Dərc edildi: Baxış sayı: 585
Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov Bayıl yaşayış sahəsi, Buxta küçəsi, 9 ünvanında…
Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov Bayıl yaşayış sahəsi, Buxta küçəsi, 9 ünvanında uçan və uçmaq təhlükəsi ilə üzləşən evlərlə bağlı Nazirlər Kabinetinə müraciət edəcək.
Bunu BakuPost-a evi uçmaq təhlükəsi ilə üzləşən sakinlər bildiriblər.
Sakinlərdən Nizami Rəhimov deyib ki, noyabrın 8-də 329 saylı məktəbdə Səbail rayon İH başçısının qəbulu keçirilib və evləri uçan və uçmaq təhlükəsi ilə üzləşən 50 nəfərə qədər sakin qəbulda iştirak edib. İcra başçısının köməkçisi məsələ ilə bağlı məruzə edərək bildirib ki, bu il mayın 15-də saat 20 radələrində Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsi, 9 ünvanında baş verən hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi akt tərtib ediblər ki, bu, təbii fəlakət , sürüşmə deyil, uçqun hadisəsidir. Ona görə də Nazirlər Kabineti tərəfindən uçan və uçmaq təhlükəsi ilə üzləşən evlərin sakinlərinə yardım edilməsi gözlənilmir: "Görüşdə sakinlər uçan və uçmaq təhlükəsi ilə üzləşən evlərlə bərabər, ərazidə kanalizasiya və digər kommunal xidmətlərlə bağlı problemlər haqqında da danışdılar. Vüqar Zeynalov görüşdə bizə bildirdi ki, Səbail rayon İcra Hakimiyyəti Buxta küçəsi, 9 ünvanında uçan və uçmaq təhlükəsi ilə üzləşən evlər və ərazidə kommunal problemlərlə bağlı yenidən Nazirlər Kabinetinə müraciət edəcək. Nazirlər Kabinetinin cavabına uyğun da sakinlərə məlumat veriləcək”.
Qəbulda bildirilib ki, Nazirlər Kabinetinin cavabından sonra sakinlərə hansısa formada kömək edilib-edilməyəcəyi müəyyənləşəcək.
Xatırladaq ki, bu il mayın 15-də saat 20 radələrində Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsi, 9 ünvanında uçqun olub, bu zaman 2 fərdi yaşayış evi uçub. Həmin dövrdə Səbail rayon İcra Hakimiyyəti daha 22 fərdi evin təhlükəli ərazidə olduğu, ümumilikdə təhlükə yaranmış ərazidən 22 ailə (55 nəfər) köçürüldüyünü, araşdırmaların davam etdiyini açıqlayıb.
İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovla görüşdən bir gün öncə BakuPost Səbail rayon İH ilə əlaqə saxlayıb. Səbail rayon İH-dən bildirilib ki, mütəxəssislərin rəyinə görə Buxta 9 ünvanında baş verən proses təbii fəlakət sayılmır. Sadəcə binaların istismar vaxtı ötüb, o evlərin hər birinin 100 ilə yaxın yaşı var. Ərazi isə terrasvaridir, bir binanın üst hissəsi digər binanın alt hissəsinə düşür, o evlər dağ yamacının kəsilməsi yolu ilə tikilib: "Mütəxəssislər ərazidə işləyib, rəylərini veriblər. Bununla əlaqədar Səbail Rayon İcra Hakimiyyəti tərəfindən bir neçə dəfə Nazirlər Kabinetinə müraciət olunub. Nazirlər Kabinetinin qərarına uyğun olaraq orada gələcəkdə müvafiq tədbirlər görüləcək. Köçürülən 22 ailəyə kirayə pulu verilməyib. Çünki köçürülmə təbii fəlakət, sürüşmə ilə əlaqəli deyil, uçqunla əlaqədardır”.
Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsi, 9 ünvanında vəziyyət isə təhlükəli olaraq qalmaqda davam edir. Bir ay əvvəl güclü yağışdan sonra ərazidə bir ev də uçub və indiyə qədər uçan evlərin sayı 5-ə çatıb. Sakinlərlə söhbət zamanı o da məlum olub ki, köçürüldüyü bildirilən 22 ailə də əslində hazırda uçmaq təhlükəsi ilə üzləşən evlərində yaşayırlar.
Qeyd edək ki, V. Zeynalov Prezident İlham Əliyevin 30 oktyabr 2018-ci il tarixli sərəncamı ilə Səbail rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət