Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun 100 illik yubileyi qeyd edilib

Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun 100 illik yubileyi qeyd edilib
Sakura

Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun 100 illik yubileyi qeyd edilib

Müdafiə Nazirliyinin tədbirlər planına əsasən Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun 100 illik yubileyi münasibəti ilə Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə, ideoloji və mədəniyyət mərkəzlərində silsilə tədbirlər həyata keçirilir.

Ens.az xəbər verir ki,Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu bu gün Birinci Fəxri Xiyabana gedərək qəhrəmanın məzarını ziyarət edib, qarşısına qızılgül çələngi qoyub, qərənfillər düzüb və xatirəsini ehtiramla yad ediblər.

Xalqımızın qəhrəman sərkərdəsi haqqında “Fırtınalar qoynunda” və “Sonuncu mogikanın xatirələri” kitablarının müəllifi polkovnik Abdulla Qurbani M.Məhərrəmovun çətin və məşəqqətli həyatı, eləcə də şanlı döyüş yolu barədə məlumat verib. İstər xalqımızın ümummilli lideri Heydər Əliyev, istərsə də dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən onun xatirəsinin həmişə əziz tutulduğunu qeyd edib.

Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi, general-mayor Bəkir Orucov Məlik Məhərrəmovun Vətənə, xalqa həsr edilən 84 illik mənalı ömür yolunun bu gün də hər bir Vətən əsgəri üçün örnək olduğunu vurğulayıb. General bildirib ki, hələ ötən əsrin yetmişinci illərində istefada olan polkovnik Məlik Məhərrəmov Ulu Öndərimizin yaratdığı o vaxtlar analoqu olmayan ixtisaslaşdırılmış xüsusi orta məktəbin bir müddət rəisi olub və bu gün də haqqında xoş xatirələr söylənilir.

Respublika Müharibə, Əmək və Silahlı Qüvvəllər Veteranları Təşkilatı sədrinin müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru, polkovnik Cəlil Xəlilov ölkəmizin hərb tarixinə, sərkərdələrimizin, qəhrəmanlarımızın, şanlı döyüş ənənələrimizin təbliğinə xüsusi önəm verildiyini, Müdafiə Nazirliyinin şəxsi heyətin bu istiqamətdə tərbiyə olunmasında məqsədyönlü fəaliyyətini xüsusi vurğulayıb.

Sovet İtiffaqı Qəhrəmanı Məlik Məhərrəmovun qızı, pedaqoji elmlər namizədi, dosent Leyla Bayramova atalarına həm sağlığında, həm də ölümündən sonra göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə ailələri adından minnətdarlığını bildirib.

Sonra hərbi hissələrdən birinin klubunda “Həyatda qəhrəmanlığa həmişə yer var” devizi altında yubiley məraisimi keçirilib.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik A.Qurbani qəhrəmanın həyat və döyüş yolu barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Nəzərə çatdırılıb ki, Məlik Məhərrəmov 1920-ci il avqusutun 29-da Zərdab rayonunun Bıçaqçı kəndində anadan olub. O, 1936-cı ildə orada natamam orta təhsilini başa vuraraq, Bakıda Xalq Təsərrüfatı Texnikumunda oxuyub. 1939-cu ildə oranı bitirdikdən sonra isə keçmiş sovet ordusu sıralarına çağırılıb. 1942-ci ildə Rusiyanın Vladimir şəhərində hərbi məktəbi bitirib.

Məlik Məhərrəmov 1941-1945-ci illər müharibəsində Berlinədək şərəfli döyüş yolu keçib. Belorusiya, Ukrayna uğrundakı döyüşlərdə xüsusilə fərqlənib. Onun komandir olduğu bölük 1943-cü ilin payızında Dneprin keçilməsində böyük məharət göstərib. Həmin döyüş əməliyyatına görə Məlik Məhərrəmova və onun bölüyündən 17 nəfərə Sovet İttifaqı Qəhrəmanı adı verilib.

Bildirilib ki, M.Məhərrəmov müharibədən sonra atıcı divizayada tabor komandiri kimi xidmət edib. O, 1954-cü ildə Frunze adına Hərbi Akademiyanı bitirib, alayın qərargah rəisi vəzifəsində çalışıb.

Diqqətə çatdırılıb ki, M.Məhərrəmov 1966-cı ilə qədər Azərbaycan Respublikasının hərbi komissarlıq sistemində məsul vəzifələrdə xidmət edib, 1966-1973-cü illərdə isə indiki Bakı Dövlət Universitetində hərbi kafedranın rəisi olub. 1973-cü ildə ehtiyyata buraxılsa da, universitetdə fəaliyyətini davam etdirib.

Məlik Məhərrəmov müharibə illərində göstərdiyi hərbi məharətə, komandirlik bacarığına və igidliyinə görə o dövrdə ən yüksək qəhrəmanlıq adına - Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. SSRİ-nin bir sıra orden və medalları ilə təltif edilib. 1995-ci ildə yubileyi təntənəli surətdə qeyd edilib və müstəqil respublikamızın “Şöhrət” ordeni ilə təltif olunub.

Polkovnik A.Qurbani qəhrəmanımızla bağlı xatirələrini söyləyib və onun ömrünün son çağlarına kimi ölkəmizdə hərbi vətənpərvərliyin təbliği sahəsində çalışdığını, gənclərin orduya hazırlanmasında, Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının, döyüş qabiliyyətinin yüksəldilməsində səylərini əsirgəmədiyini minnətdarlıqla yada salıb.

Hərbi qulluqçulardan Zaur Həmidov, Namiq Cavadov, İlkin Qayıbov, Elçin Allahverdiyev, Əli Əsədov və başqaları çıxış edərək Azərbaycan əsgərinin ata və babalarımızın qəhrəmanlıq ənənələrini təkrar etməyə hər an hazır olduqlarını bildiriblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR