Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Sinəsini güllə qabağına verən şəhid xanımlarımız

Sinəsini güllə qabağına verən şəhid xanımlarımız
Sakura

Sinəsini güllə qabağına verən şəhid xanımlarımız

Sinəsini güllə qabağına verən şəhid xanımlarımız 

Bu gün Beynəlxalq Qadınlar Günüdür. Azərbaycan qadınları müxtəlif sahələrdə özlərini sübut ediblər, o cümlədən hərb meydanında da.

Oxu.Az Birinci və İkinci Qarabağ müharibəsində şəhid olan xanımların xatirəsini anır və onlardan üçünün həyat hekayəsini təqdim edir.

Qaratel Hacımahmudova – kəşfiyyatçı

Q.Hacımahmudova 1948-ci ildə Qazaxın Aşağı Əskipara kəndində anadan olub.

O, 1962-ci -ci ildə Aşağı Əskipara kənd orta məktəbini bitirib və Bakı Ticarət Texnikumuna daxil olub. 1970-1975-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. 1976-1991-ci illərdə Neft Kəşfiyyatı İdarəsində işləyib. Qaratel Hacımahmudova həm də Azərbaycan Milli Azadlıq Hərəkatının fəallarından olub.

O, Birinci Qarabağ Müharibəsinin iştirakçısıdır. Onun döyüşlərə qatılmasının tarixçəsi qardaşı ilə əlaqədardır.

1990-cı ildə kiçik qardaşı Hümbət Qaratel Hacımahmudovaya Qarabağa gedəcəyini deyir. Hacımahmudova qardaşına Aşağı Əskiparada müharibə getdiyindən, ona ora getməyi məsləhət görür. Hümbət Qarabağ döyüşlərinə yollanır. Qaratel isə öz kəndlərinə gəlir və cavanlardan ibarət könüllü özünümüdafiə dəstəsinə qoşulur.

O, döyüşçülərin yeməyini bişirir və paltarlarını yuyur. Yemək çatmayanda, gedib bağlardan göy-göyərti yığıb bişirir ki, döyüşçülər ac qalmasın. Qaratel Hacımahmudova həm də Azərbaycan döyüşçüləri ilə birgə səngərdə döyüşür. 1992-ci il iyunun 8-də ermənilər güclü hücuma keçirlər. O, hərəyə bir avtomat və ümumi 2 ədəd qumbaraatan verilən 28 nəfərlik dəstədə döyüşür. Bütün çətinliklərə baxmayaraq, dəstə ermənilərin hücumunu dəf edə bilir.  

1992-ci ilin iyunun 14-də səhər tezdən ermənilər növbəti güclü hücuma keçirlər. O, komandir Yaşar Qasımovun tağımında döyüşür. Tağım Fələməz adlanan mövqedə hər tərəfdən top və tank atəşinə tutulur. Qaratel Hacımahmudova komandirin çətin tapşırığını yerinə yetirir. O, başqa səngərdən qumbaraatan mərmisini gətirir.

Düşmənlə Azərbaycan döyüşçülərinin qüvvəsi qeyri-bərabər olduğundan, hər an vəziyyət pisləşə bilərdi. Komandir Qasımov Hacımahmudovaya səngəri tərk etməsini, hətta kənddən çıxmasını əmr edir. Lakin o geri çəkilmir, arabir mövqeyini dəyişirdi. O, döyüşçü Mərdan Əsgərovla döyüşürdü. Bu son döyüşün şahidi kənd ağsaqqalı Vəli kişi də onların yanında olur, ermənilər onu əsir götürürlər.

Ermənilər Qaratel Hacımahmudovanın başına pul qoymuşdu. O, həmişə özü ilə köynəyinin yaxalığında zəhər gəzdirərdi. Qaratel Hacımahmudova düşmən əlinə sağ keçməmək üçün üzərində gəzdirdiyi zəhəri içdikdən sonra güllə ilə özünü vurur. Komandir Yaşar Qasımovun sözlərinə görə, o uzaqdan Hacımahmudovanın bərkdən qışqırtısını eşidir. Ermənilər onunla bərabər həlak olmuş Alıyev Alı, Əsgərov Mərdan, Əmiraslanov Şəmistanın meyitlərini də götürüb aparırlar.  

Həmin ilin iyunun 26-da cəsədlər və əsir düşmüş kənd sakini Vəli Namazov erməni girovlarla dəyişdirilir.  

Q.Hacımahmudova “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.

Digər qəhrəman Azərbaycan xanımı isə jurnalist Salatın Əsgərovadır 

Salatın Əsgərova 16 dekabr 1961-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, 1979-cu ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. 1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alan Salatın Əsgərova jurnalistika sahəsinə böyük maraq göstərib.

Nəticədə, 1984-cü ildə müqavilə ilə “Bakı” qəzetində, dörd il sonra isə “Azərbaycan Gəncləri” qəzetində işləməyə başlayıb. Salatın Əsgərovanın toxunduğu məsələlər Azərbaycan torpaqlarının bütövlüyü ilə bağlı idi. Salatın tez-tez cəbhə xəttinə gedər, qaynar nöqtələrdən operativ materiallar hazırlayardı. 

Onun sonuncu yazısı Xocalıdakı xüsusi təyinatlı polis dəstəsinin fəaliyyətindən, çətin döyüş əməliyyatlarından bəhs edən “OMONçular” olub.

1991-ci il yanvarın 9-da içində Salatın Əsgərovanın da olduğu maşın erməni terrorçuları tərəfindən Qaladərəsi kəndi yaxınlığında mühasirəyə düşüb. Maşın yaxın məsafədən şiddətli atəşə tutulub. Nəticədə, Salatın Əsgərova amansızcasına qətlə yetirilib.

O, Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

Salatın Əsgərova 6 noyabr 1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Qəhrəman xanımlarımızdan biri də İkinci Qarabağ Müharibəsində şəhid olan Arəstə Baxışovadır.

Arəstə Baxışova 1989-cu ilin mayın 4-də Xaçmazın Qımılqışlad kəndində anadan olub.

O, Azərbaycan Dövlət Pedaqoji Kolecində “İngilis dili” üzrə təhsil alıb.

Arəstə Baxışova Silahlı Qüvvələrin Hospitalında tibbi statist vəzifəsində, daha sonra isə Beyləqanda yerləşən “N” saylı hərbi hissədə çalışıb.

Azərbaycan Ordsunun çavuşu olan hərbi tibb qulluqçusu Arəstə Baxışova Vətən müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb. O, oktyabrın 23-də Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olub.

Arəstə Baxışova ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR