Şamaxı Astrofizika Rəsədxanası beynəlxalq elmi müsabiqədə I yeri tutdu
Beynəlxalq Astronomiya İttifaqının (BAİ) elan etdiyi müsabiqədə Rəsədxananın da təşkilatçısı olduğu tədbir dünya üzrə birinci oldu.
Bu il Beynəlxalq Astronomiya İttifaqının 100 illik yubileyi ilə əlaqədar bütün dünya üzrə bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Bu tədbirlərdən birincisi 2019-cu ilin 10-13 yanvar tarixində baş tutmuş “100 saat Astronomiya” tədbiridir.
BAİ tərəfindən bu tədbirdə üç kateqoriya üzrə (Astronomiya hər kəs üçün, ən innovativ tədbir, ən böyük tədbir) müsabiqə elan olunub.
Müsabiqənin keçirilməsində əsas məqsəd astronomiyanın inkişaf, təhsil, təbliğat və diplomatiya üzərindəki açar rolunu təşviq etmək üçün müxtəlif innovativ və əhatəli təşəbbüslər edilməsidir.
AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, "Azərkosmos" ASC-nin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Respublika Uşaq və Gənclərin İnkişafı Mərkəzinin, Tusi Bohm Planetariumun birgə təşkilatçılığı ilə dörd gün ərzində Bakıda və Rəsədxanada silsilə tədbirlər təşkil edilib.
Tədbir çərşivəsində məktəblilərin Planetariuma səfərləri, məktəblilər arasında kosmik geyim müsabiqəsinin təşkili, teleskoplarla gecə müşahidələrinin təşkili, gündüz vaxtı Günəş müşahidələri, qadınlar və qızlar astronomiyada adlı xüsusi görüşlərin təşkili baş tutmuşdur.
Tədbirin ən önəmli məqamlarından biri təşkilatçılar tərəfindən kimsəsiz və əlil uşaqların bu tədbirlərdə iştirakının təmini olub.
Tədbir sosial media və yerli TV kanallar tərəfindən geniş işıqlandırılıb.
Qeyd edək ki, göstərilən tarixlərdə astronomiyanın təbliğ olunması ilə bağlı BAİ tərfindən elan edilən bu müsabiqədə dünya üzrə 86 ölkədə gerçəkləşən 1200-dən çox tədbir təşkil olunub.
AzEdu.az AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasına istinadən xəbər verir ki, BAİ tərəfindən elan edilən üç kateqoriya üzrə qaliblərin adı açıqlanıb.
Sevidirici haldır ki, “Astronomiya hər kəs üçün” kateqoriyası üzrə birinci yerə məhz Azərbaycanda təşkil edilmiş tədbir layiq görülüb.
Bununla əlaqədar olaraq BAİ-nin Azərbaycan üzrə milli kordinatoru, ŞAR-ın elmi işçisi Famil Mustafaya sertifikat və 1-ci yer üçün nəzərdə tutulan tam avtomatlaşdırılmış Celestron 6-Inch SE NexStar teleskopu və 11-13 aprel tarixlərində Brüsseldə keçiriləcək tədbirə dəvət göndərilib.
Mənbə: Azedu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət