Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Prezident İlham Əliyevi təbrik edib
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Milli bayramınız – Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
İcazə verin, Azərbaycanda COVID-19 epidemiyasının qarşısının alınması üçün mübarizədə göstərdiyiniz səmərəli səyləri yüksək qiymətləndirdiyimi bildirim.
Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərlə Azərbaycan arasında tarixin, mədəniyyətin və insanlararası münasibətlərin müxtəlif aspektlərini əhatə edən sıx əlaqələr yaranıb. Azərbaycanın coğrafi mövqeyi onu Şanxay Əməkdaşlıq Təşkilatının təbii tərəfdaşına çevirir. Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycanın dialoq üzrə tərəfdaş kimi bu təşkilata töhfəsini yüksək qiymətləndirir. Xüsusən nəqliyyat, tranzit və logistika sahələrində Azərbaycanın zəngin potensialı çoxtərəfli qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirmək yollarını əhəmiyyətli dərəcədə genişləndirə bilər.
2019-cu ilin may ayında Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin xarici işlər nazirlərinin Bişkek görüşündə dialoq üzrə müşahidəçilər və tərəfdaşlarla qarşılıqlı fəaliyyətin genişləndirilməsinə dair Yol Xəritəsi imzalanıb. Bu sənədin praktikada səmərəli reallaşdırılması təşkilat üçün prioritet məsələdir və Sizin ölkənizin bu baxımdan dəstəyini yüksək qiymətləndirirəm. Əminəm ki, bizim təşkilatın fəaliyyətində Bakının daha yaxından iştirak etməsi Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə əlavə təkan verəcək, yeni üfüqlər və perspektivlər açacaq.
Zati-aliləri, icazə verin, bütün dünya üçün bu mürəkkəb günlərdə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, yeni uğurlar, dost Azərbaycan xalqına isə sülh, əmin-amanlıq, firavanlıq arzu edim.
Dərin hörmətlə,
Vladimir Norov
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət