“Samsung” şirkəti qabaqcıl “Galaxy Tab S6 5G” planşetini təqdim edib
“Samsung” şirkəti “Galaxy Tab” istehsal xətti üzrə “Android” sisteminin idarəetməsi altında işləyən yeni planşetini təqdim edib. Məhsuldar “Snapdragon 855” prosessoru ilə işləyən “S6 5G” modelinin əsas özəlliyi beşinci nəsil rabitə texnologiyası, qabaqcıl səs sistemi və “S Pen” elektron qələmidir.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Samsung Galaxy Tab S6 5G” modeli 2560x1600 piksel təsvir ölçülü 10,5 düymlük “Super AMOLED” displeyi və daxili optik barmaq izi skaneri ilə təchiz edilib. Model arxa panelə bərkidilmiş “Bluetooth”-stilusa malikdir. Həmçinin bu stilus vasitəsilə cihazın bəzi funksiyalarını uzaq məsafədən idarə etmək mümkündür.
Yeni planşet “Qualcomm X50 5G” modeminə malik “Snapdragon 855” mobil platforması əsasında işləyir və 6 QB əməli yaddaşla təchiz edilib. Daxili daşıyıcının tutumu 128 QB-dır (“microSD” kartı vasitəsilə 1 TB-dək artırıla bilər). Planşet 13 və 5 meqapiksellik təsvir ölçülü ikiqat əsas kamera ilə təchiz edilib. Ön kameranın təsvir ölçüsü 8 mp-dir.
Model “Dolby Atmos” həcmli səslənmə texnologiyasını dəstəkləyən 4 ədəd “Harman” dinamikası ilə təchiz edilib. Planşetin daxili akkumulyatorunun tutumu 7040 milliamper/saat təşkil edir, sürətli enerji doldurma imkanı var. Qurğunun çəkisi 420 qr-dır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət