“Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilib
Martın 3-də “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Şəmkirçay su anbarının ehtiyatlarının daxili mənbələr hesabına formalaşması ölkəmizin su təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. 2014-cü ildə istismara verilən və ümumi tutumu 164 milyon kubmetr olan anbar əkin sahələrinin suvarılması ilə yanaşı, respublikanın qərb bölgəsində yaşayan əhalinin içməli su təminatına da töhfələr verməkdədir. Burada toplanan suyun içməli su standartlarına uyğun olması, eyni zamanda, təbii durulmadan keçməsi nəzərə alınaraq anbardan həm də içməli su mənbəyi kimi istifadəyə qərar verilib. Anbarın relyef baxımından Gəncə, Şəmkir, Samux şəhərlərindən yüksəklikdə yerləşməsi yaşayış məntəqələrinin özüaxımlı rejimdə dayanıqlı su təchizatına imkan yaradır. Bütün bunlar nəzərə alınaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə su anbarının yaxınlığında məhsuldarlığı gündə 140 min kubmetr və ya saniyədə 1,6 kubmetr olan sutəmizləyici qurğular kompleksi inşa edilib. Bu kompleks məhsuldarlığına görə Azərbaycanın regionlarında tikilmiş ən böyük içməli sutəmizləyici qurğudur.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov rayonun aqrar sənaye kompleksində görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.
Sonra Prezident İlham Əliyev Şəmkirçay Sutəmizləyici Qurğular Kompleksinin açılışında iştirak etdi.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov kompleksin texniki-iqtisadi göstəriciləri barədə dövlətimizin başçısına məlumat verdi.
Bildirildi ki, kompleksin tikintisinə 2016-cı ildə başlanılıb. Bu məqsədlə Şəmkir rayonunun Aşağı Seyfəli kəndinin cənub hissəsində, Şəmkirçay su anbarının yaxınlığında 3,3 hektar ərazi ayrılıb. Ərazidə qazıntı və kipləşdirmə işləri aparıldıqdan sonra bina və qurğuların tikintisinə başlanılıb. Kompleksin əsas hissəsini təşkil edən süzgəclər binası, ümumi tutumu 7500 kubmetr olan 3 su anbarı, 2 idarəetmə və 6 siyirtmə kamerası, inzibati və yardımçı binalar inşa edilib.
Sutka ərzində qurğuda emal olunacaq 140 min kubmetr suyun 100 min kubmetri Gəncə, 16 min kubmetri Şəmkir, 8 min kubmetri Samux şəhərinin, qalan hissəsi isə magistral kəmərlərin marşrutu boyu yerləşən kəndlərin tələbatının ödənilməsinə yönəldiləcək. Ümumilikdə, kompleksin imkanlarından istifadə olunmaqla perspektivdə 450 mindən artıq insan keyfiyyətli və fasiləsiz içməli su ilə təmin ediləcək.
Qeyd olundu ki, Şəmkirdə su layihələri tam başa çatıb, ilin sonunadək kanalizasiya xətlərinin inşası da yekunlaşacaq. Ağstafa, Göygöl və Goranboy, Tovuz şəhərləri də tamamilə layihələndirilib, Daşkəsən və Gədəbəydə şəbəkə işləri bitib, hazırda təmizləyici qurğuların inşası gedir.
Dövlətimizin başçısı kompleksi işə saldı.
Sonra Prezident İlham Əliyev kompleksin kollektivi ilə görüşdü və çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
-Bu gün açılışını etdiyimiz Şəmkirçay Sutəmizləyici Qurğular Kompleksinin ərsəyə gəlməsində Şəmkirçay su anbarının müstəsna rolu vardır. Çünki əgər vaxtilə biz böyük vəsait sərf edərək bu nəhəng layihəni icra etməsəydik, bu gün bu bölgənin insanlarının su ilə təchizatı işində və suvarma işlərinin yüksək səviyyədə təşkilində böyük problemlər olardı. Çünki keçən il quraqlıq geniş vüsət aldı. Əfsuslar olsun ki, bu ilin proqnozları da o qədər ürəkaçan deyil. Ona görə bu böyük layihələrin həyata keçirilməsi bizi böyük problemlərdən sığortaladı.
Eyni zamanda, Şəmkirçay su anbarı ilə bərabər, Taxtakörpü su anbarı da tikilib. Əgər Taxtakörpü su anbarı bir neçə il bundan əvvəl tikilməsə idi, keçən ilin yay aylarında Bakı şəhərində su qıtlığı yaranacaqdı. Çünki bizim əsas içməli su mənbəyimiz olan Ceyranbatan su anbarını qidalandıran Taxtakörpü su anbarıdır. Orada sular yığılır və eyni zamanda, təbii yollarla təmizlənir, sonra Ceyranbatana axıdılır. Ona görə bu böyük infrastruktur layihələrinin çox böyük əhəmiyyəti, faydası var. Bu gün biz əkin sahələrimizi genişləndiririk, insanları içməli su ilə təmin edirik. Şəmkirçay su anbarından götürülən və burada təmizlənən su Gəncə, Samux və Şəmkir şəhərlərinin böyük hissəsini təmin edəcək. Bu gün Gəncə şəhərinin su təminatı, əsasən, Göygöl gölündən təmin edilir. Ancaq 2022-ci ildə Gəncə şəhərinin böyük su təchizatı layihəsi başa çatandan sonra bu şəhər Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun 24 saat fasiləsiz təmiz içməli su ilə məhz Şəmkirçay anbarından götürülən su ilə təmin ediləcək.
Bu layihələr bir daha onu göstərir ki, bizim bütün addımlarımız nəticəyə hesablanıb. Bütün addımlarımız vaxtında atılır. Hər iki böyük su anbarı Azərbaycanda tarixi layihələrdir. Çünki böyük əməktutumlu, maliyyətutumlu layihələrdir. Texniki cəhətdən çox mürəkkəb layihələrdir. Hər iki layihənin də təşəbbüskarı mən olmuşam, layihələrin icrası müddətində dəfələrlə bu işlərlə maraqlanmışam, müvafiq göstərişlər vermişəm, hər iki böyük layihənin açılışında iştirak etmişəm.
Biz bu gün insanları içməli su ilə təmin edirik və edəcəyik. Ölkəmizin əksər şəhərlərinin içməli su problemləri həll olunub, o cümlədən Şəmkir şəhərinin. Verilən məlumata görə, şəhərin kanalizasiya məsələsi də bu ilin sonuna qədər başa çatacaq. Samux şəhərinin də su problemi bu il həll olunacaq. Beləliklə, hələ də təmiz içməli su ilə təmin edilməyən şəhərlərin sayı təqribən 3-5 ətrafındadır. Onlar da maksimum iki il ərzində içməli su ilə təmin ediləcəkdir.
Eyni zamanda, müxtəlif qurumlarla kəndlərin su təminatı təşkil edilir - həm “Azərsu”, həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə təmizləyici qurğular hesabına. Bakı şəhərinin su problemləri həllini tapır. Mənə verilən məlumata görə, Bakı əhalisinin 80 faizi bu gün təmiz içməli su ilə davamlı təmin edilir. Bu proses hələ davam etdiriləcək. Ona görə bu layihələrin çox böyük tarixi əhəmiyyəti var. Su həyatdır, təmizlikdir, sağlamlıqdır, inkişafdır. Eyni zamanda, kənd təsərrüfatının inkişafı üçün əsas rol oynayır.
Şəmkir maşın su kanalının ikinci növbəsi tamamlanır və bundan sonra təkcə Goranboy rayonunda bu günə qədər suvarılmayan 40 min hektar torpağa su veriləcək. Bu, özlüyündə yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq, insanlar daha yaxşı yaşayacaqlar, kənd təsərrüfatı inkişaf edəcək, məhsuldarlıq artacaq, ixrac imkanlarımız genişlənəcək. Bütün bunlar regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında nəzərdə tutulan layihələrdir. Onların da hər biri uğurla icra edilir.
Şəmkir rayonunun inkişafı ilə bağlı müvafiq addımlar atılır. Mənim tərəfimdən bir çox göstərişlər verilmiş, sərəncamlar imzalanmışdır. Şəmkir rayonunun infrastruktur layihələri uğurla icra edilir, qazlaşdırma 98 faizdir. İçməli su məsələsi həll olunub. Yolların çəkilişi davam etdirilir. Bu gün mənə məruzə edilən yeni layihələr həyata keçiriləndən sonra əsaslı təmirli keyfiyyətli yolların faiz dərəcəsi təqribən 80-ə çatacaq. Bu gün hələ ki, 40 faiz səviyyəsindədir. Ona görə hələ bir çox layihələr icra edilməlidir.
Bu yaxınlarda Mərkəzi Rayon Xəstəxanası açılmışdır. Çox gözəl, yeni binadır. Bütün lazımi avadanlıqla təchiz edilib, 190 çarpayılıq gözəl tibb müəssisəsidir. Digər sosial obyektlər inşa edilir, 37 məktəb tikilib və təmir edilib. Yəni, biz buna kompleks şəklində yanaşırıq. O cümlədən iş yerlərinin yaradılması ilə bağlı addımlar atılır. Böyük aqroparklar salınıbdır. Minlərlə hektar torpağı əhatə edən bu aqroparklar Şəmkir rayonunun kənd təsərrüfatı və ixrac potensialını böyük dərəcədə gücləndirir. Təsadüfi deyil ki, Şəmkir rayonundan xarici ölkələrə ixrac 10 milyonlarla dollar həcmindədir və bu, daha da artacaq. Potensial böyükdür, torpaq münbitdir, su var, insanlar zəhmətkeşdir, infrastruktur təmin edilir. İlyarımdan sonra Gürcüstan sərhədinə qədər dördzolaqlı yol çəkiləcək. Bundan sonra həm rayon, həm də ölkəmiz ancaq inkişaf yolu ilə gedəcək. Bu cür maliyyə tutumlu sosial layihələrə çox böyük vəsait tələb olunur. Əlbəttə ki, aşağı səviyyədə olan su tarifləri ilə biz bu vəsaiti heç vaxt dövlətə qaytara bilməyəcəyik. Qarşıya belə məqsəd də qoyulmayıb. Məqsəd insanları təmiz su ilə təmin etməkdir ki, onlar sağlam olsunlar. Kənd təsərrüfatını da meliorativ tədbirlərlə dəstəkləməkdir. Biz bu məqsədə də çatırıq. Əminəm ki, həm rayon, həm ölkəmiz bundan sonra da uğurla inkişaf edəcək. “Azərsu” əməkdaşlarına isə gördükləri işlərə görə təşəkkürümü bildirirəm və yeni uğurlar arzulayıram.
X X X
Sonda xatirə şəkli çəkdirildi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət