Slimfit
  1. SİYASƏT

Sənaye ən sürətlə Naxçıvanda inkişaf edir

Sənaye ən sürətlə Naxçıvanda inkişaf edir
Sakura

Sənaye ən sürətlə Naxçıvanda inkişaf edir

Pərviz Heydərov yazır...

Naxçıvan Muxtar Respublikasında son illər ərzində əldə olunan inkişafa, sosial, iqtisadi sahədə və xüsusən sənaye potensialını möhkəmləndirmək istiqamətində atılan böyük və uğurlu addımlara əsasən yazmışdım ki, Azərbaycanımızın digər regionlarının rəhbərlərinin, rayon və şəhər icra hakimiyyəti başçılarının, ümumiyyətlə, bölgələrin inkişafına cavabdeh olan şəxslərin bütün bunlarla bilavasitə yaxından tanış ola, habelə müvafiq təcrübə toplaya bilmələri üçün ayrı-ayrılıqda bu bölgəyə səfərlər etmələri olduqca sərfəli və məqsəduyğun olardı.

Çünki Naxçıvandakı təcrübə bölgələri necə inkişaf etdirmək baxımından çox əlverişlidir. Bunu Muxtar Respublikanın bütövlükdə keçən il, həmçinin, bu ilin ilk ayı ərzində sosial-iqtisadi inkişaf nəticələri və yekunları da təsdiq edir.

Belə ki, statistikaya əsasən, Muxtar Respublikada iqtisadiyyatı şaxələndirmək və sosial sahəni inkişaf etdirmək məqsədilə həyata keçirilən tədbirlər 2019-cu ildə də davam edib və nəticədə, yüksək rəqəmlər əldə olunub.

Məlumdur ki, 2019-cu ildə ümumən ölkəmizdə ÜDM 2,2 faiz artıb. Naxçıvanda isə bu rəqəm 1,5 faizdən çox təşkil edib. Bu zaman sözügedən göstəricinin adambaşına, yəni əhalinin hər bir nəfərinə düşən hissəsi isə ölkə üzrə 1,4 faiz artdığı halda (8 247,0 manat), sözügedən bölgədə 1,6 faizə (6201,5 manata) çatıb.

Sual yaranır ki, diqqəti cəlb edən əsas nədir? Artımı şərtləndirən, əsasən, 27,6 faiz payla sənaye istehsalıdır. Belə ki, Muxtar Respublikada sənaye məhsulu 2019-cu ildə 2018-ci illə müqayisəli qiymətlər üzrə 1,4 faiz artıb ki, ölkə üzrə bu rəqəm 1,8 faiz təşkil edib. Bu, Naxçıvanda son illər ərzində sənayeləşmə prosesinin məhz sürətlənməsi, rəqabətədavamlı və ixrac qabiliyyətli məhsullar istehsal edən yeni-yeni müəssisə və obyektlərin yaranması hesabına baş verib. Yəni, ölkə üzrə illik anoloji rəqəmdən cüzi az fərqlə artımın əldə olunması göstəricisi Muxtar Respublikada sənayeləşmənin ölkədəki qədər geniş vüsət aldığını təzahür etdirir.

Yeri gəlmişkən, ötən şərhimdə yazmışdım ki, Naxçıvanın büdcəsi ildən-ilə artır. Belə ki, Muxtar Respublikanın 2018-ci il dövlət büdcəsinin gəlirləri 73,4 milyon manata bərabər idisə, 2019-cu ildə 83 milyon manat, 2020-də isə 94,2 milyon manat təşkil edir. Sual olunur ki, bu, nəyin hesabınadır?

Naxçıvanda enerji resursları yoxdur. Deməli, bu, bilavasitə qeyri-xammal istehsalı və emal sektorunun inkişafı sayəsində baş tutur ki, qeyd olunan vəzifə bütün ölkədə prioritet seçilsə də, sözügedən bölgəmizdə bu sahədə işlər, daha sürətlə həyata keçirilir.

Yenə qeyd edirəm ki, Naxçıvanda ixrac qabiliyyətli çoxlu çeşiddə istehlak məhsulları istehsal olunmaqdadır. Məhz, sənaye istehsalının artması nəticəsində 2019-cu ildə 323 milyon 309 min ABŞ dolları dəyərində məhsul ixrac olunub. Yerli istehsalın ixrac imkanlarına sahib olması büdcəni daha çox möhkəm və dayanıqlı gəlir mənbələri hesabına təmin etməyə imkan verir ki, Muxtar Respublikada müxtəlif tip yerli istehsal sahələrinin və emal müəssisələrinin yaranmasına xüsusi diqqət yetirilir, bunların əksəriyyətinin daxili sərvətlər, xammal hesabına fəaliyyət göstərməsinə üstünlük verilir.

Keçən il Naxçıvanda sənaye məhsulu istehsalının 95,9 faizi malların, 4,1 faizi isə xidmətlərin payına düşüb. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 94,1 faiz təşkil edib. Bu da ümumən ölkənin digər iqtisadi rayonları ilə müqayisədə çox yüksək göstəricidir.

Ümumiyyətlə, sözügedən bölgədə sənaye məhsulu istehsalının dinamikasına diqqət yetirsək, 2015-ci ildə 916817,9 min manat məhsul istehsal olunmuşdusa, sonrakı hər bir il ərzində bu rəqəmin ardıcıl olaraq artaraq 2019-cu ildə 1 milyard 14 milyon 971 min 500 manat dəyər səviyyəsinədək gəlib çatdığını görərik. 

Bu, dörd ilin ərzində 100 faizə yaxın artım deməkdir.

Qeyd olunan göstərici bilavasitə Muxtar Respublika rəhbərliyinin diqqəti, qayğısı və düşünülmüş siyasəti nəticəsində əldə olunub və olunur ki, burada vahid bir strateji xətt və məqsəd nəzərə çarpır. O məqsəd ki, Naxçıvan sırf yerli gəlirlərdən asılı olsun.

Ona görə də 2019-cu ildə Muxtar Respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 84 layihə üzrə istehsal və xidmət obyektləri yaradılmış, 63 layihə üzrə isə bu işlər davam etdirilib.

Ümumiyyətlə, Naxçıvanda özəl sektorun inkişafına, sahibkarlıq fəaliyyətinin genişlənməsinə ciddi diqqət yetirilir. Sənaye məhsulları istehsalı sahəsində sahibkarlıq təşəbbüsləri əsas götürülür. Sənayenin inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 2019-cu ildə 10 milyon 944 min 900 manat kredit verilib ki, bu da əvvəlki illə müqayisədə 2,1 dəfə çoxdur.

Hələ, dövlət başçımız İlham Əliyevin 2019-cu il 13 sentyabr tarixli Fərmanına əsasən Şərur rayonunda Şərur Sənaye Məhəlləsinin yaradılması məqsədilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə ilkin olaraq 5 milyon manat vəsaitin ayrıldığını da nəzərə alsaq, sənayenin inkişafı üçün əlavə imkanlar yaranacaq.

Başqa sözlə desəm, potensiala yeni potensial qatılacaq.

Ümumiyyətlə, əldə olunmuş uğurların davamlılığını qoruyub saxlamaq və əhalinin artması ilə bağlı yaranan tələbatı qarşılamaq üçün iqtisadiyyatın çoxşaxəli inkişafını təmin etmək, infrastrukturun və sosial xidmətləri daha da yaxşılaşdırmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasif Talıbovun 2019-cu il 29 mart tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” da mühüm əhəmiyyət kəsb edir ki, bunun da icrası böyük nəticələr verəcək.

Sözün qısası, bir bölgədə ki, keçən il 2018-ci illə müqayisədə sənaye məhsulu təkrar edirəm əgər, 1,4 faiz (ölkə üzrə 1,8 faiz), əsas kapitala yönəldilən vəsaitlər 1,2 faiz (ölkə üzrə -2,3 faiz), kənd təsərrüfatı məhsulu 4,5 faiz (ölkə üzrə 7,2 faiz), nəqliyyat sektorunda yük daşınması 2 faiz (ölkə üzrə 2,2 faiz), informasiya və rabitə xidmətləri 2,8 faiz (ölkə üzrə 15,9 faiz) artıb, demək ki, bütövlükdə Azərbaycan iqtisadiyyanda qeyri-neft sektorunun inkişafı ən sürətli şəkildə məhz burada - Naxçıvanda təşəkkül tapmaqdadır.

Bəli, xatırladım ki, 2019-cu ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala əvvəlki illə müqayisədə 2,3 faiz az vəsait yönəlib. Doğrudur, bu neft-qaz sektoruna yatırılan investisiyaların azalması ilə bağlı olub, qeyri neft-qaz sektorunda isə 1,9 faiz artım qeydə alınıb.

Söhbət ondan gedir ki, regionların inkişafı ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsi sayıldığından, kommunal xidmətlərin, sosial infrastruktur təminatının yüksəlməsi, sahibkarlıq mühitinin yaxşılaşması, investisiya qoyuluşunun artması, yeni müəssisələrin, iş yerlərinin açılması və nəticədə, əhalinin məşğulluğunun genişlənməsi, yoxsulluq səviyyəsinin azalması ən sürətli şəkildə Naxçıvanda təzahür etməkdədir.
Bunu təkcə, bir ilin ərzində sözügedən bölgədə 3250 yeni iş yerinin açılması da sübut edir.

 

Mənbə: oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR