Sanksiyalar altında inləyən İranın İrəvan “sevgisi”
İranın Ermənistana qucaq açması üzv olduğu İslam Konfransı Təşkilatının prinsiplərinə və müsəlmançılıq ideoloji xəttinə ziddir. Bunu İran rəsmiləri şüurlu şəkildə dərk etsələr də, siyasi maraqlar və antiazərbaycan siyasəti Ermənistanın maraqlarına qarşı çıxmağa imkan vermir.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli İran Prezidenti Həsən Ruhaninin “Tehran İrəvanla siyasi və iqtisadi sferalarda münasibətlərini dərinləşdirmək və inkişaf etdirməkdə qərarlıdır” sözlərinə münasibət bildirərkən deyib. O qeyd edib ki, İran müstəqil Azərbaycanın mövcudluğunu və sürətlə inkişafını həzm edə bilmir:
“Heç kimə sirr deyil ki, Tehran Ermənistanla nəinki iqtisadi əlaqələri inkişaf etdirir, hətta İrəvanda hərbi sənaye kompleksinin yaradılmasında yaxından iştirak etmək niyyətindədir. Belə görünür ki, hər iki ölkə iqtisadi, siyasi və hərbi əlaqələri genişləndirmək istəyir. Müsəlman Azərbaycanın ərazilərini işğal edən və “şiə qardaşlarını” qətlə yetirən Ermənistana qarşı İranın bu sevgisi iddia etdiyi ideoloji xəttinə də, xoşməramlı qonşuluq münasibətlərinə də, müasir beynəlxalq münasibətlər sisteminin əsas prinsiplərinə də tamamən ziddir”.
Politoloq Azərbaycanın bundan sonra İranla münasibətlərinə xüsusi diqqət etməli olduğunu bildirib:
“İran hazırda ABŞ-ın çox ciddi siyasi-iqtisadi təzyiqi altında olmasına baxmayaraq, Azərbaycan bu prosesə qoşulmur və İranla iqtisadi-siyasi əlaqələri qoruyur. Belə deyək, Bakı qonşuları ilə siyasətində “xeyir götürmək və xeyir vermək” prinsipinə sədaqətini nümayiş etdirir. Ancaq iqtisadi sanksiyalar altında inləyən İran xeyir götürdüyü Azərbaycan əvəzinə, iqtisadi baxımdan ona yük olan Ermənistanla “iqtisadi əlaqələrini” dərinləşdirməkdə israr edirsə, demək, Bakı da münasibətlərə yenidən baxa bilər. Hesab edirəm ki, Azərbaycan hadisələrin gedişini tam şəkildə izləyib ondan sonra buna uyğun qərar verməlidir”.
Qeyd edək ki, İran Prezidenti Həsən Ruhani Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanla görüşü zamanı “Tehran İrəvanla siyasi və iqtisadi sferalarda münasibətlərini dərinləşdirmək və inkişaf etdirməkdə qərarlıdır”, deyə bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət