“Səbail”in futbolçusu: “Məqsədimiz mükafatçılar sırasına düşməkdir”
“Bütün komanda yoldaşlarımı təbrik edirəm. Bu üç xal bizim üçün çox vacib idi. Oyuna çox yaxşı köklənmişdik. İlk hissədə istədiyimiz futbolu nümayiş etdirdik və iki qol vurduq”.
Bunu “Report”a “Səbail”in futbolçusu Fəhmin Muradbəyli Azərbaycan Premyer Liqasının VII turunda evdə “Sumqayıt”ı 2:0 hesabı ilə məğlub etdikdən sonra deyib. Matçın 4-cü dəqiqəsində hesabı açan 22 yaşlı cinah yarımmüdafiəçisi bildirib ki, onun üçün nəticə daha vacibdir: “Hesabı açmağım xoş oldu, lakin qələbə daha önəmlidir. Daha çox vura bilərdik. Hava şəraiti də çıxışımıza təsir etdi. Müdafiə olunmağa lüzum varsa, bundan utanmaq lazım deyil. Qələbə qazanmaq üçün hesabı da qorumaq şərtdir. Düzgün oynadıq və 3 xal əldə etdik”.
Muradbəyli “Səbail”in cari mövsümdəki hədəflərindən də söz açıb: “Komandanın “üçlüy”ə düşmək baxımından potensialı əsas rəqiblərimizdən yaxşıdır. Bunu bacaracaq səviyyədəyik. Düzdür, ötən tur “Neftçi”yə 0:4 hesabı ilə uduzduğumuz qarşılaşmada oyunumuz alınmadı. Amma bu, hər bir komandanın başına gələ bilər. Əsəs odur ki, toparlandıq və yaxşı qələbə qazandıq. özü də, buna qol buraxmadan nail olduq. Məqsədimiz ilk “üçlük”də qərarlaşmaq, mükafatçılar sırasına düşməkdir. Ötən mövsümlə müqayisədə heyətimiz də güclənib. Rəhbərlik də bunun üçün çalışır. Komanda ildən-ilə daha yaxşı olacaq”.
Qeyd edək ki, “Səbail” Premyer Liqada 10 xalla 3-cü pillədə qərarlaşıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət