Sertifikatların elektron qaydada verilməsinə dəyişiklik edilib
Nazirlər Kabineti “Sertifikat xidmətlərinin göstərilməsi, sertifikatın verilməsi və reyestrin aparılması Qaydaları”nda dəyişiklik edib.
Xeberler.az bildirir ki, bu Qaydalar sertifikat xidmətləri mərkəzlərinin fəaliyyətinin təşkili, o cümlədən sertifikat xidmətlərinin göstərilməsi, sertifikatların verilməsi və onların reyestrinin aparılması qaydalarını tənzimləyir.
Bu Qaydalar Azərbaycan Respublikasında fəaliyyət göstərən sertifikat xidmətləri mərkəzlərinin və akkreditə edilmiş sertifikat xidmətləri mərkəzlərinin fəaliyyətinə şamil edilir. Korporativ informasiya sisteminə xidmət edən mərkəzlərin fəaliyyəti “Elektron imza və elektron sənəd haqqında” qanunun tələbləri nəzərə alınmaqla, sistemin daxili normativ sənədləri ilə tənzimlənir.
Qüvvədə olan Qaydaya əsasən, təqdim olunmuş sənədlər düzgün olduqda, müraciət etmiş şəxslə Mərkəz arasında yazılı müqavilə bağlanılıb və ona sertifikat verilib, əks halda isə Mərkəz sertifikatın verilməsindən imtina edib. Dəyişikliyə əsasən, müqavilənin yalnız yazılı formada bağlanması tələbi ləğv olunub. Hazırlanmış sertifikat kağız daşıyıcıda və ya elektron formada imza sahibinə təqdim ediləcək.
İndiyə qədər kağız daşıyıcıdakı sertifikat Mərkəzin rəsmi blankında 2 nüsxədə tərtib edilib, səlahiyyətli şəxsin imzası ilə və möhürlə təsdiq olunub. Kağız daşıyıcıdakı sertifikatlar imza sahibi tərəfindən imzalandıqdan sonra bir nüsxəsi Mərkəzə qaytarılıb. Dəyişikliyə əsasən, bundan sonra imza sahibi sertifikatı kağız daşıyıcısında istədikdə, sertifikat Mərkəzin rəsmi blankında 1 nüsxədə tərtib edilir və imza sahibi tərəfindən imzalanacaq, Mərkəzin səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiq olunaraq imza sahibinə təqdim ediləcək. Elektron formada verilən sertifikat Mərkəzin gücləndirilmiş imzası ilə təsdiq ediləcək və imza sahibinin ərizəsində qeyd olunan elektron poçt ünvanına və ya Mərkəzin elektron informasiya sistemində imza sahibi üçün yaradılmış elektron qutusuna göndəriləcək. İmza sahibi sertifikatın qüvvədə olma müddəti başa çatanadək, yeni sertifikatın alınması üçün Mərkəzə elektron müraciət edə bilər
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət