Dinləyin… Səssizliyin səsini dinləyin…
Hamımız səs-küylə dolu həyat yaşayırıq. Bəs, tam səssizliyə düşsək necə, nələr hiss edərik?
Tıxac gurultusu, yüksək siqnal səsləri, hündür tonlu dialoqlar, mobil telefonların bildiriş mesajları - bunlar bəzən elə bezdirici olur ki.
Buna baxmayaraq biz səssizliyi, adətən, təklik, narahatlıq və hətta hüzn olaraq qiymətləndiririk.
"Gurultu dövründə yaşayırıq. Səssizlik az qala əlçatmaz bir şeyə çevrilib", filosof və macəraçı Erling Kagge deyir. Səssizliyin gücünü araşdıran Erlinq şimal və cənub qütblərində olmuş, Everest dağının zirvəsinə qalxmış ilk şəxsdir.
Nə üçün insanın səssizliyə ehtiyacı var? Necə oldu ki, o bizdən bu qədər uzaqlaşdı?
Daha bir vacib sual: onu necə geri qaytara bilərik?
Səssizlik "bu an"ı yaşadır
Erling deyir ki, "indiyə qədər getdiyim yerlərin ən səssizi Antarktikadır. Mən bir parçası olduğum dünya haqqında orada daha çox düşünə bildim".
Antraktikadakı səssizliyin "o anı" hiss etməyə necə kömək etdiyini Erling belə təsvir edir.
"Nə darıxdım, nə də narahat oldum. Düşüncələrimlə tək qalmışdım, öz həyatımın içindəydim və ancaq öz həyatımı düşünürdüm".
Buzla örtülmüş uzaq bir əraziyə istədiyimiz vaxt getməyimiz mümkün deyil, amma bir müddət səssiz yerə (məsələn, səssiz bağa, yataq otağına və ya hətta tualet otağına) çəkilməyimiz ətraf dünyadan ayrılıb özümüzlə yenidən əlaqə qurmağımıza yardım edə bilər.
Erling inanır ki, cəhd etsək, hamımız "daxili səssizliyimizə" qovuşa bilərik. O, duşun altında ayaq üstə durmağın, içində alov şölələnən kaminin yanında oturmağın, meşədəki göldə üzməyin, ya da boş bir ərazidə gəzməyin rahatlıq üçün möhtəşəm fürsət olduğunu düşünür.
Səssizlik düşünmək fürsəti yaradır
Erling vurğulayır ki, səssizlik yeni fikirlər "istehsal etmək" üçün əla fürsətdir. Filosofun dediklərini elm də təsdiqləyir.
Elm deyir ki, səsin stimullaşdırıcı təsiri olmadan da beynimiz aktiv və dinamik olaraq qala bilir.
Washington Universitetinin nevrologiya mütəxəssislərinin 2001-ci ildə apardığı araşdırmanın nəticələri göstərib ki, "dincəlmə" durumunda olan beyin işləməyə, fasiləsiz olaraq aldığı məlumatları dərk etməyə və dəyərləndirməyə davam edə bilir.
Bu vəziyyət diqqətimizin şəxsən özümüzə fokuslanmasına da yardım edir. Səssizlik düşüncələrə dalmaq fürsəti də yaradır.
Səssizlik - söhbətin ən önəmli hissəsi
Sükut etməyin əhəmiyyətini maraqlı bir söhbət və ya qızğın bir müzakirə əsnasında xatırlamaq çətindir, halbuki hər hansı polemikada zaman-zaman susmağı bacarmaq nəticəyə təsir edən ən təsirli vasitədir.
Pauzalar daha sakit və daha ağıllı danışmaq imkanı verir, bu isə o deməkdir ki, söhbətlər-müzakirələr zamanı heç bir işə yaramayan emosiya püskürməsiylə normal davranış arasındakı fərqi məhz səssizlik yaradır.
Leonardo da Vinçi də hesab edirdi ki, insanın nüfuzunu artıran ən güclü "silah" səssizlikdir.
Səssizlik mübahisələrdə qalib gəlməyimizə yardım etməklə yanaşı, münasibətlərimizin keyfiyyətinə də müsbət təsir göstərir.
Səssiz qalmaqla özümüzə daha çox dincəlmək, başqalarına daha çox paylaşmaq şansı vermiş oluruq.
Səssizlik beyni inkişaf etdirir
2013-cü ildə bioloq İmke Kriste səsin siçan beyninə təsirini öyrənmək üçün təcrübə aparıb və heyrətedici nəticələr əldə edib. Məlum olub ki, səslər siçanların beynində qalıcı təsir buraxmır, amma gündə 2 saat səssizlik vacib yaddaş hüceyrələrinin yaranmasına səbəb olur.
Doğrudur, bu yeni hüceyrələrin sağlamlığa faydası yoxdur, amma onlar funksional sinir hüceyrələrinə çevrilirlər.
Bu əlaqəni insan beynində də qurmaq mümkün olsa, şizofreniya və depressiya kimi xəstəliklərin müalicəsində səssizlikdən istifadə edilə bilər.
Səssizlik - sosial mediaya qarşı antidot
Erling deyir ki, özümüzdə həyatdan məmnunluq hissi yaratmaq üçün biz gün ərzində təkrar-təkrar telefonlarımıza baxırıq.
"Ancaq bu hiss yaranmır, əvəzində sosial media beynimizdə gurultu yaradır, bizə əlavə qayğılar və mənfi hisslər yükləyir.
Bəli, siz sosial şəbəkələrə çox vaxt sərf edə bilərsiniz, amma bu sizi xoşbəxt etməyəcək. Səssizlik bunun tam tərsidir, səssiz qaldığınız müddətdə siz görməli olduğunuz işlərlə bütünləşirsiniz, həyatı başqa insanlar vasitəsilə yaşamırsınız".
Bu, müasir insanlara qorxunc görünə bilər, amma çox vacibdir - hər gün sosial mediadan bir neçə saat uzaq durmaq lazımdır. Bunun heç bir zərəri yoxdur.
Telefonlarınızdan bütün gün ərzində uzaq dura bilənə qədər onları az vaxt ərzində kənara qoymağa başlaya bilərsiniz. Səs siqnallarından vaz keçməniz də əsəblərinizə müsbət təsir edər.
Səssizlik stresi azaldır
Florence Nightingale hesab edir ki, "Lazımsız səs istər xəstə, istərsə də sağlam insana edə biləcəyiniz ən böyük zalımlıqdır".
O, lazımsız səslərin sağalmaqda olan xəstədə stres yarada biləcəyini və yuxusuzluğa səsəb olacağını deyir.
Aparılan araşdırmalar da bu fikri təsdiqləyib, məlum olub ki, gurultu stres yaradan səbəblərdən biridir və xroniki səslə qan təzyiqi arasında birbaşa əlaqə var.
Səs dalğalarının yaratdığı duyğular və xatirələr badamcıqları hərəkətə gətirir və bu, stres hormonlarının ifrazına gətirib çıxarır, proses hətta yuxu saatlarında da davam edə bilir.
Ancaq səssizlik insana tamam başqa cür tərsir edir - beynin və vücudun gərginliyini azaldır.
"Heart" ("Ürək") jurnalında dərc edilmiş bir araşdırmanın nəticələrinə görə, 2 dəqiqəlik səssizlik insanı rahatlaşdırıcı musiqidən daha çox sakitləşdirir.
Bəlkə də musiqinin səsini kəsmək vaxtıdır…
Mənbə: BBC.com
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət