Şadlıq evlərində POS-terminallara tələbat varmı?
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”nın 1.2-ci bəndinə əsasən, şadlıq evləri həmin obyektlər sırasındadır. 2020-ci il yanvarın 1-dən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə bu qurğuların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə: təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1 000 manat, ikinci dəfə yol verildikdə 3 000 manat, üç və daha çox yol verildikdə isə 6 000 manat maliyyə sanksiyası tətbiq olunur.
Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən "Report"a bildirilib ki, bununla da şadlıq evlərində həm nağd, həm də nağdsız formada ödəniş etmək mümkün olacaq:
"Ölkə ərazisində POS-terminalların quraşdırılması məcburi olan obyektlərin siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Şadlıq evləri həmçinin bu siyahıya daxildir. Vergi ödəyicilərində POS-terminalın quraşdırılması banklar tərəfindən həyata keçirilir. Müqavilə onların arasında bağlanır. POS-terminal istehlakçıların nağdsız ödəməni aparması üçün yaradılmış infrastrukturdur. Müştəri ödəməni nağd və ya qeyri-nağd aparmağı özü seçir. Bu, onun şəxsi seçimidir. Sadəcə sahibkar həmin şəraiti, infrastrukturu yaratmalıdır ki, vətəndaş istədiyi seçimi etsin.
Şadlıq evlərinə gəlincə, burada təkcə toy məclisləri deyil, banketlər, korporativ tədbirlər keçirilir və bu xidmətlərdən müxtəlif şirkətlər, dövlət qurumları istifadə edir. Bir çox hallarda onlar nağdsız qaydada ödəmələr aparırlar. Yəni məsələ təkcə şadlıq evləri məsələsi deyil, müştərilərlə nağd hesablaşmalar aparan və məcburi qaydada POS-terminal quraşdırmalı olan digər təsərrüfat subyektləri də eyni şəkildə, bu şəraiti yaratmalıdırlar. Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən, POS-terminalın quraşdırılması məcburi olduğu halda quraşdırılmaması və ya nağdsız qaydada ödəmələri qəbul etməkdən imtina hallarına görə maliyyə sanksiyası tətbiq edilir.
Hesab edirik ki, bu addım sahibkarların üzərinə məsuliyyət qoymaqla yanaşı, istehlakçıların hüquqlarının təmin edilməsinə xidmət edir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Vergi Məcəlləsi POS-terminaldan istifadə etməklə ödəmələri qəbul edən sahibkarlar üçün vergi güzəştləri müəyyən edib. Sahibkarlar nağdsız hesablaşmalara üstünlük verməklə həmçinin büdcəyə ödəmələrində də qənaət etmək imkanına malikdir".
"Report" şadlıq evlərində POS-terminal quraşdırılması ilə bağlı iqtisadçı və paytaxta fəaliyyət göstərən şadlıq evi nümayəndəsinin fikrini də öyrənib.
İqtisadçı-ekspert Mehdi Babayev hesab edir ki, POS-terminalla ödəniş etmək həm müştəri, həm də sahibkar üçün faydalıdır:
"Azərbaycan Respublikası ərazisində POS-terminalların quraşdırılması, istifadəsi ilə bağlı konkret qaydalar mövcuddur. Bu qaydalarda POS-terminalların məcburi olaraq quraşdırılmasının tələb olunduğu obyektlərin siyahısı var. Bu adların içərisində biz şadlıq evlərini də görə bilirk.
Müştəri POS-terminal ilə ödəniş etmək istədiyi halda obyekt sahibi bundan imtina edərsə və ya obyektdə POS-terminal quraşdırılmadığı təqdirdə Vergi Məcəlləsinə 1 yanvar 2020-ci il tarixindən edilmiş dəyişikliyə əsasən obyekt kifayət qədər böyük məbləğlərdə cərimə edilir. Bu, bir intzibati tədbir kimi xoşa gələndir. Lakin burda bir sıra qeyd etməli məsələlər var. Şadlıq evlərinə edilən müraciətləri iki yerə bölə bilərik. Bunlardan biri səhər, nahar və şam yeməyi üçün şadlıq evlərinin restoran xidmətlərinə edilən müraciətlər, bir də var toy məclisləri kimi iri məclislərin, hər hansı böyük bir şirkətin bayram tədbirinin keçirilməsi üçün edilən müraciətlər.
Vətəndaş toy etmək üçün şadlıq evinə müraciət edərkən böyük vəsait ödəməlidir. Bu həcmdə vəsaiti vətəndaşlar plastik kartlarda, demək olar ki, gəzdirmir. Nəticədə kiminsə POS-terminallla şadlıq evlərində bu qədər pulu ödəmək faktına rast gəlinmir.
Digər tərəfdən, şadlıq evlərinin haqqını çox hallarda toy sahibləri toyun sonunda yığılan vəsaitlərdən ödəyirlər. Bu vəsait də nağd şəkildə toplandığına görə müştəri onu nağd qaydada ödəməyə məcburdur.
Şadlıq evlərində iri ödənişlər POS-terminalla edilməsə də, həmin obyektlərdə POS-terminalların quraşdırılması qanunun tələbidir və POS-terminal şadlıq evlərində məcburi quraşdırılmalıdır. Müştəri ödənişi POS-terminalla etmək istəyərsə obyekt sahibi bundan imtina etməməlidir. Eyni zamanda cəmiyyətə bir mesaj verilməlidir ki, hər kəs POS-terminaldan istifadə etsin. Ödənişləri nağdsız edilməsi həm müştəri, həm də obyekt sahibi üçün faydalıdır. Belə ki, şadlıq evləri bununla öz uçotlarının rahat apara, hesabatlılığı təmin edə bilərlər. Vətəndaşlar üçün isə nağdsız ödəniş artıq xərclərdən qurtulma, asan yolla ödəniş etmə və təhlükəsizlik baxımından önəmlidir".
Paytaxtdakı şadlıq evlərindən birinin icraçı direktoru Bəxtiyar Fətullayev bildirib ki, toy məclislərinin ödənişinin kartla edilməsinə rast gəlməyib:
"Şadlıq evlərində POS-terminalların quraşdırılması çoxdan mövcuddur. Biz də həm bank hesabı açmışıq, həm də POS-terminal quraşdırmışıq. Hazırda şadlıq evlərində toy sahibləri yığılan məbləğdən toy pullarını ödəyirlər. Kartında hazır pul ilə ödəniş etmək üçün müraciət edən hələ ki, olmayıb. Biz artıq POS-terminaldan istifadə etmişik. Bir neçə təşkilatların, kooperativlərin tədbirləri olub ki, ödənişləri kartla və ya köçürmə yolu ilə ediblər. Bu gün də buna hazırıq. Lakin toy edən şəxslər o qədər məbləği kartda saxlamırlar. Hamı gözləyir toyun yekununda yığılan məbləğdən şadlıq sarayın pulunu ödəsin".
Mənbə: Report.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət