Təhsil Nazirliyi “Ədəbiyyat” kitabında yer alan Mübariz İbrahimovla bağlı hekayəyə münasibət bildirib
Təhsil Nazirliyi 5-ci sinif “Ədəbiyyat” kitabında Milli Qəhrəman Mübariz İbrahimova həsr olunan “Qisas” adlı hekayədə onun intihar etməsi ilə bağlı yazılanlara münasibət bildirib.
Nazirlikdən “Report”un sorğusuna cavab olaraq qeyd olunub ki, yazıçı İbrahim Vahabovun qələmə aldığı əsər məzmun baxımından vətənpərvərlik və qəhrəmanlıq nümunələri ilə zəngindir.
“Eləcə də qəhrəmanın şəhidlik yolunu tutarkən keçirdiyi hiss və duyğular yüksək səviyyədə təsvir edilib. Bütün bunların ümumtəhsil müəssisələrində tərbiyə işinin təşkilində böyük rola malik olduğu nəzərə alınıb. Bununla belə, əsərin məzmunu, oradakı hadisələrin gedişatı ilə bağlı sualların yazıçının özünə ünvanlanması daha məqsədəuyğundur” - deyə Nazirliyin cavabında bildirilib.
Qeyd edək ki, son şəbəkələrdə həmin hissə M.İbrahimovun ruhuna təhqir kimi dəyərləndirilib. Çünki onun düşmənlə qeyri bərabər döyüşdə qəhrəmancasına şəhidlik zirvəsinə çatdığını və bu cür hekayələrin onun ruhuna hörmətsizlik olduğunu bildirirlər.
Xatırladaq ki, M.İbrahimov 2010-cu ildə ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət