Rusiyalı mütəxəssislər də Azərbaycanın hərbi təyyarəsini axtaracaqlar
Rusiya Xəzər donanmasının mütəxəssisləri Azərbaycanın qəzaya uğramış MiQ-29 təyyarəsinin axtarışında iştirak edəcəklər.
“RİA Novosti”nin xəbərinə görə, bu barədə jurnalistlərə Cənub hərbi dairəsinin mətbuat xidmətinin rəisi Vadim Astafyev məlumat verib.
O deyib ki, Xəzər donanmasının qəza-xilasetmə dəstəsinin mütəxəssisləri Azərbaycan Silahlı Qüvvələrinə məxsus MiQ-29 təyyarəsinin axtarışı üzrə birgə tədbirlərdə iştirak etmək üçün göndərilib:
“50 nəfərlik xilasetmə dəstəsinin tərkibində “Anatoli Qujvin” hidroqrafik gəmisi, “SB-45” xilasedici yedək gəmisi var. Axtarışlarda uzaqdan idarə edilən sualtı “Falkon” aparatı, “Super GNOM Pro” sualtı kompleksi və “Tayqer” sualtı aparatının istifadəsi də nəzərdə tutulur.
Axtarış məkanının təxmini sahəsi 600 kv kilometrdən artıq, dərinliyi isə 40 metrə qədərdir”.
Azərbaycan Müdafiə Nazirliyi faktı Oxu.Az-a təsdiq edib.
Xatırladaq ki, iyulun 24-də saat 22 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.
Qəza nəticəsində MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət