Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Qaxda vətəndaşları qəbul edib
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov sentyabrın 21-də Qax şəhərindəki Heydər Əliyev Mərkəzində Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşları qəbul edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəbuldan əvvəl general-leytenant Arzu Rəhimov və Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Qəbulda 30 nəfərədək vətəndaşın müraciəti dinlənilib. Müraciətlər əsasən, Xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, müddətli həqiqi hərbi xidmətə çağırılan gənclərin gələcək xidmət yerinin müəyyənləşdirilməsinə kömək göstərilməsi və digər məsələlərlə bağlı olub.
Xidmətin rəisi Arzu Rəhimov vətəndaşların müraciətlərini diqqətlə dinləyib, onlara qanunvericiliyin tələbləri izah edilib. Qəbul zamanı qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmadan sonra cavablandırılacağı bildirilib.
Vətəndaşların Xidmətin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət