Şəhriyar Məmmədyarov dünya çempionatında gümüş medal qazanıb
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiyanın Sank-Peterburq şəhərində keçirilən dünya çempionatında rapid növü üzrə gümüş medal qazanıb.
"Report"un məlumatına görə, yarışın son günündə 3 qələbə, 2 heç-heçəedən 33 yaşlı qrossmeyster xallarını 10,5-ə çatdırıb.
Onun son turda heç-heçə etdiyi rusiyalı Daniel Dubov 11 xalla dünya çempionu olub. Bürünc medala isə 10,5 xalla ABŞ təmsilçisi Hikaru Nakamura sahib çıxıb.
Azərbaycanın digər kişi şahmatçılarına gəldikdə, Qədir Hüseynov 9 xalla 37-ci, Rauf Məmmədov 8 xalla 77-ci olub.
Qadınların mübarizəsində isə Gülnar Məmmədova 7,5 xalla 18-ci, Günay Məmmədzadə 7 xalla 39-cu yeri tutub. Hərəyə 5,5 xal yığan bacılardan Zeynəb Məmmədyarova 76-cı, Türkan Məmmədyarova 79-cu olub.
Çinli Syuy Ventszyun 10 xalla dünya çempionu adını qazanıb. İranlı Sarasadat Xademəlşəriyə 9 xalla gümüş, eyni xala malik rusiyalı Aleksandra Qoryaçkina bürünc medal əldə edib.
Qeyd edək ki, dünya şahmat tacının norveçli sahibi Maqnus Karlsen rapid növündə 5-ci yerlə kifayətlənib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət