Slimfit
  1. ƏDƏBİYYAT

Səadət Hacıyeva - Məmmədiyənin nağılı

Səadət Hacıyeva - Məmmədiyənin nağılı
Sakura

Səadət Hacıyeva - Məmmədiyənin nağılı

Biri vardı, biri yoxdu, Məmmədiyə adlı bir kişi vardı. Bunun ağıldan yüngül, amma göyçək bir arvadı vardı. Məmmədiyə nə desə arvadı gah düz, gah da tərsinə eliyərdi. Ona görə də Məmmədiyə tez-tez ona hirslənərdi. Bir dəfə də təngə gələn Məmmədiyə arvadını evdən qovur. Yazıq arvad hara gedəcək, gedəsi yerimi var?
Gedib həyətin o biri başındakı ot tayasının içində oturur. Gözləyir ki, əri nə vaxt gəlib onu evə aparacaq. Bir az keçir, iki az keçir, Məmmədiyə gəlmir ki, gəlmir. Bir də baxır ki, pişik miyoldaya-miyoldaya bunun yanına gəlir. Deyir:
– Bilirəm, Məmmədiyə mənim dalımca səni göndərib. Mıy-mıy bacı, üz vurma, gedən deyiləm.
Pişik çıxıb gedir. Bir az keçir, it ot tayasına yaxınlaşır. Arvad deyir:
– Ham-ham bacı, indi də sənimi yolladı. Getmiyəcəm. Məmmədiyə mıy-mıyı da yollamışdı, getmədim. Zəhmət çəkib özü gələr, onda evə dönərəm. 
Gözləyir, gözləyir, axşam olur. Məmmədiyə gəlmir ki, gəlmir. Arvad bir də baxır ki, üstü yüklü bir dəvə ot tayasına yaxınlaşıb ot yeməyə başlayır. Deyir:
– Hə, ləngər yerişdi, ləvərə dodaq, Məmmədiyə indi də səni dalımca göndərib? Mıy-mıy gəldi, getmədim. Ham-ham gəldi, getmədim.
Qaranlıq düşdüyünü görüb qorxur:
– Daha sənsən da, sənin xətrini yerə sala bilmərəm.
Dəvənin yüyənindən tutub evə gedir. Məmmədiyə görür ki, budu, arvadı yüklü bir dəvəynən gəlir. Arvadı Məmmədiyəyə deyir:
– A kişi, mıy-mıyı göndərdin, gəlmədim. Ham-hamı göndərdin, gəlmədim. Amma ləngər yerişli, ləvərə dodaqlının xətrini qıra bilmədim. 
Kişi tez arvadını içəri aparır. Bilir ki, arvadı doludan qorxur. Deyir:
– Arvad, möhkəm dolu yağacaq. Gəl sən təndirdə gizlən. 
Arvad təndirə girir. Kişi sacı təndirin ağzına qoyur. İçinə dən səpib toyuq-cücəni çağırır. Toyuqlar saca dimdik vurub dən yedikcə arvad elə bilir doludu. Daha da qorxub əlləri ilə başını tutur. Bu müddətdə kişi dəvənin yükünü gizlədir, özünü də kəsir, bir az bişirir, qalan əti gizlədir. Sonra arvadı təndirdən çıxardır. 
Sənə kimdən deyim, nədən danışım. Demə bu dəvə şahın karvanından ayrı düşüb, azıb. Yükü isə qızıl və zər-ziba imiş. Haray salırlar, axtarırlar, gördüm deyən olmur. Dəvə nədi, heç qığını da görmədim – məsəli yəqin burdan qalıb. Şahın çox ağıllı vəziri varmış. Onun məsləhəti ilə bir nəfər qapı-qapı gəzir və deyir:
– Arvadım bərk xəstədi. Həkim dəvə ətini dərman deyib. Kimdə varsa, bir qab versə savab qazanar. 
Məmmədiyənin arvadı qaçıb bir qab ət gətirir. Ətin əvəzində kişi ona çoxlu rəngbərəng muncuq verib gedir. Arvad muncuqları qapıya-bacaya asıb hər tərəfi bəzəyir. Məmmədiyə işdən gələndə görür ki, hər tərəf muncuqla bəzədilib:
– Bu nə işdi, – deyə arvadından soruşur:
Arvadı deyir:
– Bir qab ət verdim, bunları aldım. 
Məmmədiyə o dəqiqə bilir ki, əti aparan şahın adamıdı. İndicə gəlib onu aparacaqlar. Doğrudan da, əlini süfrəyə aparmamış şahın adamları gəlir. Məmmədiyəni apardıqları zamanı o, qışqırıb arvadına deyir:
– Arvad, mən getdim, qapı-baca amanatı.
Beləcə, Məmmədiyəni tutub aparırlar. Məmmədiyə dəvə görmədiyini, ətin dana əti olduğunu, arvadının dəli olduğunu söyləyir. Amma ona inanmırlar ki, inanmırlar.
Bir neçə gün keçir, Məmmədiyə qayıtmır. Arvadı durub qapı-bacanı sökür, kəndirlə bağlayıb atır dalına. Düz şahın qapısına gəlir. Şah pəncərədən görür ki, budu bir arvad qapı-pəncərəni şələlənib gəlib. Adam göndərib soruşur ki, arvad nə istəyir? Arvad deyir:
– Məmmədiyə qapı-bacasını tapşırıb gedib. Neçə gündür muğayət oluram, bəsdi. Zəhmət çəksin gəlsin, qapı-bacasına yiyə dursun.
Şah görür ki, Məmmədiyə düz deyir, arvadı doğrudan da dəlidi. Əmr edir, Məmmədiyəni həbsdən açıb buraxırlar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR