Slimfit
  1. AZƏRBAYCAN

Sürücülərin əksəriyyəti təcili tibbi yardım maşınına yol vermək istəmir

Sürücülərin əksəriyyəti təcili tibbi yardım maşınına yol vermək istəmir
Sakura

Sürücülərin əksəriyyəti təcili tibbi yardım maşınına yol vermək istəmir

1881-ci il dekabrın 8-də Vyanadakı komediya teatrında 400 nəfərin iştirak etdiyi tamaşa zamanı böyük yanğın baş verib və çoxlu insan həyatını itirib. Həmin hadisə zamanı zərərçəkənlərə ilkin tibbi yardımın göstərilməsi zərurəti meydana çıxıb. O vaxtdan sonra yanğınsöndürən briqadanın tərkibində ilkin tibbi yardım göstərən həkim karetaları yaradılıb. İlkin tibbi yardım xidmətlərinin tarixi həmin vaxtdan başlayır.

Bu barədə AZƏRTAC-ın müxbirinə məlumat verən Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib:

-Bəzi ölkələrdə təcili tibbi yardım xidmətləri fövqəladə hallar və daxili işlər orqanlarının, eləcə də yanğınsöndürmə xidmətlərinin nəzdində, bəzi ölkələrdə isə müstəqil fəaliyyət göstərir. Azərbaycanda isə həmin xidmətin tarixi ötən əsrin 20-ci illərindən başlayır. O vaxt təcili yardım Nobel qardaşlarının ailə üzvlərinə tibbi yardım göstərmək məqsədilə yaradılıb. Sonralar Sabunçuda neft buruqlarında çalışan və istehsalat travmaları alan neftçi və fəhlələrin, eləcə də onların ailələrinin həyatını xilas etmək üçün bir həkim və iki akuşerdən ibarət tibbi yardım briqadası fəaliyyət göstərməyə başlayıb. Ötən bir əsrə yaxın müddətdə ilkin tibbi yardım xidməti çox böyük inkişaf yolu keçib. İndi Təcili Yardım Stansiyası xidməti ən müasir texnika və avadanlıqlara malikdir. Artıq ölkəmizin bütün rayon və şəhərlərində əhaliyə müasir səviyyədə ilkin tibbi xidmət göstərilir.

Bu yardım insan sağlamlığı üçün təhlükə yarandığı və tibb personalı tərəfindən yardım göstərilməyə zəruri ehtiyac olduğu zaman fəaliyyət göstərir. Huşsuzluq, koma, qanaxmalar, qıcolmalar, ürək və baş nahiyəsində ağrılar, cərəyanvurma, travma, zəhərlənmələr və müxtəlif qəzalar səbəbindən alınan zədələr zamanı təcili tibbi yardıma çox ehtiyac duyulur.

-Məsələn, deyək ki, qıcolmalar zamanı ilkin tibbi yardım nədən ibarət olmalıdır?

-İlk dəfə qıcolma müxtəlif səbəblərdən ola bilər: bu, həm ağır nevroloji və somatik xəstəlik nəticəsində, həm də mərkəzi sinir sistemində olan patoloji halın cavab reaksiyası kimi özünü büruzə verər. Yaxud hansısa kimyəvi elementin qəbulu zamanı mərkəzi sinir sisteminin cavabı kimi də qıcolma yaranması mümkündür. İlk növbədə, tutma zamanı ətrafda olanlar onun zədələnməsinin qarşısını almağa çalışmalı və xəstə daha təhlükəsiz yerə çıxarılmalıdır. Bəzən ağız boşluğuna qaşıq və ya əllə müdaxilə edərək xəstənin dilinin qatlanmamasına cəhd göstərirlər, çünki dişlər kilidlənəndə və çənədə tonus yüksələndə sonradan onu açmaq çətin olur. Qıcolma zamanı qanaxma və tənəffüs almağa mane törədən hal yoxdursa, xəstəni sərbəst buraxmaq lazımdır, çünki bir neçə dəqiqədən sonra proses ötüb keçir və xəstənin huşu özünə qayıdır. Digər hallarda, xüsusilə hansısa hadisə zamanı zədələnmələrdə qıcolma zamanı qanaxma varsa, ilk növbədə, onun qarşısını almaq, psixoloji sakitlik yaratmaq, bir növ təcrid etmək tələb olunur. Travmalar baş verəndə, xüsusilə avtoqəza zamanı onurğa beyinə xətər toxunmaması və iflic baş verməməsi üçün boyun yaxalığından istifadə olunmalıdır. Travma zamanı sınıqlar varsa, digər orqanların zədələnməməsi üçün zərərçəkən hərəkətsiz vəziyyətə gətirilməli və həkim yardımına qədər həmin vəziyyətdə saxlanılmalıdır. Qanaxma zamanı qapayıcı sarğıların köməyi ilə qan itirilməsinin qarşısını almaq və ya heç olmasa azaltmaq tələb olunur. Baş və sinə nahiyəsində şiddətli ağrı varsa, xəstəni üfüqi vəziyyətə gətirmək, spazmı götürmək üçün validol preparatı vermək məsləhətdir. Sonra isə əlbəttə ki, həkim dəvət edilməlidir.

-Dəm qazı ilə zəhərlənmə hallarında zərərçəkəni necə xilas etmək olar?

- Dəm qazı rəngsiz və iysiz təhlükə mənbəyidir. Ünvana gələn həkim onun əlamətlərini ehtimal edə bilər. Çox vaxt dəm qazından zəhərlənənin üz dərisinin qızarması və huşsuzluq baş verir. Həmin hal olduqda qapı-pəncərə açılmalı, zərərçəkənin yuxarı tənəffüs yolları təmizlənməli, sərbəst tənəffüsə mane olan səbəblər aradan qaldırılmalı, ağzında yad cisim olduqda isə barmaqla da olsa çıxarılmalıdır. Həkim gələndən sonra dəm qazının qandan xaric olunması üçün vena damarları daxilinə maye köçürülür. Təzyiqin normallaşması və orqanizmin müqavimətinin güclənməsi məqsədilə oksigen inqalyasiyaları olunur və dövr edən mayenin miqdarı artırılır.

-Digər zəhərlənmələr zamanı da təcili yardıma müraciətlər çox olur...

- Qida zəhərlənmələri, intihar və özünəqəsd səbəbindən kimyəvi element və çoxlu sayda dərman qəbulu zamanı da edilən müraciətlərlə tez-tez üzləşirik. Zəhərlənmə həm buxar, həm də qida vasitəsilə ola bilər. Ona görə də buxar zəhərlənməsi zamanı, ilk növbədə, həmin ocağı bağlamaq, havanı tənzimləmək lazımdır. Qida yolu ilə zəhərlənmə halları zamanı isə ilkin yardım mədənin yuyulması və qəbul edilmiş kimyəvi elementlərin xaric edilməsidir. Bundan əlavə, zərərçəkənə çoxlu maye içirmək, venadaxili mayelər köçürmək və zəhəri antidotlarla neytrallaşdırmaq lazımdır. Zəhərlənmənin ilk vaxtlarında qatıq içmək, aktiv kömür qəbul etmək də zərərçəkənin ağır vəziyyətdən çıxmasına kömək olur.

- Təcili yardım xidmətlərinin işində ən çox narazılıq doğuran məsələ çağırış yerinə gecikməkdir...

-Bakı şəhəri gündən-günə böyüyür, yeni prospektlər, küçələr salınır, evlər tikilir, yeni ünvanlar yaranır. Şəhərə xaricdən təşrif gətirən qonaqlar da kifayət qədər çoxalıb. Təəssüf ki, sakinlərin, eləcə də əcnəbilərin çoxu yaşadığı ünvanı dəqiq bilmir və ya həmin ünvana gedib çıxmağın ən qısa yolunu təcili yardım əməkdaşlarına başa salmaqda çətinlik çəkir. Nəticədə bəzən çağırılan ünvana dolanbac yollarla gedib çıxmaq və təzədən dəqiqləşdirmək lazım gəlir ki, bu da vaxt itkisi ilə nəticələnir.

Digər bir narahatlıq yollarla bağlıdır. Yollarda nəqliyyat sıxlığı və tıxaclar ünvana vaxtında yetişməyə maneə törədən ciddi səbəblərdən biridir. Məsələ heç də yolun hərəkət hissəsində zolaq ayrılması ilə bağlı deyil. Dünyanın əksər ölkələrində belə zolaq yoxdur, sadəcə, sürücülük mədəniyyətinin yüksəldilməsinə ehtiyac var. Sürücülərin əksəriyyəti təcili tibbi yardım maşınına yol vermək istəmir. Halbuki təcili yardım maşınının tələsdiyi ünvanda yol verməyənin yaxını, doğması da ola bilər...

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR