Slimfit
  1. AZƏRBAYCAN

Şuşanın tarixi, tarixin Şuşası

Şuşanın tarixi, tarixin Şuşası
Sakura

Şuşanın tarixi, tarixin Şuşası

Bu şəhər haqda bəzi tarixi mənbələrdə nələr yazılıb?

“Mərhum xanın hüzurunda olan əmirlər onun işarəsilə belə məsləhət gördülər: "Nadir şah öldürüləndən sonra, Əliqulu xan və Əmir Aslan sərdarla aramızda dostluq əlaqəsi və məhəbbət rabitəsi möhkəm idi. İndi ola bilər ki, Qacar Məhəmmədhəsən xan bizimlə pis rəftar etsin, bizə qarşı ədavət və düşmənçilik yolunu tutsun. Ətraf xanlarından da xatircəmlik yoxdur və bu dövlətlə ürəkdən düşmən olan çoxdur. Ola bilər ki, Məhəmmədhəsən xanı təhrik etsinlər və ona qoşulub bizimlə müharibəyə girişsinlər. Ola bilsin ki, Qarabağın rəiyyət və elatı düşmən qoşunu atlarının ayaqları altında məhv olsun, Şahbulaq qalasının müdafiəyə tab və taqəti olmasın. Belə olan surətdə "hər bir hadisənin çarəsi qabaqcadan düşünülməlidir" misrasının məzmununca əqlə və vaxtın tələbinə münasib xətt-hərəkət budur ki, möhkəm bir yer və meydan tapıb orada şəhər və hasar binasını qoyaq, bürc və divar saldıraq. Düşmənin hücum və sədəməsindən arxayın olaq".

Yuxarıda işarə olunduğu kimi, Pənah xan Məlik Şahnəzərlə məsləhətləşdi. Onun məsləhəti və bələdçiliyilə Şuşa şəhərini bina etdi. Şəhərin bina olunacağı yerdə axar su və bulaq yox idi. İmtahan üçün bir neçə quyu qazdılar. O quyulardan su çıxandan sonra, 1170-ci ildə Şuşa şəhərinin binasını qoydular.

Şahbulağında sakin olanları, bir para kənd əhalisilə köçürüb buraya gətirdilər. Hər bir şəxsə yurd və yer verib xalqı sakit etdilər. Sonra Pənah xan öz ailəsi üçün uca imarətlər və geniş binalar saldırdı. Hünərli ustalar, sənət sahibi və iş bilən memarlar barı, hasar, bürc və divar çəkdilər. O divarlar bəzi yerlərdə indi də durur”.

(Mirzə Adıgözəl bəy, “Qarabağnamə”, 1845-ci il)

“Xan əmr elədi ki, hər ailədən bir kişi ərzaqla bərabər qalanın tikintisinə ayrılsın. Dağın başına bütün memarları da çağırdılar. Və onlar əlli qülləsi, beş min dirsək uzunluqda hasarı olan qalanı tikdilər”

(Mkrtçyan Ş.M. “Dağlıq Qarabağın tarixi memarlıq abidələri”, Yerevan, 1989)

***

“Şuşa şəhərinin adı türk sözü “şüşə”dən götürülüb. Bu haqda Platon Zubovun (rus çarı Yekaterinanın favoriti) rəyi var. O, Şuşanın əsasını qoyanların müasirləri ilə danışmaq imkanında olub və bizə tarixi faktı ötürmüşdür. Zubov bu sözləri 1834-cü ildə, yəni, Şuşanın tikilməsindən 82 il sonra demişdir. Qalanın və onun içində yerləşən Şuşa şəhərinin əsasını 18-ci əsrin ortalarında Cavanşir tayfasının başçısı Pənah xan qoymuşdur”

(Arakelyan A. “Qarabağ rus çarizminin işğalına qədər”, Moskva, Tarix dərgisi, “Pravda” nəşriyyatı, 1938, nömrə 2, səhifə 74)

***

“Şuşa – Yelizavetpol quberniyasında əyalət şəhəri. Dəniz səviyyəsindən 1368 metr yüksəkdə, Qarabağ silsiləsində, Zaqafqaziya dəmiryolunun Yevlax stansiyasından 105 kilometrdə yerləşir. Şuşanın iqlimi sərtdir, illik orta temperatur 8,8 dərəcə Selsi, orta illik yağıntı 639 mm. 25656 nəfər əhalisi var. Küçələr geniş, daşla döşənmişdir. Qafqazda ən böyük xalça istehsalı mərkəzidir. Şuşa xalçaları quberniyanın sərhədlərindən çox uzaqlarda, Moskva və Peterburqda satılır. Şəhərin əsası 1752-ci ildə Pənah Əli xan tərəfindən qoyulub, 1823-cü ilədək Qarabağ xanlığının mərkəzi olub”.

(Brokqauz və Efronun ensiklopedik lüğəti, Rusiya, Sankt-Peterburq, 1890-1907)

“Burada çoxlu musiqi var, Azərbaycanın başqa istənilən rayonundan çox musiqi var. Burada xalq mahnılarını, rəqsləri, müğənniləri, çalğıçıları eşitmək olar. Şuşa qədimdən musiqi mərkəzidir və bütün Qafqazda xalq musiqisi istedadlarının tükənməz bulağı, mənbəyi kimi şöhrət qazanıb. Şuşalı musiqiçilər Azərbaycan musiqi tarixini yaradıblar və onu nəinki vətənlərində, bütün Şərqdə təmsil ediblər”

(V.Vinoqradov, 1938, Moskva)

***

“Şahbulağı qalasında elə bir qüvvətli düşmənin və ətraf xanların qarşısında müqavimət göstərə bilməyib, bütünlüklə qırılarıq. Ona görə bu işin əlacını qabaqdan görmək lazımdır. Biz gərək dağların içində, möhkəm və keçilməz yerdə elə bir əbədi və sarsılmaz qala tikək ki, onu güclü düşmən belə mühasirə edə bilməsin. Qalanın bir tərəfi dağlarda olan ellərin üzünə daima açıq olmalı və mahallarla rabitəmiz, əlaqəmiz (bir an belə) kəsilməməlidir...

Şuşa qalasını tikmək qərarına gəldilər. Xanın bir neçə nəfər bilici və məlumatlı adamı gedib, qalanın yerini və ətrafını yoxladı. Qalanın içində iki-üç bulaqdan başqa axar su yox idi. Bu bulaqların suyu isə qala camaatına kifayət etməzdi. Ona görə, güman gələn yerlərdə quyu qazdırıb, müəyyən elədilər ki, buranın bir çox yerlərində su quyuları qazmaq mümkündür. Bu xəbəri mərhum Pənah xana çatdırdılar. Xan sevinərək, bir neçə nəfər öz yaxın adamı ilə buraya gəldi, yerlə tanış olub, əzmlə qalanın binasını qoydu.

İslam tarixi ilə 1170, xristian tarixi ilə 1754-cü ildə Şahbulağı qalasının sakinləri olan bütün rəiyyətləri - əyanın, məliklərin, mülazimlərin, ellərin və bir para kəndlərin kəndxudalarının ailələrini köçürüb, bu qalanın içində yerləşdirdi. O vaxta qədər burada yaşayış evləri yox idi...

Xalqı yerləşdirib, hamıya, xüsusilə özü üçün yurd və imarət müəyyən etdikdən sonra mahir ustalar, ağıllı işgüzar adamlarla qalanın hasarını çəkdirdi. Mərhum Pənah xanın tikdirdiyi hasar indi xarab olmuşdur. Yalnız bəzi yerlərdə divarın qalıqları görünür. Qalanın tikilişindən bir il keçdikdən sonra Ağa Məhəmməd şahın atası Məhəmmədhəsən xan Qacar İraq və Azərbaycan qoşunu ilə Şuşa qalasını almaq və mərhum Pənah xanı özünə tabe etmək məqsədilə Arazdan keçib qalanın dörd ağaclığında çadırlar qurdurdu. Mərhum Pənah xanı tabe etmək və beləliklə Şuşa qalasını ələ keçirmək üçün çox düşündü, tədbirlər tökdü. Bir ay orada oturdu. Lakin bu qədər çoxlu qoşun ilə qalaya yaxınlaşa bilmədi. Əksinə, Qarabağın qoçaq əhalisi Məhəmmədhəsən xan ordusunun at-qatırını və başqa mal-qarasını istər açıq, istərsə də gizli surətdə qarət edərək, onun qoşununa çoxlu ziyan vurdu”.

(Mirzə Camal Cavanşir Qarabaği, “Qarabağ tarixi”, 1847)

Şəkildə: “Şuşa şəhərindən bir görünüş” (müəllif ünlü rus rəssamı Vasili Vereşşaqin, 1865-ci il)

Hazırladı: Oğuz

 

Mənbə: Musavat.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR