Sosial şəbəkədə yayılan görüntülər sürücülərə baha başa gəldi - 500 manat cərimə
Xəbər verdiyimiz kimi, paytaxtda Bakı Nəqliyyat Agentliyinin cəriməsindən yayınmaq istəyən bəzi sürücülər maraqlı üsula əl atıblar.
"Yeni Sabah" xəbər verir ki, Bakıda avtomobilin dövlət qeydiyyat nişanlarını gizlədən sürücülər cərimələnib.
BNA-nın mətbuat katibi Mais Ağayev APA-nın sorğusuna cavabında bildirib ki, dayanma-durma qaydalarını pozaraq cərimədən yayınmaq məqsədi ilə avtomobilin dövlət qeydiyyat nişanının gizlədilməsi qanunaziddir: “Dəfələrlə sürücülər tərəfindən buna cəhdlər olub və dərhal müvafiq tədbirlər görülüb. Əsasən qanunsuz parklanmaya nəzarət kameraların olduğu ərazilərdə bu cür hallara rast gəlinir. Bu cür qanunaziddi əməllər aşkarlandıqda dərhal Dövlət Yol Polisinə məlumat verilir və həmin avtomobilin sürücüsü müəyyən edilərək barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun tədbir görülür. Sürücülər bilməlidirlər ki, onların bu hərəkətinə görə cərimə sanksiyası daha ağırdır. Bir daha sürücülərimizi yol hərəkəti qaydalarına o cümələdən də dayanma-durma və parklanma qaydalarına əməl etməyə çağırırıq”.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov APA-ya açıqlamasında bildirib ki, BNA-nın müraciəti əsasında 28 May küçəsində dövlət qeydiyat nişanını gizlədən 10-a yaxın sürücü cərimələnib.
V.Əsədov həmçinin qeyd edib ki, dövlət qeydiyyat nişanının gizlədilməsinə görə cərimə məbləği 500 manatdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət