Şahmat üzrə Avropa çempionatlarının yeri və vaxtları açıqlandı
Şahmat üzrə Avropa çempionatlarının məkanı və keçirilmə tarixlərinə aydınlıq gəlib.
Oxu.Az xəbər verir ki, buna hazırda Gürcüstanın Batumi şəhərində keçirilən komandalararası Avropa çempionatı zamanı qərar verilib.
Avropa Şahmat Birliyinin (ECU) İdarə Heyətinin keçirilən iclasında bu qurumun növbəti il üçün büdcəsi təsdiqlənib. Həmçinin 2011-ci ilin mayında ABŞ-ın Delaver ştatında təsis olunmuş “European Chess Union LLC” kölgə şirkətinin təsisçisi və ya idarəçisi haqda son araşdırmaların nəticələrini təqdim edib.
Həmçinin, qərara gəlinib ki, təhlükəsizlik və şəffaflıq üçün Avropa çempionatlarını keçirən ölkələr bank hesablarını və benefisiarları ECU-nun saytında əks etdirsin.
Daha sonra növbəti illərdə keçiriləcək qitə birinciliklərinin məkanları açıqlanıb.
2020-ci ilin şirkətlər arası Avropa çempionatı 26-29 iyunda Niderlandın Rotterdam şəhərində keçiriləcək.
2020-ci ilin həvəskarlar arası Avropa çempionatı 13-22 iyunda Xorvatiyanın Mali Loşin şəhərində keçiriləcək. Bundan bir il sonrakı analoji yarışın ev sahibi isə İtaliyanın Olbia şəhəri olacaq. Həmin yarış 2021-ci ilin 16-26 aprel tarixlərində baş tutacaq.
2021-ci ilin Avropa çempionatı İtaliyada keçiriləcək. Ancaq hələ şəhər və yarışın tarixi açıqlanmayıb. İtaliya Şahmat Federasiyası gələn ilin martınadək buna aydınlıq gətirməlidir.
2021-ci ilin gənclər arasında Avropa çempionatı 3-11 avqust tarixlərində Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək.
2021-ci ilin qadınlar arasında Avropa çempionatı (15-28 mart) və 2022-ci ilin gənclər arasında qitə birinciliyi Çexiyanın paytaxtı Praqada olacaq.
2022-ci ilin qadınlar arasında Avropa çempionatı və 2023-cü ilin gənclər arasında qitə birinciliyi Monteneqro Şahmat Federasiyasına verilib. Bu federasiya 2020-ci ilin martınadək təfsilatlı təkliflə müraciət etməlidir.
Daha sonra I Avropa şahmat mükafatçılarının adları açıqlanıb. Burda Avropanın ən yaxşı şahmat kitabının, filminin, jurnalının, jurnalistinin, təşkilatçısının adı və layihəsinin müəllifi bilinib. Həmçinin Avropanın ən yaxşı şahmat hakimi, məktəblisi, bütün vaxtlar üzrə ən gənc qitə çempionu, qadın və kişilər arasında əfsanə idmançının adı bilinib.
Səbuhi Musayev
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət