Təyyarə qəzasında həlak olan şəxslərin cənazələri bu gün ailələrinə təhvil veriləcək - Ədalət Həsənov
Təyyarə qəzasında həlak olan şəxslərin cənazələri bu gün ailələrinə təhvil veriləcək.
Ens.az Trend -ə istinadən xəbər verir ki, bunu bu gün Aktau yaxınlığında qəzada həlak olan ekipaj üzvlərinin və 21 sərnişinin nəşləri Bakıya gətiriləndən sonra Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin direktoru Ədalət Həsənov deyib.
"Qazaxıstanın Aktau şəhəri yaxınlığında məlum aviaqəza nəticəsində həlak olmuş soydaşlarımızın nəşi hal-hazırda vətənə gətirildi. Buradan vəfat etmiş şəxslərin nəşi xüsusi ayrılmış avtomobillərlə Birliyin şöbələrinə aparılacaq. Bunun üçün 3 şöbə ayrılıb. Şərifzadə küçəsində Patoloji Anatomiya Bürosu, Sabunçu rayonu şöbəsi və Nəsimi rayonu şöbəsi. Morqlarda vəfat etmiş şəxslər müayinə olunacaq, məhkəmə-tibbi ekspertiza aparılacaq, sonra ekspertiza rəyi tərtib edilərək Baş Prokurorluğun İstintaq İdarəsinə təhvil veriləcək. Sonra cənazələr dəfn ediləcəkləri ünvanlara aparıb çatdıracaq. Cənazələr bu gün ailələrə təhvil veriləcək", - o bildirib.
Xatırladaq ki, bu gün “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan 3 ekipaj üzvünün (pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva) və 21 sərnişinin nəşlərini Bakıya gətirilib.
Qeyd edək ki, daha öncə bu qəzada həlak olan 4 nəfərin nəşi və yaralanan 14 nəfər Bakıya gətirilib.
Xatırladaq ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət