Sənətçilərin dünyasını vaxtsız dəyişmiş sənətçi övladları
Səhnə, sənət həyatı, daim üzdə, insanların gözü önündə olmaq heç də xoşbəxtlik demək deyil...
Bu həyat həm də vaxtsız, zamansız və amansız sınaqlar ilə üz-üzə qalmaq, acıların ən acısını yaşamaqdır...
Bu həyatın şirinliyi, şöhrəti, parıltısı kimi, acısı, ağrısı, göz yaşları da var...
Bu həyatda ailələrin dağılmasından, talelərin param-parça olmasından tutmuş, övlad acısını yaşamaq, taleyin, həyatın ən ağır sınağına məruz qalmaq və onu çiyinlərində yaşamaq da var...
Odur ki, Oxu.Az bu dəfə yaşlarının, sənətlərinin ən gözəl vaxtlarında fani dünya ilə vidalaşmış, dünyalarını erkən dəyişmiş sənətçilərin sənətçi övladlarının taleyindən bəhs edəcək...
Vəfa Fətullayeva...
Ötən əsrin 70-ci illərinin sonları, 80-ci illərinin əvvəllərində sənət ulduzu parlamış, həm istedadı, həm də gözəlliyi ilə qəlblər, gözlər oxşamış Vəfa Fətullayeva...
Tamaşaçıların, geniş izləyici kütləsinin rəğbətini qazanmış “Alov”, “Atayevlər ailəsi”, “Manhı dağlarda qaldı”, “Göz həkimi” və sair tamaşalardan tanıdığımız, gözəl, səmimi ifaları ilə yaddaşlarda qalmış bir sənətçi xanım...
Həm də Azərbaycanın korifey sənətkarlarından, teatr və kino aktrisası, SSRİ Xalq artisti Hökumə Qurbanovanın və Xalq rəssamı Nüsrət Fətullayevin qızı Vəfa Fətullayeva...
Sənətinin, yaşının ən gözəl vaxtında xərçəng xəstəliyinə mübtəla olmuş Vəfa xanım sonda bu xəstəliyə təslim olur, cəmi 42 yaşında (1987-ci ildə) həyatla vidalaşır, həm onu sevənlərin, minlərlə tamaşaçısının, həm də anasının qəlbində dərin yaralar açır... Qızının vəfatına, övlad acısına dözə bilməyən Hökumə xanım cəmi ilyarımdan sonra, 75 yaşında (1988-ci ildə) dünyasını dəyişir...
Hamlet Qurbanov...
İstedadı ilə qısa zamanda populyarlaşan, geniş tamaşaçı sevgisi qazanaraq az qala sənətçi valideynlərini belə geridə qoymuş sənətçi Hamlet Qurbanov...
İki böyük və nəhəng sənətkarı - aktyor Ağadadaş Qurbanovla Azərbaycan səhnəsinin “Ərəbzəngisi”, neçə-neçə xalq mahnısının, muğamlarımızın mahir ifaçısı Xalq artisti Gülxar Həsənovanın ilk evliliyindən dünyaya gəlmiş Hamlet Qurbanov valideynləri kimi həyatını sənətlə, teatrla bağlayır... Və istedadı, gözəl, yaddaqalan obrazları ilə qısa zamanda populyarlaşmış və şöhrəti az qala valideynlərinin şöhrətini belə üstələyir...
Azərbaycan teatrının İldırım Bəyazidi (“Topal Teymur” tamaşası) və Azərbaycan kinosunusun Qıpçaq Məliki (“Dədə Qorqud” filmi) kimi tanınan Hamlet Qurbanov “Dəli yığıncağı”, “Evləri köndələn yar”, “Mehmanxana sahibəsi”, “Əliqulu evlənir” tamaşasında və digər tamaşalarda, bir neçə filmdə yaratdığı bənzərsiz obrazları ilə hələ də yaddaşlarda, hafizələrdə qalmaqdadır... Səhnə həyatının, yaşının ən yaxşı vaxtında xərçəng xəstəliyinə tutularaq səhhətində ciddi problemlər, eləcə də, ailə dramı yaşayan sənətçi 16 noyabr 1995-ci ildə ildə, cəmi 57 yaşında gözlərini fani dünyaya birdəfəlik yumur...
Gülşən Qurbanova...
Ağadadaş Qurbanovun Gülxar Həsənovadan ayrıldıqdan sonra ikinci evliliyindən dünyaya gələn daha bir sənətçi övladı, həm də Hamlet Qurbanovun ögey bacısı Gülşən Qurbanova...
Hələ uşaq-yeniyetməlik yaşlarındaykən atası ilə birlikdə Salyan rayonuna qastrol səfərinə gedən və yerləşdikləri mehmanxananın eyvanının qəfildən uçması nəticəsində atası ilə birlikdə zərblə yerə çırpılan, atasını-böyük sənətkarı itirən və ölümün eşiyindən dönən Gülşən xanım da atası və qardaşı kimi həyatını sənətlə bağlayır... Və qısa zamanda da fitri istedadı, özünəməxsus, bənzərsiz ifaları, yaddaqalan obrazlı ilə tanınır...
Daha çox komediya janrında rollar yaradan aktrisa qardaşı Hamlet Qurbanovla hətta “Evləri köndələn yar” tamaşasında ər-arvad rollarına çəkilir...
Teatrdan ayrılmasının ardından telekanallara dəvət alan, uzun müddət AzTV-nin “Gəlin birlikdə gülək” adlı layihəsində çıxış edən tanınmış aktrisa AzTV-dəki layihə bitəndən çox sonralar ANS-in “Qaynar qazan” verilişinin aparıcısı kimi bir daha tamaşaçılar tərəfindən sevilir... Amma Gülşən xanım bu telekanaldan incik ayrılır, “Lider” telekanalına üz tutur və “Mikser” verilişini aparır...
Tanınmış sənətçi 2006-cı ilin 17 noyabr tarixində televiziya proqramlarının birindən evə gələrkən üçüncü dəfə qəfildən infarkt keçirir və 56 yaşında vəfat edir...
Elçin Məmmədov...
Azərbaycan kinosunun Mirpaşası...
Böyük şairimiz Səməd Vurğunun “Komsomol” poeması əsasında çəkilmiş “Yeddi oğul istərəm” filmindən yaddaşlarda qalan Mirpaşa obrazının ifaçının ifaçısı Elçin Məmmədov...
İxtisasca rəssam olsa da, Azərbaycan kinosunda da özünü sınamış və cəmi bir neçə obrazı yaddaşlarda qalmış sənətçi...
Azərbaycanın iki korifey sənətçisi, ilk SSRİ xalq artistlərindən olan aktyor və rejissor Mehdi Məmmədovla Xalq artisti, kino və teatr aktrisası Barat Şəkinskayanın evliliyindən dünyaya gəlmiş Elçin Məmmədov da həyatını erkən və vaxtsız itirən sənətçilərin sənətçi övladlarındandır...
Ömür vəfa etsəydi, “Hamlet” tamaşasında rəssam işlərini sona yetirəcəkdi... Ancaq qismət olmur, Elçin Məmmədovun son işi yarımçıq qalır...
2001-ci il fevralın 18-də Elçin Məmmədov ömrünün 55-ci baharında dünyasını dəyişir...
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət