixtisasına yiyələnir. Gələcəyin mahir dizayneri olacaq. Sərgidə dizayna aid işləri də yer alıb. Çox maraqlı işlərdir. Rəng duyumu o qədər güclüdür ki, dizaynda onları seçmək, paylamaq həmişə yüksək səviyyədə alınır”.

Tələbə-rəssamın yaradıcılığa ciddi yanaşdığını bildirən gənc rəssamın müəllimi Bayram Qasımbəyli deyib ki, özünə qarşı da çox tələbkar olan Günay daim üzərində işləyir. Sərgidəki işləri çox maraqlıdır. Rəng duyumu, rəngkarlıq hissiyyatı güclüdür. Ona görə də rəngləri yaxşı effekt yaradır. O, cürbəcür texnikalarda işləyir: həm yağlı boya ilə, həm akvarellə, həm quaşla, həm də karandaşla. Potensialı imkan verir ki, gələcəkdə daha böyük əsərlər yaratsın. Bu yolda ona uğurlar arzulayırıq.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin tarix muzeyinin direktoru Gülmira Məmmədovanın isə bunları deyib: “Universitetimizdə ulu öndər Heydər Əliyevin muzeyi ilə yanaşı, bu muzey də fəaliyyət göstərir. Sərgi salonumuz tarix muzeyinin nəzdindədir. Fəaliyyətə 2001-ci ilin mayından professor Elturan Avalovun sərgisi ilə başlayıb. Bu gün 123-cü sərgidir ki, keçirilir. Bir qayda olaraq, müəllim, doktorant və tələbələrin rəsmləri, əl işləri, layihələri nümayiş etdirilir. Eyni zamanda xarici ölkə nümayəndələrinin sərgiləri təşkil edilir. İndiyədək Misir, Türkiyə, Almaniya, İtaliya memarlarının layihə işləri sərgilənib. Beynəlxalq əlaqələrimiz getdikcə artmaqdadır. Ümumiyyətlə, sərgi universitet miqyasında keçirilsə də, paytaxt sakinləri və qonaqlar üçün də qapımız həmişə açıqdır. Bugünkü sərgiyə gəlincə isə deyim ki, o, noyabrın 30-dək davam edəcək və ümidvaram ki, gələnlər buradan xoş təəssüratla ayrılacaqlar”.

Çıxışlarda qeyd edilib ki, Günay tələbə adını daşıyandan öz sevimli peşəsi ilə daha şövqlə, böyük həvəslə məşğul olur. Müəllimlərdən, peşəkar sənətkarlardan aldığı biliklər, mənimsədiyi vərdişlər indi ona daha mühüm və ictimai əhəmiyyətli mövzularda əsərlər yaratmağa imkan verir. Belə olmasaydı, yaradıcılıq üçün o qədər də çox sayılmayan vaxt əvəzində bu qədər maraqlı, baxımlı rəsm əsərləri ortaya çıxara bilməzdi.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR