Səfər Mehdiyev Ukrayna Dövlət Fiskal Xidmətinin nümayəndə heyətilə görüşüb
Mayın 29-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev ölkəmizdə səfərdə olan Ukrayna Dövlət Fiskal Xidmətinin sədrinin vəzifələrini icra edən Aleksandr Vlasovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Komitədən ONA-ya bildirilib ki, Səfər Mehdiyev iki ölkə arasında mövcud əlaqələrdən söhbət açıb və Azərbaycan-Ukrayna əlaqələrinin müxtəlif sahələrdə, o cümlədən gömrük işi sahəsində genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.
Azərbaycan Gömrük Xidmətinin Ukrayna Dövlət Gömrük Xidməti ilə qarşılıqlı əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu nəzərə çatdıran Səfər Mehdiyev bu baxımdan mövcud potensialdan maksimum yararlanmağın vacibliyini bildirib.
Səfər Mehdiyev Prezident İlham Əliyev tərəfindən son illərdə gömrük sistemində aparılan innovativ islahatlar barədə qonaqlara məlumat verib və qeyd edib ki, tətbiq edilən yeniliklər ölkənin ixrac potensialını inkişaf etdirmək, gömrük prosedurlarını sadələşdirmək, şəffaflığı təmin etməklə yanaşı, beynəlxalq ticarətin də asan və sürətlə həyata keçirilməsinə münbit şərait yaradıb.
DGK sədri Ukrayna və Azərbaycan gömrük orqanlarının informasiya texnologiyaları sahəsində əməkdaşlığından məmnunluqla söhbət açıb, uyğun qurumlar arasında məlumat mübadiləsinin uğurla həyata keçirildiyini bildirib. Görüşdə iki ölkənin gömrük xidmətlərinin blokçeyn texnologiyalarının tətbiqi sahəsində pilot layihə hazırlayaraq GUAM çərçivəsində reallaşdırılması barədə razılıq da əldə olunub.
Ukrayna Dövlət Fiskal Xidmətinin sədrinin vəzifələrini icra edən Aleksandr Vlasov Azərbaycana səfər etməsindən və ölkəmizdə hərtərəfli inkişafdan, eləcə də gömrük işində əldə edilən uğurlardan məmnun qaldığını söyləyib. Ukraynanın Azərbaycanla bütün sahələrdə, o cümlədən, gömrük işində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirən Aleksandr Vlasov Azərbaycan Gömrük Xidmətilə təcrübə mübadiləsinin ümumi işə fayda verdiyini vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət