Sumqayıtlı gənclərdən nəcib təşəbbüs: “Təmiz sahil, sağlam həyat”
Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə “Təmiz sahil, sağlam həyat” devizi altında Sumqayıt Bulvarının dənizkənarı sahilində növbəti təmizlik aksiyası keçirilib. Aksiyada YAP Sumqayıt şəhər təşkilatının bir qrup fəalları, Sumqayıt Gənclər Evinin və Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin könüllüləri iştirak ediblər.
YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov AZƏRTAC-a bildirib ki, aksiya maarifləndirmə xarakteri daşımaqla yanaşı, şəhərin təmizliyinin qorumasında mühüm əhəmiyyət kəsb edir. İctimai dəstəyə nail olmaq məqsədilə təmizlik və yaşıllaşdırma işləri çərçivəsində iməciliklər keçirilməsi artıq şəhərdə ənənəvi hal alıb. Aksiyada toplanmış tullantılar məişət tullantıları poliqonuna daşınır. O, gənclərin bu təşəbbüsünün alqışa layiq olduğunu vurğulayaraq gələcəkdə bu kimi ictimai, sosial və ekoloji aksiyaların davam etdirilməsinin daim diqqətdə saxlanılacağını bildirib.
“Təmiz sahil, sağlam həyat” aksiyası zamanı ərazi ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənib. Toplanan məişət tullantıları xüsusi nəqliyyat vasitələri ilə ərazilərdən daşınıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət