Slimfit
Tar
Sakura

Tar — Azərbaycan xalq musiqisinin ifasındə geniş istifadə edilən simli musiqi aləti

Söz açımı

Farsca "tar " sim deməkdir, sim mənsub olduğu musiqi aləti üçün dartılmış nazik "kəndir"-dir. Əsasən Abşeron zonasında işlənən "Tarım, tarum" (fel: taridən)sözü qədim Hind-avropa dilində tharagho - dartmaq sözündəndir. Həmçinin ilk hecasında olan uzanan saitə görə türk sözü deyil. Latın dilində də trahere - dartmaq feli olmuşdur və müasir dillərdə özünü italyan (tirare), fransız (tirer), ispan (tirar) kimi göstərir  Həmçinin altaist Sergey Starostin öz "Babil qülləsi" adlı etimoloji toplusunda "taram-/tera-" kökünün  (saç, yun, yundan hazırlanmış sap) türk və altay dillərində mövcud olduğunu göstərib, belə ki: qırğız, qazax, noğay, başqırd, qaraqalpaq dillərində "taramış" biçimində; özbək, uyğur, şor, oyrat dillərində isə "taram" kimi. "Tar" və "taram" sözləri "daramaq" (1. saç daramaq, 2. dağıtmaq) feilindən törəyib , necə ki "saç" sözü "saçmaq"dan (ətrafa yayılmaq, dağılmaq) əmələ gəlib. indi də var. Mənasından belə bir nəticə çıxarmaq olar ki, "tar" sözü "daramaq" deyil, "dartmaq" feilinin törəməsidir.

"Dütar" sözü farsca "ikitelli", "setar" - "üçtelli", "çahartar" - "dördtelli", "pənctar" - "beştelli", "şeştar" - "altıtelli" deməkdir. "Setar / sitara" sözü yunan dili vasitəsiylə ("kithara", "kifara" biçimində) Avropa dillərinə "gitara" kimi gəlib çatmışdır.

Tarixi

Əfrasiyab Bədəlbəyli yazırdı ki, Miladdan 2000 il öncə misirlilərin "Nabla" adlı musiqi aləti tarın ibtidai biçimidir. Başqa bir musiqiçi Abbasqulu Nəcəfzadə isə onun fikrinə qatılmır:

"nabla telli alət olsa da, quruluşuna, istifadə qaydalarına görə tardan çox fərqlənir. Misir ehramlarının divarlarında nabla alətinin cizgisi verilmişdir. Mənbələrdə nabla quruluşca gitaraya bənzədilir . Gitara sözünün ərəb mənşəli olduğu həmin mənbədə bildirilir. Bu aləti ərəblər XIII əsrdə İspaniyaya gətirmiş, oradan da bütün Avropaya yayılmışdır. Gitara ilə tarın tamam fərqli çalğı alətləri olduğu hər kəsə bəllidir.

Misirlilərin nablası ilk dəfə Carco şəhərinin Fərab adlı bir kəndində X əsrdə Türküstan türklərindən Tərxanın oğlu Məhəmməd Əbunəsr Fərabi tərəfindən təkmilləşdirilmişdir  Altıncı simi tara güneyazərbaycanlı Dərviş Xan əlavə etmişdir.

Nizami Gəncəvinin "İsgəndərnamə" əsərində şair tarı belə təsvir edir:

Müğənni, tək bircə gecə də çal tar, 
Məni bu dar yolda əzabdan qurtar!
Bəlkə, genişlənsin, açılsın yolum, 
Köçüm, bu daşlıqdan asudə olum...

Orta əsr rəsm əsərlərində də tarın təsvirinə rast gəlmək olur. 1816-cı ildə Əbu Qasım Təbrizinin yağlı boya ilə çəkdiyi "Tarçalan qız" əsəri bu baxımdan maraqlıdır.

Dütar, setar, çahartar, pənctar və şeştar kimi simli musiqi alətləri tarın müxtəlif növləri hesab edilir. Əbdülqadir Marağai "Məqasid əl-əlhan" əsərində şeştar (6 simli) barədə məlumat vermişdir.

XIX əsrin II yarısında Azərbaycanlı tarzən Mirzə Sadıq (Sadıqcan) tərəfindən tarın quruluş və formasında dəyişikliklər edilmişdir. O, tarın tutma qaydasında da dəyişikliklər edərək tarı diz üstündən sinəyə qaldırmışdır. Məhz onun təkmilləşdirdiyi Azərbaycan tarı Qafqazda və Orta Asiyada geniş yayılmışdır.

1922-1928-ci illərdə Azərbaycan Xalq Maarif Komissarı (AXMK) vəzifəsində çalışan, 1929-1931-ci illərdə isə “İnqilab və mədəniyyət” jurnalının redaktoru olmuş Mustafa Zəkəriyyə oğlu Quliyevin (1893-1938) tövsiyəsi və göstərişi ilə tar alətinin konservatoriyada tədrisi qadağan edilməli idi. Bu barədə “İnqilab və mədəniyyət” jurnalının “Xronika” səhifəsində “Tar konservatoriyadan çıxarıldı” başlıqlı məqalədə məlumat verilirdi:

“Azərbaycan Dövlət Konservatoriyasını qüvvətləndirmək məqsədilə AXMK bir çox qərar qəbul etmişdir. Bu qərarlara görə məcburi dərs kursu olan tarın öyrənilməsi konservatoriyanın bütün dərəcələrində tədris planından götürülür və konservatoriya yanında olan Şərq orkestrosu ləğv olunur. Tar ancaq cümə konservatoriyasında keçiləcəkdir”.

1929-cu il yanvar ayının 12-də Dadaş Bünyadzadə adına lət Türk Akademik Teatrosunda incəsənət və musiqi işçilərinin ümumi yığıncağı keçirilir. Bu yığıncağda Mustafa Quliyev Şərq musiqisi və tarın tədrisdən çıxarılması ilə bağlı məruzə edir.

Nə yaxşı ki, o dövrdə ölümün gözünə dik baxan bəzi ziyalılar (Üzeyir Hacıbəyov, Əfrasiyab Bədəlbəyli, Cəfər Cabbarlı, Mikayıl Müşfiq və b.), azlıq təşkil etsələr də, dövrü mətbuatda M. Quliyevin məlum məruzəsini tənqid etdilər.

Quruluş və forması

Quruluş və forma etibarı ilə başqa musiqi alətlərindən fərqli olan tar, əsasən, üç hissədən - çanaq, qol və kəllədən ibarətdir. Tarın çanaq hissəsi tutdan, qol və kəllə hissələri isə qoz ağacından hazırlanır. Onun uzunluğu 850 mm, çanağının hündürlüyü 16 mm, eni 185 mm-dir. Qoluna 22 pərdə bağlanır. Çanagının üzərinə mal ürəyinin pərdəsi çəkilir. Çanaq özü 2 hissədən - böyük və kiçik çanaqdan ibarətdir. Müxtəlif diametrli 11 metal simi vardır. Sümük ya ebonitdən hazırlanmış kiçik mizrabla dilləndirilir.

  • Simlər üç qrupa bölünür:
  1. Ağ, sarı və kök simlər (hər biri bir cütdür olur).
  2. Lal sim (tək qalın sim yalnız muğamlarda ifa olunur).
  3. Zəng simlər (cingənə; iki cüt olur).

Tar sinədə üfüqi tutulur, sağ əlin biləyi ilə çanaq hissəsi döşə sıxılır, simlər baş və şəhadət barmaqlarının arasında tutulmuş mizrab vasitəsi ilə ehtizaza gətirilir. Tarın qolu sol əlin baş və şəhadət barmaqları arasında sıxılır, sağ əlin ehtizaza gətirdiyi simlər sol əlin şəhadət, orta və adsız barmaqları ilə müxtəlif pərdələri sıxmaqla çalınır. İfa zamanı texniki və bədii imkanları təmin etmək üçün trel və müxtəlif mizrabvurma üsullarından, ştrixlərdən istifadə edilir. Üstmizrab, altmizrab, üst-altmizrab, alt-üstmizrab, rux (sağ-sol) mizrab, santurmizrab (üstaltüst) və digər ştrixlərdən əlavə, lal barmaq, dartma sim (vibrasiya), sürüşdürmə barmaq (qlissando) kimi ştrix və üsullardan da istifadə olunur. İfaçı mizrabı simə vuraraq tarı döşünə sıxmaqla səsi uzun müddət dalğalandırır. Alınmış bu fasilə zamanı yaranan effekt "xum" adlanır.

Tar üçün notlar "do" sistemli metsosoprano açarında yazılır. Tarın səs düzümü xromatik olub, 2,5 oktavanı əhatə edir. Diapazonu kiçik oktavanın "do" səsindən ikinci oktavanın "sol" səsinə kimidir.

Növləri

  • Bas tar (Bəm tar) - tarın ən aşağı registrə malik növü; qalın, bəm səsli simli-dartımlı musiqi aləti. XX əsrin 60 illərində musiqi kollektivlərində bas (bəm) səslərə olan ehtiyacı ödəmək üçün yaradılmışdır (Varid Fərzəlibəyov tərəfindən). Bas tarın quruluşuna görə tarın böyük formasıdır, mizrabı adi tar mizrabından iki dəfə böyükdür. Bir qayda olaraq, tarzənlər tərəfindən ifa olunur. Alətin notları bas açarında yazılır.
  • Çahartar - dördsimli tar, yarıya bölünmüş armudabənzər çanağı və uzun qolu olur. Simlərin ikisində əsas melodiya çalınır, digər iki simdən isə ahəngdar musiqi fonu yaratmaqdan ötrü istifadə edilir. İran musiqişünası Ruhulla Xaliqinin verdiyi bilgilərə görə , çahartarı Şah İsmayıl Xətainin atası Şeyx Heydər icad etmişdir. XVII əsr türk səyayətçisi Övliya Çələbi "Səyahətnamə" əsərində dövrünün ən tanınmış çahartarçalanı azərbaycanlı Muradağa Naxçıvanlının adını çəkir. Türkiyə sultanı IV Murad da M. Naxçıvanlını İstanbula köçürmüşdür.
  • Eksperimental tar - adi tarlardan o qədər fərqlənmir, əsasən çanağı üzərində deka (ağac üzlük) vurulması ilə diqqəti cəlb edir. Dekanın üzərində bəzəkli rezonator (gücləndirici) dəlikləri açılmışdır.

Azərbaycan tarı UNESKO-da

Azərbaycan tarı 2012-ci ildən bəri UNESCO-nun Bəşəriyyətin Toxunulmaz Mədəni İrsi Siyahısına daxil edilmişdir.

Tanınmış tarzənlər

  • Bəhram Mansurov
  • Elçin Həşimov
  • Elxan Mansurov
  • Əhməd Bakıxanov
  • Əhsən Dadaşov
  • Malik Mansurov
  • Məmmədağa Muradov
  • Məmmədxan Bakıxanov
  • Məşədi Cəmil Əmirov
  • Məşədi Zeynal Haqverdiyev
  • Mirzə Mansur Mansurov
  • Mirzə Sadıq
  • Nadir Mansurov
  • Ramiz Quliyev
  • Sərvər İbrahimov
  • Vamiq Məmmədəliyev
  • Varid Fərzəlibəyov
  • Zamiq Əliyev

Şəkillər

   Azərbaycan tarzəni Mirzə Sadıq
   Azərbaycan Respublikasının poçt markası
   Belarus Respublikasının poçt markası
   tarın sxematik quruluçu
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR