Slimfit
  1. MƏDƏNİYYƏT

Tarixdə iz qoyanlar: Səhnəmizin dağıstanlısı

Tarixdə iz qoyanlar: Səhnəmizin dağıstanlısı
Sakura

Tarixdə iz qoyanlar: Səhnəmizin dağıstanlısı

Modern.az saytında “Tarixdə iz qoyanlar” rubrikasının növbəti yazısını təqdim edirik.

Rubrikamızda vaxtilə Azərbaycanda məşhur olmuş adlı-sanlı simalar barəsində arxivlərimizdə toz basmış materiallara işıq salınacaq. Tariximizdə iz qoymuş bu şəxslər bəlkə də yaşlı nəslin yadından çıxmayıb, amma orta və gənc nəsil onlar haqqında ya çox az bilir, ya da məlumatlı deyil.

Bu səbəbdən də arxivlərdə qorunan materialların dərc olunması kimlər üçünsə gərəkli sayıla bilər. 

Belə bir fikir var ki, artist yalnız başqalarının sözlərini əzbərləyir və xüsusi intonasiya ilə tamaşaçılara çatdırır. Əlbəttə, belə düşünməklə aktyor sənətinə ömrünü vermiş neçə-neçə unudulmaz sənətkara haqsızlıq etmiş olarıq. Aktyorluq xüsusi istedad, yüksək yaradıcılıq qabiliyyəti tələb edən bir sənətdir. XX əsr Azərbaycan teatr sənəti bu xüsusiyyətlərə malik olan neçə-neçə görkəmli səhnə ustaları ilə zəngin olub. Heç şübhəsiz ki, bu zənginlikdə unudulmaz sənətkar, Dövlət mükafatı laureatı, xalq artisti İsmayıl Dağıstanlının da payı var.

İsmayıl Yusif oğlu Hacıyev 6 yanvar 1907-ci ildə Qax rayonunun Zərnə kəndində muzdur ailəsində anadan olub. Uşaqlıq illərini bu səfalı kənddə keçirən İsmayılı atası aqronom görmək istəyirdi. Ancaq uşaqlıqdan artistliyə meyli və qabiliyyəti onu addım-addım öz istəyinə aparırdı. Onun aktyor yaradıcılığının ilk səhifələri Şəki ipək fabrikinin fəhlə dram dərnəyi ilə bağlı olub. Bakı Teatr Texnikumunda oxuduğu illərdə (1926-1930) gənc aktyora Moskva və Leninqraddan dəvət olunmuş teatr mütəxəssisləri ilə yanaşı, görkəmli dramaturq və pedaqoq Əbdürrəhim bəy Haqverdiyev də Azərbaycan dili və bədii qiraət fənlərindən dərs deyib. Elə “Dağıstanlı” adını da ona görkəmli ədib verib. 

Gənc İsmayıl təqaüdsüz oxuduğu üçün çox məşəqqətli günlər görmüşdü. Belə ki, dərsdən sonra dəmiryolunda yük daşıyaraq gündəlik xərcini çıxarır, gecələr isə “Təzə pir” məscidinin həyətində yatmalı olurdu. Lakin möhkəm iradə sahibi olan gənc aktyor gələcəyə ümidlə baxır, öz üzərində daim işləyirdi. Artıq İsmayıl Dağıstanlı birinci kursun sonundan Azərbaycan Dövlət Dram Teartında oynanılan tamaşalarda epizodik rollarda çıxış edirdi. Bu iş ona görkəmli sənətkarlarla tanışlığa çox böyük imkanlar yaradırdı. Texnikumu bitirdikdən sonra Dövlət Dram Teatrının səhnəsində ilk rolu Konstantin Trenyovun “Düşmənlər” (“Lübov Yarovaya”) dramında Koşkin obrazı olur. Bundan sonra gənc aktyora bir çox tamaşalarda məsul rollar tapşırılır.


Bu dövrdə gənc istedadın teatr sahəsində təşkilatçı və təbliğatçı kimi fəaliyyəti də diqqəti cəlb edir. Məhz onun böyük əməyi nəticəsində 1932-ci ildə Dərbənddə, 1936-cı ildə İrəvanda Azərbaycan dövlət dram teatrları yaradılır.


İsmayıl Dağıstanlı yarıməsrlik səhnə fəaliyyəti dövründə Dövlət Dram Teatrında tamaşaya qoyulmuş neçə-neçə Avropa, rus və eləcə də müasiri olduğu Azərbaycan dramaturqlarının əsərlərində yüzdən artıq bir-birindən rəngarəng və tutarlı rollar oynayıb. 
Təbii ki, bunların içində teatrsevərlərin yaddaşında həkk olunmuş obrazlar da var. 1936-cı ildə dahi rus dramaturqu A.N.Ostrovskinin “Günahsız müqəssirlər” dramı tamaşaya qoyuldu. Bu tamaşada İsmayıl Dağıstanlı Neznamov rolunda çıxış edirdi. Məlumdur ki, Neznamov rolunu o vaxta qədər bir çox aktyor ifa etmişdi. Lakin İsmayıl Dağıstanlı heç bir təqlidçiliyə yol verməyərək, valideynlərindən ayrı düşmüş bir əyalət artistinin ədalətsiz cəmiyyətə qarşı mübarizəsini özünəməxsus çalarlarla canlandırmışdı. Səhnə dostları, teatr tənqidçiləri və ədəbiyyat xadimləri illər keçsə də, görkəmli sənətkarın yaratdığı bu obrazı çox yüksək qiymətləndirirlər. 
Azərbaycanın qocaman yazıçısı, dramaturqu və ictimai xadimi Mirzə İbrahimov Dağıstanlının Neznamovu haqqında təxminən otuz il sonra belə yazırdı: “İsmayıl Dağıstanlı hələ gənc idi. İstedadı yeni-yeni səhnəmizdə işıq verməyə başlayırdı. Neznamov rolunda bu istedad birdən-birə bütün qüdrəti ilə özünü göstərdi. Onun qəlbindəki əbədiyyət işığı üzə çıxaraq minlərlə insanın ürəyini qeyri-adi bir sevinclə, hərarətlə, məhəbbətlə doldurdu. O zaman hamı inandı ki, Azərbaycan səhnəsinə yeni parlaq istedad gəlmişdir”.

Təbii ki, görkəmli səhnə ustasının həyat və yaradıcılığı Sovet hakimiyyəti illərinə təsadüf edir. O dövrdə bütün sahələrdə olduğu kimi, teatr yaradıcılığında da Sovet dövlət və partiya xadimlərinin obrazlarının yaradılması önə çəkilir, bu rolların oynanılması daha təcrübəli aktyorlara həvalə edilirdi. İsmayıl Dağıstanlının böyük səhnə ustalığı imkan verirdi ki, ona bu kimi obrazların yaradılması tapşırılsın. Peşəkar aktyor Kirov və Nərimanov surətlərini yaratmaqla yanaşı, neçə onilliklər Lenin obrazının da əvəzolunmaz mahir ifaçısı olmuşdu.

İ.Dağıstanlı kino sahəsində də özünü sınamağa nail olub. Bir neçə bədii filmə dəvət almış görkəmli səhnə ustası əsasən “Səbuhi” filmində Mirzə Fətəli Axundov rolu ilə yaddaşlarda qalıb. Bundan başqa, “Qara daşlar”, “Kölgələr sürünür”, “Koroğlu”, “Böyük dayaq” və digər bədii filmlərdə rol alıb.

              

Görkəmli aktyorun Azərbaycan teatr sənətinin inkişafında gördüyü işlər əvəzsiz qalmamış, dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, həm SSRİ, həm də Azərbaycan SSR-nin Dövlət mükafatı laureatı və Xalq artisti adına layiq görülmüş, orden və medallarla təltif olunmuşdu.

               
İ.Dağıstanlı 1 aprel 1980-ci ildə 73 yaşında vəfat edib.


İsmayıl Dağıstanlı çoxcəhətli yaradıcılıq xüsusiyyətlərinə malik bir aktyor kimi Azərbaycan dramaturgiyasının realist bünövrəsi üzərində yüksəlmişdi. O, əlvan sənətkarlıq boyaları ilə dramatik və faciəli rolların öhdəsindən bacarıqla gəlirdi. Əlbəttə, sənətindəki bu müvəffəqiyyətlərinin tək səbəbi  işində hər zaman gərgin və səmərəli axtarışları olub. Özünə qarşı hər zaman tələbkar olan unudulmaz aktyorun yaradıcılığında diqqətəlayiq cəhətlərdən biri də həyat eşqi, gənclik ehtirası və ictimai pafosun çox güclü olması idi.

               
O, hər gün teatra gəlir, bəzi tamaşalarda iştirak etməsə də, mütləq səhnəyə baş çəkirdi. Sənətinə olan vurğunluğu ona yeni zirvələrə yüksəlməkdə qol-qanad verirdi. Görkəmli sənətkar zamanın tələblərinə cavab verən sənət inciləri yaratmaq üçün daim çalışırdı.


İsmayıl Dağıstanlı yaradıcılıq ehtirası ilə yaşayan bir sənətkar olub. O, öz pərəstişkarlarını həmişə yeni obrazlar, aktyor tapıntıları ilə sevindirirdi. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən Mirzə İbrahimov unudulmaz teatr xadimi haqqında belə deyirdi: “Dağıstanlı səhnəmizin düşünən, nəzəri təfəkkürə malik olan yaradıcılarındandır”.


Bəli, səhnəmizin Dağıstanlısı məhz, bu kimi usta keyfiyyətlərinə görə Azərbaycan teatr salnaməsində  və teatrsevərlərin  yaddaşlarında hər zaman öz adını yaşadacaq...

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR