Stavropolun Ticarət və Sənaye Palatası ilə ASK arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Rusiyanın Stavropol vilayətinin Ticarət və Sənaye Palatasının dəvəti ilə azərbaycanlı sahibkarlardan ibarət nümayəndə heyəti Stavropol şəhərinə səfər edib.
"Report" bu barədə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına istinadən xəbər verir.
Konfederasiyasının baş katibin müavini Fuad Hümbətovun rəhbərlik etdiyi nümayəndə heyətinə "Azersun Holdinq", Bakı Tekstil Fabriki, Sumqayıt Texnologiyalar Parkı, kənd təsərrüfatı məhsulları və alkoqol içkilər istehsal edən şirkətlərin nümayəndələri daxildir. Səfər çərçivəsində bu gün bölgənin iş adamları ilə b2b görüşlər keçirilib.
Stavropol vilayətinin Ticarət və Sənaye Palatası ilə ASK arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi ASK tərəfdən baş katibin müavini Fuad Hümbətov, digər tərəfdən isə Stavropol vilayətinin Ticarət və Sənaye Palatasının prezidenti Boris Obelenes imzalayıb. Digər əməkdaşlıq müqaviləsi isə ASK ilə Stavropol vilayətində Sahibkarlığa Dəstək Fondu arasında imzalanıb.
Stavropol vilayətində kənd təsərrüfatı, kimya sənayəsi, xüsusən kənd təsərrüfatı sahəsində istifadə olunan avadanlıqlar üçün ehtiyat hissələri, nişasta, azot, un və un məmulatları istehsal edən yerli şirkətlər Azərbaycan bazarına məhsullarını ixrac etmək üçün tərəfdaş axtardıqlarını bildiriblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət