Rusiyalı ekspert Nikol Paşinyanın açıqlamalarını təxribat adlandırdı
Ermənistanın Baş naziri Nikol Paşinyan TASS agentliyinə verdiyi müsahibədə Rusiyanın Dağlıq Qarabağda əks-terror əməliyyatı başlatmaq üçün əsaslarının olduğunu söyləməsi Rusiyanın ekspertlər cəmiyyətində ciddi reaksiyaya səbəb oldu.
Ölkəmizdə bunu Ermənistan tərəfinin Moskvanı işğal olunmuş Azərbaycan ərazilərində hərbi əməliyyatlara cəlb etmək cəhdi kimi qiymətləndirdilər.
İslam Araşdırmaları Mərkəzinin və İnnovativ İnkişaf İnstitutunun rəhbəri, rusiyalı politoloq Kiril Semyonov Media.Az-a açıqlamasında bu məqamı şərh edib.
K.Semyonov qeyd edib ki, Nikol Paşinyanın sözügedən açıqlaması təxribat yaratmaq və Rusiyanı Ermənistanın əli ilə münaqişəyə cəlb etmək cəhdidir:
“Ermənistanın baş naziri bir çox cəhətdən Rusiya üçün narahatedici fiqur olduğunu başa düşür. Onun qərbyönümlü kursunu nəzərə alsaq, Rusiyadan dost bir dövlət olaraq kömək istəyə bilməz.
Beləliklə, bəzi suriyalı muzdlular haqqında danışaraq, Rusiyanın münaqişəyə müdaxiləsinə nail olmağa çalışır. Təbii ki, bunu çoxlarının gözünə girmək üçün son dərəcə kobud şəkildə edir. Belə çıxır ki, “quyruq köpəyi idarə edir”.
N.Paşinyan, əslində, Rusiyaya nə etmək lazım olduğunu tövsiyə edir. Təkrar edirəm, N.Paşinyanın açıqlamaları təxribatdır və bunlar elə bu şəkildə də qəbul edilməlidir”.
Xatırladaq ki, Rusiya Federasiya Şurasının beynəlxalq komitəsinin rəhbəri Konstantin Kosaçev də bu mövzu ilə bağlı münasibətini açıqlamışdı.
Onun sözlərinə görə, alınan məlumatları diqqətlə yoxlamaq, bununla əlaqəli təhlükə və riskləri qiymətləndirmək lazımdır. Rusiyalı senator vurğulayıb ki, İrəvan Rusiyanın belə əsaslarının olduğu barədə mühakimələr yürütməkdənsə, Moskvaya rəsmi müraciət yollamalıdır. Bundan əlavə, K.Kosaçev qeyd olunan bu məsələlərlə bağlı hər hansı bir proqnoz verməyin hələlik tez olduğunu əlavə edib.
Müsahibimiz K.Semyonov Ermənistan rəhbərliyinin Moskvaya müraciətinin hansı nəticələr doğura biləcəyinə də toxunub.
“Nikol Paşinyanın müraciətindən sonra Moskva münaqişəyə müdaxilə edərsə, təbii ki, bu, bir təcavüz aktı olacaq. Ermənistanın baş naziri buna nail olmağa çalışır. Ancaq bu hipotetik antiterror əməliyyatı üçün heç bir səbəb yoxdur və ola da bilməz”, - deyə İslam Araşdırmaları Mərkəzinin və İnnovativ İnkişaf İnstitutunun rəhbəri qeyd edib.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət