Sənədsiz evlərə “kupça” verilməsi ilə bağlı açıqlama
İsrafil Kərimov: “Sentyabra qədər komissiyanın işlərinin yekunlaşacağı gözlənilir”
Azərbaycanda sənədsiz evlər məsələsi uzun illərdir müzakirə mövzusudur. Artıq sənədi olmayan tikililərin sənədləşdirilməsi üçün ciddi işlər görülməyə başlayıb. Bununla bağlı komissiya da yaradılıb.
Bu barədə hələ cari ilin mayında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov məlumat vermişdi. Sitat: “Cənab Prezident məni şəxsən çağırıb və yerlərdə mütəmadi görüşlər keçirməyi tapşırıb. 10 il, 20 il, 30 il yaşadığı evi rəsmiləşdirə bilməyən sakinlər var. Hazırda məsələ ilə bağlı yaradılmış komissiya çalışır. Prezident İlham Əliyev tərəfindən sənəd hazırlanır. Əminəm ki, sənədsiz evlər məsələsi bütün ölkə üzrə birdəfəlik öz həllini tapacaq”.
Qeyd edək ki, 90-cı illərdən indiyədək Bakı və Abşeronda sənədləşmə aparılmadan tikilən fərdi evlərin sayı bəzi məlumatlara görə, 700 mindən yuxarıdır. Bundan əlavə, Bakı kəndlərində sovet dövründən tikilmiş evlərin çoxunun da “kupça”sı yoxdur.
BŞİH-in mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bu il işlərin yekunlaşacağını musavat.com-a deyir: “İşlər davam edir. Yekun nəticə hələ ki məlum deyil. Ortada meyarlar var. Hansılar qeydə alınacaq, hansılar yox, müəyyənləşməlidir. Bu baxımdan dəqiq məlumat verə bilmirəm. Komissiyanın, qurumların işləri ilə bağlı hansı məlumat olacaqsa, sizlərə çatdırılacaq. Sentyabra qədər komissiyanın işlərinin yekunlaşacağı gözlənilir. İşlər həddindən artıq çoxdur. Orada Neft Şirkətinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri var. Çoxmərtəbəli tikililərlə bağlı böyük işlər gedir. Fərdi yaşayış evləri ilə bağlı işlər çoxdur. Çünki bu tipli evlərin sayı həddindən artıqdır, eyni zamanda parametrlər mövcuddur. Ona görə işlər uzanır. Yüksək gərginlikli elektrik xətləri altında tikilən evlər var. Həmçinin kommunikasiya xətlərinin üstündə tikilən evlər də mövcuddur. Neft kəmərləri zonasında da evlər tikilib. Suallar çoxdur. İşlər bitəndən sonra bu sualların cavabları tapılacaq. Birbaşa Neft Şirkətinin inzibati ərazisinə düşən evlər də var. Bütün bunlara görə araşdırmalar çox vaxt aparır. İlkin nəticələr olanda məlumat verəcəyik”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət