Dərc edildi: Baxış sayı: 647
Şair Məmmədhüseyn - Mənim
Ay ağalar, nə bəlalı qul oldum,
Tapılmır dərdimə dəvalar mənim.
Fitnəkar kəslərin hökmü ucundan
Vurulur sinəmə yaralar mənim.
Baş götürüb çıxdım Göyçə elindən,
Yağı düşmən oyanmamış yerindən.
Ay ellər, düşmüşəm haqq nəzərindən,
Gəlibdir başıma bəlalar mənim.
Şikəstə könlümün gözləri nəmli,
Sinəm dərdli, həm qəmli, həm vərəmli.
Bir mirzə istərəm əli qələmli,
Mən deyəm, dərdimi yazalar mənim.
Baş ağardı, qədd əyildi, qocaldım,
Günüm keçdi, sədd əyildi, qocaldım.
Fələk əydi yaman günlərə qaldım,
Dərdim olub geniş dəryalar mənim.
Məmmədhüseyn, dünya fanidir, fani,
Taxtından endirdi çox Süleymanı.
Haraya çağırdım Şahi-Mərdanı,
Yetişsin dadıma ağalar mənim.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət