Sürücülərlə növbəti maarifləndirici görüş keçirilib
Sentyabrın 21-də “Xaliq Faiqoğlu” şirkətində müntəzəm marşrut xətlərində sürücü vəzifəsində çalışanlarla növbəti maarifləndirici görüş keçirilib.
“Qafqazinfo” xəbər verir ki, şirkətin müasir istehsalat bazasında təşkil edilmiş tədbirdə 150-dən çox sürücü iştirak edib. Sürücülərə son vaxtlarda sərnişindaşıma sahəsində tətbiq edilən yeniliklər izah edilib, həmçinin qeydə alınan qayda pozuntuları, nəqliyyat vasitələrinin texniki xüsusiyyətləri və sair barəsində fikirlər bildirilib. Qeyd edilib ki, yeni dərs ilinin və iş mövsümünün başlaması, sərnişin axınının artması avtobus sürücülərinin məsuliyyətini daha da artırır və onların fəaliyyəti cəmiyyət tərəfindən qiymətləndirilir.
Görüşdə müxtəlif vaxtlarda yol verilən qayda pozuntularını və baş vermiş yol-nəqliyyat hadisələrini əks etdirən videosujet təqdim edilib.
Sürücülər qarşısında çıxış edən “Xaliq Faiqoğlu” şirkətinin baş direktoru Faiq Seyidov sərnişinlərlə daim ünsiyyətdə olan sürücülərə xidmət keyfiyyətinin daha da artırılması, nəzakət qaydalarına riayət edilməsi barədə fikirlərini bildirib.
Qeyd edilib ki, Bakı şəhərində nümunəvi sərnişindaşıma xidməti ilə daim seçilən “Xaliq Faiqoğlu” şirkəti sərnişinlərin rahatlığı və vaxtında ünvana çatdırılması üçün bundan sonrakı dövrlərdə də bütün qüvvəsi ilə çalışacaqdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət