Tanınmış aparıcıdan örnək addım - “Aztəminatlı tələbənin təhsilhaqqını ödədi”
106.3 radiosunun tanınmış aparıcısı Raqif Raufoğlu Azərbaycan Dillər Universitetinin (ADU) maddi durumu zəif olan tələbəsinin təhsil haqqını ödəyib.
Modern.az-ın məlumatına görə, bu haqda informasiyanı ADU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahin Sərdarlı verib.
“Raqif bəy sentyabr ayında maddi durumu çox zəif olan tələbələrimizdən birinin təhsil haqqının yarımilini ödəmişdi, dünən də geridə qalan hissəsini ödədi.
Raqif bəyə və onun kimi belə örnək addımlarla seçilən dəyərli dostlarımıza minnətdaram!”.
Ş.Sərdarlı qeyd edib ki, ADU-nun daha bir tələbəsi ailə vəziyyətilə əlaqədar olaraq 2 illik təhsil haqqı ödənişini etməkdə problem yaşayır.
“Atası vəfat etdikdən sonra təhsilini dondurmağı qərara almışdı. Universitetimizdən təhsil haqqı ödəmək üçün vaxt aldıq, təhsilini dondurmağa icazə vermədik, ona görə ki, çox savadlı tələbələrdən biridir, ivrit dilini çox yaxşı səviyyədə bilir. Hazırda 4-cü kursdur, 3000 manat təhsil haqqı borcu yaranıb. Dostlarımızdan çox xahiş edirəm, daha bir tələbəmizin yüksək təhsilli və savadlı kadr kimi ölkəmizə töhfə verməsi üçün əlinizdən gələni əsirgəməyəsiniz”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət