Slimfit
  1. AZƏRBAYCAN

SOCAR: "Qarabağ" yatağında qiymətləndirici quyunun qazılması iki ay davam edəcək

SOCAR: "Qarabağ" yatağında qiymətləndirici quyunun qazılması iki ay davam edəcək
Sakura

SOCAR: "Qarabağ" yatağında qiymətləndirici quyunun qazılması iki ay davam edəcək

"Xəzərin Azərbaycan sektorunda yerləşən "Qarabağ" yatağına ilk qiymətləndirici quyunun qazılmasına yaxın günlərdə start veriləcək".

Bunu "APA-Economics"ə bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Qeyd edək ki, bu ilin martında "Caspian Drilling Company Ltd" (CDC) və "Equinor" ("Equinor Azerbaijan Karabagh BV") şirkətləri arasında qazma əməliyyatlarının aparılmasına dair müqavilə imzalanıb. Müqavilə şərtlərinə əsasən, "Equinor"un layihə əməliyyatçısı olduğu və SOCAR ilə birgə işlənməsi nəzərdə tutulan "Qarabağ" yatağında CDC tərəfindən iki quyu qazılacaq. "Equinor" və SOCAR "Qarabağ" yatağının işlənməsi üzrə layihədə bərabər paylarla yarı-yarıya iştirak edirlər.

İ. Əhmədovun sözlərinə görə, sözügedən yataqda quyunun qazılması CDC-nin balansında olan "Dədə Qorqud" yarımdalma qazma qurğusu vasitəsi ilə həyata keçiriləcək. Qurğu reaktivasiyadan sonra artıq "Qarabağ" yatağına göndərilib və qazma nöqtəsinə artıq çatmalı idi.

"Qazma prosesinin başlanmasının dəqiq tarixi hələ bəlli deyil, hər şey hava şəraitindən asılı olacaq. Yaxın vaxtlarda qazma işlərinə start veriləcəyi gözlənilir", - deyə SOCAR-ın rəsmisi qeyd edib.

O həmçinin bildirib ki, "Qarabağ"da quyunun qazılmasına təxmini iki ay vaxt tələb olunacaq: "Bundan sonra, ilkin planlara əsasən, qurğu "Aypara" perspektiv strukturuna yönəldiləcək".

Əlavə edək ki, qiymətləndirici quyunun qazılmasından sonra yataqda stasionar özülün quraşdırılması və həmin özüldən hasilatın başlanılması planlaşdırılır. Özülün dayaq blokunun inşaat işləri artıq SOCAR-ın “Bos Shelf” şirkəti tərəfindən başa çatdırılmaq üzrədir. Platformanın üst hissəsinin konsepsiyası müəyyən olunandan sonra onun da inşasına start veriləcək.

"Equinor" şirkəti (2018-ci ilədək "Statoil" – red.) Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir. Şirkət AÇG layihəsi üzrə 2049-cu ilə qədər uzadılmış Hasilatın Pay Bölgüsü Sazişinin (7,27%) və Bakı-Tbilisi-Ceyhan (8,71%) neft boru kəmərinin iştirakçısıdır.  30 may 2018-ci il tarixində SOCAR və "Equinor" arasında "Xəzər dənizinin Azərbaycan sektorunda "Qarabağ" neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti" və "Xəzər dənizinin Azərbaycan sektorunda "Əşrəfi-Dan Ulduzu-Aypara" sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü" sazişləri imzalanıb.

Xatırladaq ki, "Qarabağ" perspektivli dəniz strukturu kimi 1959-cu ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib, 1984-cü ildə dəqiqləşdirilib, 1997-1998-ci illərdə kəşfiyyat qazması ilə strukturun neft-qazlılığı təsdiqlənmişdir. Yataq Bakıdan şərq istiqamətdə 120 kilometr aralıda, açıq dənizin 150-200 metr dərinliyində yerləşir. "Dan Ulduzu" və "Əşrəfi" perspektiv strukturları Xəzər dənizində, Bakıdan şimal-şərqə doğru 100-110 kilometr məsafədə yerləşir. Burada dənizin dərinliyi 80-180 metrdir. 1980-ci ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilən "Aypara" sahəsi isə Bakıdan 90 kilometr şimal-şərqdə yerləşir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR