Salyanda pambıq yığımı ilə əlaqədar texnikalar hazır vəziyyətə gətirilib
Salyanda pambıq yığımına hazırlıqla bağlı Baş Dövlət Texniki Nəzarət Xidmətinin (BDTNX) Salyan regional bölməsi tərəfindən pambıqyığan maşınlara və digər nəqliyyat vasitələrinə baxış keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, cari təsərrüfat ilində Salyanda 7055 hektar sahədə pambıq əkilib. Becərmə işləri aqrotexniki qaydada həyata keçirildiyindən tarlalarda bol məhsul yetişib. İndi əsas məsələ min bir əziyyətlə yetişdirilən məhsulu vaxtında və itkisiz toplamaqdan ibarətdir. Odur ki, pambıq yığımına hazırlığın vəziyyəti ilə bağlı Baş Dövlət Texniki Nəzarət Xidmətinin Salyan regional bölməsinin əməkdaşları “Aqrolizinq” ASC-nin Salyan filialındakı pambıq yığımına cəlb ediləcək texnikalara baxış keçirib. Baxış zamanı, ilk növbədə, pambıqyığan və digər maşınların sazlığı, eyni zamanda, qeydiyyat məsələləri və istismara hazırlıq vəziyyəti yoxlanılıb.
BDTNX-nin Salyan bölməsinin rəisi Avdı Həsənov bildirib ki, yoxlamanın keçirilməsində əsas məqsəd yığım zamanı texnikanın nasazlığı səbəbindən ləngimələrə yol verilməsinin qarşısını almaq, məhsulun optimal müddətdə yığılıb daşınması və digər məsələlərlə bağlıdır.
Yoxlama zamanı, həmçinin pambıq yığımı dövründə təhlükəsizlik qaydalarına düzgün əməl olunmasının vacibliyi nəzərə alınaraq, qoşqulu traktorla fəhlə daşınmasına qadağa qoyulması və digər məsələlərlə bağlı da mexanizatorlara tövsiyələr verilib.
Qeyd edək ki, bu mövsüm rayonda pambıq yığımına 15 ədəd pambıqyığan kombayn, 20-yə yaxın qoşqulu traktor və digər nəqliyyat vasitələri cəlb olunacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət