Şəmkirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik ailə təsərrüfatlarına baxış olub
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovla birgə özünüməşğulluq proqramı çərçivəsində rayonda yaradılmış kiçik ailə təsərrüfatlarından bir neçəsi ilə tanış olub.
Trend-in məlumatına görə, özünüməşğulluq proqramına 2018-ci ildə Şəmkir rayonu üzrə 160 ailə cəlb olunub ki, bu da əvvəlki illə müqayisədə 8 dəfə çoxdur. Onların bir hissəsi də əlilliyi olan insanlar (o cümlədən Qarabağ müharibəsi əlilləri) və şəhid ailələridir.
Rayonda proqrama cəlb olunan ailələrdən artıq 20-yə qədər ailəyə biznes-planlarına uyğun mal və materiallar təqdim edilib. Verilmiş mal və materiallar hesabına onlar əsasən heyvandarlıq sahəsi üzrə kiçik təsərrüfatlarını qurublar. Digər proqram iştirakçılarının da mal və materiallarla təminatı işləri davam etdirilir.
Özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarını quran insanlar aztəminatlı ailələrin rifah halının yaxşılaşdırılması üçün göstərilən qayğıya, yaradılan imkanlara görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət