Slimfit
  1. AZƏRBAYCAN

Sovet İttifaqında din: "Atam həmişə xəlvət namaz qılırdı"

Sovet İttifaqında din: "Atam həmişə xəlvət namaz qılırdı"
Sakura

Sovet İttifaqında din: "Atam həmişə xəlvət namaz qılırdı"

"Məhəmməd babam kəndin imamı olub. Repressiya dövründə şərlədilər. Stalinin şəklini çırıb qoyublar onun üstünə ki, kəndin imamı onun şəklini cırıb. Onu da aparıblar Bayıla. Deyirlər Bayılda ölüb, elə orda da basdırıblar", Ağdaşın Xosrov kəndindən olan Əfəndiyev Qoşqar deyir.

Onun ata-babası SSRİ-nin dinə qarşı apardığı sərt siyasətin qurbanı olan din xadimlərindən biridir və dediyinə görə, babasının məzarının yerindən bu günə qədər xəbərsizdir.

Dini fəaliyyətinə görə Sovet rejimində din xadimlərinin bir hissəsi yerindəcə güllələnib, bir hissəsi Qazaxıstan, Orta Asiyaya sürgün olunub, bəzilərinin isə mülkiyyəti əlindən alınıb.

Tarixçilər arxiv sənədləri əsasında yüzlərlə din xadimi və alimin harda və necə dünyasını dəyişməsi haqda məlumatın bilinmədiyini deyirlər.

Xəlvət namaz qılanlar

1905-ci ildə "Novaya jizn" qəzetinin 28-ci sayında Lenin yazırdı: "Sosialist proletariat partiyasına münasibətdə din şəxsi iş deyil. Biz kilsənin dövlətdən tamamilə ayrılmasını tələb edirik. Bizim təbliğata mütləq qaydada ateizmin təbliği də daxildir."

15 il sonra, SSRİ yaranan gündən dinə qarşı başlayan təbliğatın tərkib hissəsi olaraq divarlarda "Религия- яд береги ребят", (Din-zəhərdir uşaqlarını qoru) "Борьба против религии, Борьба за социализм" (Dinə qarşı mübarizə, sosializm uğrunda mübarizə) yazılı plakatlar peyda olur.

"Попы помогают капиталу и мешают рабочему. Прочь с дороги!" (Kahinlər kapitala yardım edir və işçiyə mane olur. Rədd ol yoldan!) kimi şüarlar hakimiyyətin din xadimləri, alimlərə qarşı barışmaz mövqeyini bir daha ortaya qoyur.

"Atam həmişə xəlvət namaz qılırdı, heç bizim yanımızda da qılmırdı ki, birdən uşaqdır çölə çıxardar", Sovet dönəmində Ağdaş rayonunda müəllim işləyən atasından danışan 80 yaşlı Solmaz Əfəndiyeva onun başına gələn hadisələrdən birini nəql edir.

"Oruc tutub gedirdi uşaqlara dərs deməyə. Dərsdə gəlib yoxlayırdılar ki, görək uşaqlara nə dərs keçir, dini sözlərlə uşaqların başını aldadırmı. Ürəyində əstağfurullah deyib, deyir ki, yox, etmirəm. Bütün uşaqlara su verəndə buna da verirlər, içir. Evdə anasına deyir ki, mənə bir qurtum su içirdilər. Anası o qədər ağlayıb ki, gözləri kor olub."

Solmaz xanımın dediyinə görə, dini dərslər rayonda ancaq gecələr keçirilirmiş. "Əsasnamə" adlanan dini dərslərdə oxuyanlar və müəllimlər bu fəaliyyətlərini gizlin, ancaq gecələr göstərirdi.

"Evdar qadınlar evdə namaz qılırdı. Görəndə ki, kimsə namaz qılır, iclas çağırırdılar. O da, heç kim boynuna götürmürdü", Solmaz xanım sözünə davam edir.

Allahsız vəsiqəsi

Solmaz xanım deyir ki, "Allahsız" vəsiqəsi hökumət işlərində işləyən məsul şəxslərə verilirdi

 

Anti-din siyasətinin tərkibi olaraq 1920-ci illərin əvvələrində dövlət dindən ayrılır və Allahsızlar Cəmiyyəti yaradılır.

"Bundan sonra kiminsə ağzı nə idi evində ərəb əlifbası ilə yazılan kitab saxlasın. Bəzən elə olurdu kitab nağıllar idi, əsgər gəlib gülləni başına çaxırdı", tarixci araşdırmaçı Anar İsgəndərov həmin dövrün tarixi mənzərisini təsvir edir.

Bir müddət sonra "Mübariz Allahsızlar İttifaqı"na çevrilən qurumun vəsiqələri vətəndaşlara paylanmağa başlanır.

Solmaz xanım deyir ki, "Allahsız" vəsiqəsi hökumət işlərində işləyən məsul şəxslərə verilirdi.

"Cibinə qoymağa baxma, bu yanda namazını qılırdı, Ramazan ayında orucunu tuturdu. Mənim qaynatama da təklif ediblər, amma deyib ki, dərimi soysasınız da dinimdən dönmərəm. Sonradan onu da tutub aparıblar".

Qaynatası həbs olunandan sonra, dediyinə görə, ona məxsus mülk hökumət hesabına keçirilir və evi idarəyə çevrilir. 2 yaşlı körpəsi və bir neçə uşağı ilə tək qalan həyat yoldaşına dövlət heç nə vermir və qadın qarğıdan daxma tikərək yaşamını davam etdirir.

Tarixçi Anar İsgəndərov deyir ki, 1920-1930-cu illərdə, dinlə bağlı problemlərin könüllülük və şüurluluq prinsipi əsasında həll edilməsini dəstəkləyən Nəriman Nərimanova qədər din sahəsində "müəyyən şeylər" var idi.

Lakin 20-ci illərin ortalarından sonra "namaz qılıram, Allahı tanıyıram, qəbul edirəm, Peyğəmbəri tanıyıram, məcsidə gedirəm" mövzuları tabuya çevrilir.

"Çünki onda onun nəslini gecə ilə aparacaqdılar. Kommunist dövləti nə deməkdir? Allahsızlıq deməkdir. Allahsız yerdə Allahdan necə danışmaq olardı?"

Qurtulanlar

Həmin dövrdə Ağdaşda yaşayan din xadimi Hüseyn Mümtaz canını rejimdən sağ qurtaranlardan olub.

Erməni üsyanına qarşı Qafqaz İslam Ordusunda döyüşmək üçün Azərbaycana gələn Hüseyn sonradan Ağdaşda azərbaycanlı qadınla ailə qurur və 1938-ci ilə qədər 20 kəndin mollası olur.

"Babamı camidə oxuduğu zaman tutdular apardılar Moskvaya. Orda onu bir aya qədər sorğu-sual etdilər ki, niyə camiyə insanları toplayırsan, insanlara niyə Quran oxudursan", oğlu İhsan Özköseli 6 yaşında baş verənləri 85 yaşında belə "indiki kimi xatırlayır".

"Gələndə dedi ki, Stalin dönəmində burda daha yaşanılmaz. Stalinin zülmünə dözə bilmədik, gəldik Karsa. Ordan [Ağdaşın Xosrov kəndindən] qopmazdıq, amma Stalinin hərəkətləri bizi ordan qopardı", İhsan Azərbaycana bir də 74 ildən sonra gəldiyini deyir.

Yumşalma

Sovetlərin dinə qarşı sərt münasibətinin yumşalması İkinci Dünya Müharibəsi dönəminə təsadüf edir. Din xadimlərinin müharibənin çətin vəziyyətində kömək imkanlarını hiss edən rəhbərlik faşizmə qarşı mübarzə üçün molların gücündən istifadə etməyə başlayır.

"1943 -cü ildə, ilk dəfə Stalin Tehran Konfransından qayıdanda Göy Məscidin açılışına icazə verdi. Ancaq Volqa tatarlarına. Sonra 1944-cü ildə Qafqaz Müsəlmaları İdarəsi yenidən bərpa olundu. O da necə bərpa olundu? Dini təbliğat getsin, ondan söhbət belə gedə bilməzdi. Yalnız faşizmə qarşı söhbətlər olurdu", araşdırmaçı-tarixçi Anar İsgəndərov deyir.

1980-ci illərdə Masallı rayonunun Goradigah kəndində dinə münasibəti təsvir edən hacı Mircəfər Eyyubov deyir ki, dinlə məşğul olan insanların rayon partiya sıralarına qoşulmaq, Kommunist partiyası üzvü olmaq, dövlət tədbirlərinə qatılmaq imkanları sıfır olsa da onlara kənddə problem yaranmırdı.

"Televizorda baxırdım və elə bunu eşidirdim, qolçomaqlar, mülkədarlar və mollalar; alverçilər, antipodlar və mollalar; rüşvətxorlar, müftəxorlar, bürokratlar və mollalar; mollalar axundlar, canilər. Ancaq bu sırada ifadələr işlədilirdi", Hacı Mircəfər din xadimlərinə münasibəti şərh edir.

"Əgər mən Sovet ədəbiyyatı ilə formalaşmış insan olsaydım mən gərək mollalığımı planetimizin ən böyük cinayəti, ən əskik işi kimi qəbul etməliydim. Amma mən oxuyurdum ki, məntiq bunu demir", din xadimi əlavə edir.

Dinə qarşı təbliğat aparan Sovetin repressiya qurbanları arasında Azərbaycanın bütün bölgələrindən, o cümlədən İrəvan, Borçalı mahalında fəaliyyət göstərən din xadimləri, axund və alimləri yer alır.

"SSRİ dağılandan sonra ən azından milli təhlükəsizlik arxivi onların qohumlarının üzünə açanda minlərlə insan MTN arxivi ilə tanış olub. Hərə özünün babasının, əmisinin sənədini ordan çxarıb", tarixçi Anar İsgəndərov qeyd edir.

Onun sözlərinə görə, Qafqaz Müsəlmaları İdarəsinin başçılığı ilə iki ildir yaradılan komissiya hazırda, məshəbindən asılı olmayaraq Sovet dönəmində repressiyaya məruz qalan din xadimləri haqda araşdırma aparır.

Komissiyada çalışan tarixçi deyir ki, arxiv sənədləri üzərində araşdırmalar yekunlaşdıqdan sonra nəticələr kitab halında ictimaiyyətə təqdim ediləcək.

 

Mənbə: BBC Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR