Təhsil sahəsində ciddi addımlar atılmalıdır - Millət vəkili
“Qanunlarımızda təhsillə bağlı gəlişigözəl çox şey yazıla bilər, ancaq ən acınacaqlı durum reallıqda qarşılaşdığımız ideyasız, hədəfsiz təhsil anlayışıdır”.
Redaktor.az xəbər verir ki, bunu deputat Fazil Mustafa bildirib.
O, qeyd edib ki, təhsil sahəsindəki boşluqların doldurulması üçün ciddi addımların atılması vacibdir:
“Bu, cəmiyyət üzvlərimizi ciddi şəkildə rahatsız etməlidir. Biz bu sahədə bütün boşluqları doldurmaq üçün vaxtında təşəbbüskarlığı artıraraq, mümkün faydalı variantları tapmalıyıq. Bildiyimiz kimi, Azərbaycanda Çağ Öyrətimə aid məktəblər Türkiyədən gələn tələblər üzündən bir neçə il öncə bağlandı. Bunlar yenicə yaradılmış “Türkiyə Maarif Vəqfi”nə verilsə də, əslində həmin qurum tərəfindən bu məktəb şəbəkəsini uğurla davam etdirilməsi mümkün olmadı. İndi həmin məktəblərin binaları bomboş qalıb və çox güman ki, lazımlı- lazımsız məqsədlər üçün hansısa qurumların istifadəsinə veriləcək. Təhsil Nazirliyimiz bu məktəbləri həm Bakı, həm də bölgələrdə “Türkiyə Dəyanət Vəqfi”nin sərəncamına verilməsinə çalışmalı, burada onların təhsil sistemi üzrə məktəb şəbəkəsi bərpa olunmalıdır.
Bu gün Azərbaycanda pulsuz təhsilin verildiyi ən səviyyəli məkanlardan biri Bakı Türk Litseyidir.
“Bu uğurlu təhsil alternativinin Azərbaycanda genişlənməsinin ciddi faydası ola bilər. Təkcə bu il 6-cı sinifə qəbulla bağlı bu litseyə nəzərdə tutulan 100 yerə 2000 şagird müsabiqə üçün müraciət edib və bunların da böyük əksəriyyəti yetərincə hazırlıqlı uşaqlardır. Demək ki, insanlar keyfiyyətli təhsil məkanı olaraq buranı seçməyi düşünürlər. Bu məktəb şəbəkəsinin bir neçə sayda Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Qubada yaradılması insanlarımız üçün faydalı təhsil alternativi olmazdımı? Çağ Öyrətimdə təhsil məbləği özəl məktəblərə uyğun olaraq qismən yüksək idi, ancaq Türkiyə Dəyanət Vəqfi bu təhsili pulsuz verirsə, daha imkansız ailələrin savadlı uşaqlarının bu imkandan yararlanması şansını nədən vətəndaşlarımıza verməyək? Türkiyə Dəyanət Vəqfi birbaşa Türkiyə dövlətinin tabeliyində olan bir qurumdur, Türkiyə də qardaş dövlətimizdir. Azərbaycan övladlarına təmənnasız, ödənişsiz təhsil vermək istəyirlər və bu təhsilin səviyyəsi də yüksəkdirsə, niyə bundan imtina etməliyik?.
Yeni tədris ilinin başlanmasına qədər Təhsil Nazirliyi tərəfindən cəsarətli addım atılmalıdır.
Hələ də bir neçə il öncə bağladılan Qafqaz Universitetinin infrastrukturuna və yüksək təhsil səviyyəsinə yetişəcək universitet formalaşdıra bilmədiksə, təhsildə boşluqlar yaranmasına səbəb olan eksperimentləri davam etdirməmizin bir anlamı qalırmı? Bu boş qalan məktəb binalarını təhsilimiz üçün istifadə etməmizdən yaxşı hansı seçim ola bilər? Bu gün rus dilində təhsilə yönəlmədə olan bir neçə dəfə artımın məhz Türk məktəblərinin bağlanmasından qaynaqlandığı kimsəyə sirr deyil ki? Azərbaycanda Türk məktəb şəbəkəsinə həm də bir taleyüklü strateji məsələ kimi baxmalıyıq. Öz məktəb sistemimiz arzulanan təhsil keyfiyyətinə tam cavab verə bilmirsə, özümüzə milli-mənəvi aspektdən yaxın olan bir sistemin genişlənməsinə şərait yaratmanın nəyi pisdir? Bu, həm də dövlətimizə daha sadiq və faydalı insan yetişdirən bir məktəb sistemidirsə, ən yaxın müttəfiqimiz, qardaşımız Türkiyə ilə bağlarımızı möhkəmlədən bir mexanizmdirsə, bizə digər alternativlərdən daha uyğunu deyilmi? Fikrimcə, yeni tədris ilinin başlanmasına qədər bu məsələdə Təhsil Nazirliyi tərəfindən cəsarətli addım atılması övladlarımızın aydın gələcəyi baxımından faydalı olardı”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət