Şirvan Milli Parkında əməliyyat: Cinayətkarların yaxalanmasının ANBAAN VİDEOSU
Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəyə buraxılmasının qarşının alınması istiqamətində növbəti əməliyyat həyata keçirilib.
Ens.Az-ın məlumatına əsasən,bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, idarəyə xidməti ərazi olan Şirvan Milli Parkında naməlum şəxslərin ölkəyə satış məqsədi ilə göndərilən narkotikləri qəbul edəcəkləri barədə əməliyyat məlumatı daxil olub. Dərhal qeyd edilən ərazi su polisləri tərəfindən nəzarətə götürülüb. Bir müddətdən sonra əvvəlcədən təyin edilən koordinatın yerini xüsusi texniki avadanlıqla müəyyən edərək həmin ünvana yaxınlaşan naməlum şəxslər narkotik vasitələri əldə edib uzaqlaşmaq istəyən zaman su polisləri tərəfindən saxlanılıblar.
Araşdırmalar zamanı onların əvvəllər məhkum olunmuş Akif Şahbazov, Bəhram Səlimov, Elnur İmanov və Həsənqulu Axundov olduqları müəyyən edilib. Sonuncunun idarə etdiyi avtomobilə baxış zamanı nəqliyyat vasitəsinin yük yerindən 10 kiloqrama yaxın, o cümlədən 5 kiloqram 93 qram tiryək, 4 kiloqram 625 qram marixuana və beş min ədəd psixotrop tərkibli metadon həbi aşkar edilib. Saxlanılan şəxslər təkzibedilməz faktlar qarşısında törətdikləri cinayəti etiraf ediblər.
Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Həmçinin vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin (012) 433-38-12 və (012) 433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət