Slimfit
  1. MƏDƏNİYYƏT

Saransk teatrı yeni mövsümü “Yeddi gözəl” baletinin premyerası ilə açıb

Saransk teatrı yeni mövsümü “Yeddi gözəl” baletinin premyerası ilə açıb
Sakura

Saransk teatrı yeni mövsümü “Yeddi gözəl” baletinin premyerası ilə açıb

Saransk şəhərindəki İ.M.Yauşev adına musiqili teatr 83-cü mövsümü böyük Azərbaycan bəstəkarı, anadan olmasının 100 illiyi bu il həm Azərbaycanda, həm də Rusiyada qeyd edilən Qara Qarayevin “Yeddi gözəl” baletinin premyerası ilə açıb.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, tamaşanın quruluşçu xoreoqrafı Rusiyanın və Azərbaycanın Əməkdar artisti, Rusiya Teatr Sənəti İnstitutunun professoru, vaxtilə bu əsərdə Şah Bəhram partiyasının parlaq ifaçısı olmuş Vitali Axundovdur.

Vitali Axundov Mordva teatrı ilə bir neçə il bundan əvvəl də əməkdaşlıq edib. Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” tamaşası baletmeyster ilə bu teatrın truppasının birgə yaradıcılığının yekunu kimi teatrın repertuarına daxil olub.

Balet tənqidçisi Aleksandr Maksov dahi Nizaminin “Yeddi gözəl” poemasının motivləri əsasında baletin librettosunun yeni redaksiyasını hazırlayıb. Tamaşanın səhnə tərtibatçısı musiqili teatrın baş rəssamı Vladimir Fursov, orijinal kostyumların müəllifi Svetlana Tundavinadır.

Saransk teatrının bu tamaşasına Qara Qarayevin oğlu, bəstəkar Fərəc Qarayev “xeyir-dua verib”. O, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə musiqi materialının hazırlanmasını kömək edib.

Yay aylarında bu sevimli teatr üçün darıxmış tamaşaçılar premyera günündə salonu doldurmuşdular. Bir məqam xüsusilə xoşagələndir ki, tamaşaçıların çoxu buraya əllərində gül gəlmişdi. Qara Qarayevin gözəl musiqisi Danila Serqaninin rəhbərliyi ilə teatrın orkestrinin ifasında təqdim edilib. Gözəl tamaşa, sevgidən, insanlıq borcundan bəhs edən bu dramatik mövzu zala toplaşanların qəlbini riqqətə gətirib. Azərbaycan baleti Saransk tamaşaçılarının xoşuna gəlib. Onlar ifaçıları gül-çiçəklə, alqışlarla mükafatlandırıblar. Amma premyeranın az qala baş tutmayacağını yalnız quruluşçular bilirdi.

Vitali Axundov jurnalistlərlə söhbətində deyib: “Yeddi gözəl” mənim ən sevimli tamaşamdır. Vaxtilə bu əsərdə əsas partiyanı ifa edəndə də belə olub, indi, quruluşçu xoreoqraf kimi işləyəndə də. Burada həm ifa texnikası, həm emosiyalar, həm də aktyor məharəti yerindədir. Bu baletə quruluş vermək üçün dəvət olunmağım mənə ikiqat xoş təsir bağışladı. Mordva teatrının truppası ilə çoxdan tanışam, bu artistlərlə işləmək mənim üçün asan oldu. Onlar şərq hərəkətlərinin, şərq əllərinin, şərq plastikasının nə olduğunu bilirlər”.

Balet tənqidçisi Aleksandr Maksov deyib: “Ümidvaram ki, Saransk tamaşaçıları bu baletdən məmnun olacaqlar. İndi, Sovet İttifaqı dağılandan sonra bütün insani əlaqələr və yaradıcılıq əlaqələri zəifləyir, ölkələr bir-biri ilə münasibətləri ayırd etməyə çalışır. Bizim vəzifəmiz ölkələr arasında, Rusiya ilə Azərbaycan arasında, Saransk ilə Bakı arasında mədəni əlaqələri dəstəkləməkdir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR