Selə görə problem yaranan Gəncə-Göygöl yolu ilə bağlı AÇIQLAMA
Gəncə-Göygöl yolunun müəyyən hissələrində sel suları özü ilə bərabər lil gətirib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
O bildirib ki, sel suları Goranboy rayonu ərazisində avtomobil yollarına heç bir ziyan vurmayıb:
“Göygöldə isə sel sularının avtomobil yoluna gətirdiyi lil, xırda daşlar olub. Gecə ilə həmin əraziyə cəlb edilən əməkdaşlar yaranmış qısamüddətli problemi aradan qaldırıblar. Ciddi heç bir maneə olmayıb, nəqliyyatın hərəkətində problem qeydə alınmayıb”.
Qeyd edək ki, ötən gün axşam saatlarında leysan yağışdan sonra rayonun Aşıqlı kəndi ilə rayon mərkəzini birləşdirən yolun bir hissəsini sel suları basıb. Sel yolun hərəkət hissəsinə daş parçaları və ağac qırıqları gətirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət