Slimfit
  1. AZƏRBAYCAN

Təhsildə neqativ halın qarşısı alındı - Direktor həbs edildi

Təhsildə neqativ  halın qarşısı alındı - Direktor  həbs  edildi
Sakura

Təhsildə neqativ halın qarşısı alındı - Direktor həbs edildi

Oğuz Peşə Məktəbinin direktorunun qanunsuz hərəkətləri barədə əldə edilmiş əməliyyat məlumatları əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Təhsil Nazirliyinin əməkdaşlarının iştirakı ilə birgə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Bu barədə Təhsil Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətindən AzEdu.az-a verilən birgə məlumatda bildirilib.

Rəsmi məlumata görə, bu tədbirlərlə Oğuz rayonu, Bayan kəndində yerləşən Oğuz Peşə Məktəbinin direktoru Azər Nəcməddinovun məktəbin digər işçiləri vasitəsilə peşə məktəbində təhsil alan şagirdlərin “Kapitalbank" ASC tərəfindən təqdim edilmiş plastik kartlarından istifadə etməklə, 2017-2019-cu illər ərzində onların aylıq təqaüdlərini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib:

“Fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılmasını təmin etmək məqsədilə A.Nəcməddinovun, baş usta İmdad İsmayılovun, baş mühasib və digər işçilərin xidməti otaqlarında, yardımçı sahələrdə, o cümlədən A.Nəcməddinovun yaşadığı rayonun Kərimli kəndində yerləşən evində məhkəmə qərarı ilə axtarış aparılmış, peşə məktəbinin şagirdlərinə məxsus 39 ədəd plastik kart, şagirdlər tərəfindən təhsil haqqı kimi ödənildiyi bildirilmiş 600 manat pul və iş üzrə digər əhəmiyyətli sənəd və əşyalar aşkar edilərək götürülüb”.

Bildirilib ki, istintaq zamanı toplanmış ilkin sübutlarla Azər Nəcməddinovun qeyd edilən qanunsuz hərəkətləri törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o şübhəli şəxs qismində tutulub:

“Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və qanuni mənafeləri pozulmuş şagirdlərin dairəsinin tam müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Təhsil Nazirliyi bu qəbildən olan qanunazidd hallarla üzləşən ölkə vətəndaşlarına müraciət edərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir”.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR