Slimfit
  1. DÜNYA

Rusiya və ABŞ-ın dostu - Liviyada hakimiyyəti ələ keçirməyə çalışan general Həftərin keşməkeşli həyat yolu

Rusiya və ABŞ-ın dostu - Liviyada hakimiyyəti ələ keçirməyə çalışan general Həftərin keşməkeşli həyat yolu
Sakura

Rusiya və ABŞ-ın dostu - Liviyada hakimiyyəti ələ keçirməyə çalışan general Həftərin keşməkeşli həyat…

 Yanvarın 13-də Moskvada imzalanması planlaşdırılan Liviya atəşkəs anlaşması baş tutmayıb. Rəsmi açıqlamaya görə, sazişi imzalamalı olan Liviya Milli Ordusunun komandanı general Xəlifə Həftər gecə ilə Moskvanı tərk edərək Liviyaya qayıdıb.

Rusiya və Türkiyə tərəfi Həftərin razılaşmanı imzalamaq üçün vaxt istədiyini bildirsə də, ərəb mediası generalın təmsil etdiyi hökumətin maraqları nəzərə alınmadığı üçün anlaşmanı imzalamaqdan imtina etdiyini yazıb. 

Əgər bu anlaşma əldə olunsaydı, o zaman Liviyada savaşan iki tərəf, Faiz Sərracın lideri olduğu Milli Razılıq (Uzlaşma) Hökuməti ilə Təmsilçilər Məclisi hakimiyyəti bir araya gəlmiş olur və ölkədə sülh əldə olunması üçün danışıqlar başlayacaqdı. Ancaq Xəlifə Həftərin son anda razılaşmanı imzalamaqdan imtina etməsi Liviyada növbəti sülh ümidlərini dəfn elədi. 

Baxmayaraq ki, Rusiya və Türkiyə rəsmiləri optimist danışaraq Liviyada atəşkəs və sülh danışıqlarının bərpa olunacağını bildirirlər. Ancaq belə görünür ki, general Həftəri razı salmaq elə də asan olmayacaq.

Dünyanın bir çox ölkələrinin Liviyada bu və ya digər formada iştirakı və maraqları var. Bu səbəbdən də neft zəngini (Liviy neft ehtiyatlarına görə dünyada 9-cu ölkədir – müəllif.) səhra ölkəsində sülh və sabitlik əldə etmək mümkünsüz olub. Son beş ildə isə Liviyada əsas aktyor Qəzzafinin keçmiş silahdaşı və daha sonra xain adlandırdığı, uzun illər sürgün həyatı yaşamış general Xəlifə Həftərdir. 

General Həftər Liviyanı birləşdirib hakimiyyəti ələ keçirməyə çalışır. Hazırda ölkənin 90 faizə yaxın ərazisinə faktiki nəzarət edən general Həftər bu məqsədinə çox yaxındır. Onun qarşısında isə Türkiyə və Qətərin dəstəklədiyi Trablus Uzlaşma Hökuməti dayanır. 

Bəs Xəlifə Həftər özü kimdir? Liviyada faktiki iki hökumətin olduğu bir zamanda siyasi qərarları qəbul edən, həlledici general haqqında nələr bilinir? General (Liviya Milli Ordusuna komandanlıq etməyə başladıqdan sonra özünü marşal elan edib – müəllif.) Xəlifə Həftər 1943-cü (bəzi məlumatlara görə 49 – müəllif.) Liviyanın Əcdəbiyə şəhərində dünyaya gəlib.

18 yaşında Binqazidə yerləşən hərbi akademiyaya qəbul olan X.Həftər məhz burada Liviyanın gələcək lideri Müəmmar Qəzzafi ilə tanış olur, tezliklə dostlaşırlar. 1969-cu ildə Liviyada kral İdrisə qarşı hərbçilərin çevrilişi baş verəndə Həftər də bu çevrilişdə yaxından iştirak edirdi, Xəlifə Həftər Misirdən ilhamlanan Liviyalı “azad zabitlər”in əsas lider qrupunda idi.

1977-1978-ci illərdə Həftər SSRİ-yə gedərək “Vıstrel” adlı xaricilər üçün zabit kurslarında təhsil alıb. Bu məktəbdə əsasən quru qoşunlarında komandir heyətinin təşkili, taktiki və atış metodları ilə bağlı keçilib. Bu kursda Həftər Yaxın Şərq və Afrikadan olan çoxlu sayda zabitlərlə tanış olub.

1983-cü ildə isə Həftər SSRİ-nin ən yüksək hərbi məktəblərindən biri olan Frunze adına Hərbi Akademiyaya qəbul olunaraq burada təhsil alıb. Liviyaya qayıtdıqdan sonra Qəzzafi ilə çox yaxınlaşan Həftər bir müddət Liviya ordusu baş qərargah rəisi işləyir. Hətta Qəzzafinin Həftərə oğlu kimi baxdığı iddia olunur. Ancaq 1986-cı ildə baş verən Çadla müharibə Həftərin taleyini dəyişir.

Liviya və Çad arasında başlayan müharibədə Qəzzafi Həftəri Liviyanın əməliyyat qüvvələrinə komandan təyin edir. 1987-ci ildə baş verən döyüşlərdə Çad ordusu Liviya qüvvlərini məğlub edir və general Həftər də daxil olmaqla 700 liviyalı hərbçi əsir düşür. Qəzzafi Həftəri ordunun məğlubiyyətinin əsas səbəbkarı, xain elan edir. Bu hadisədən az sonra Liviya və Çad arasında anlaşma imzalanır, Həftər isə unudulur. 

Çadda həbsdə qalan general Həftər bir neçə ildən sonra ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə anlaşaraq azadlığa çıxır və 1990-cı ildə ABŞ-a köçür. Həftərin ABŞ-da Virciniya ştatında MKİ-nin mərkəzi ofisi yaxınlığında yaşaması ona qarşı casus ittihamlarına səbəb olub.

General isə bu müddətdə Qəzzafini necə devirə biləcəyi ilə bağlı strategiyalar hazırlayıb. 2011-ci ilin əvvəlində Liviyada başlayan etirazlar tezliklə Qəzzafiyə qarşı silahlı üsyana çevrilir və uzun illər bu zamanı gözləyən Həftər Liviyaya dönür və Qəzzafinin devrilməsində iştirak edir. Bundan sonra Həftər bir müddət diqqətlərdən kənara çəkilir.

Yalnız 2014-cü ildə Liviyanın ikiyə bölünməsi ilə general Həftər yenidən səhnədə görünməyə başlayır. Liviya Milli Ordusunu yaradan Həftər sahəyə geri dönür. Şərq rayonlarında möhkəmlənən Xəlifə Həftər 2014-cü ildə televiziya ilə xalqa müraciət edərək “ölkəni xilas etmək üçün” “Şərəf” əməliyyatını başlatdığını elan edir. Həmin vaxt Liviya faktiki bir neçə yerə bölünmüşdü.

Dərnə və digər bir neçə bölgədə İŞİD, Benqazi və ətrafı əl-Qaidəyə bağlı olan “Ənsar əş-Şəriə” adlı qruplaşmalar tərəfindən mühasirəyə alınmışdı. Cənubda isə tayfa silahlıları nəzarətdən çıxaraq müstəqil fəaliyyət göstərirdi.

Həftər tezliklə bütün şərqi Liviyanı nəzarəti altına alır və 2015-ci ildə mərkəzi Tobruk şəhərində yerləşən Təmsilçilər Məclisi hökuməti Həftəri “Liviya Milli Ordusunun komandanı” elan edir. Bir il sonra isə Həftər ölkənin ikinci ən böyük şəhəri və iqtisadi mərkəzi olan Benqazini ələ keçirir. 

2016-cı ildə isə Həftər Liviyanın əsas gəlir qaynaqları olan Sidar, Raas Lanuf, Berqa və Əcdabiyə kimi neft istehsal olunan şəhərləri geri alır, 2017-ci ildə isə Dərnə şəhəri Həftər qüvvələrinin nəzarətinə keçir. Ancaq bu dövrdə həm də Həftər “müharibə cinayətləri”, rəqibləri işgəncəyə məruz qoymaq, qanunsuz həbslər və sairdə əməllərdə ittiham olunur. 

Xatırlatmaq lazımdır ki, 2014-cü ildə Liviya iki hissəyə bölünüb. Ölkənin qərb hissəsində Milli Razılıq (Uzlaşma) hökuməti paytaxt Trablus və ətrafında bir neçə şəhərə nəzarət edir. Bu hökumətin başçısı Faiz Sərracdır. Uzlaşma hökumətini BMT, o cümlədən əksər dünya ölkələri rəsmi Liviya hökuməti kimi tanıyır.

Mərkəzi Tobruk şəhərində yerləşən Təmsilçilər Məclisi hökuməti isə faktiki olaraq Həftərə tabedir. Maraqlıdır ki, Həftərlə bir sıra Avropa ölkələri, həmçinin ABŞ və Rusiya arasında yaxın münasibətlər var. Misir, Səudiyyə Ərəbistanı və BƏƏ kimi ölkələr isə Həftərə açıq dəstək verir. Məsələn, daha əvvəl inkar olunsa da, 2016-cı ildə Liviyada Həftər qüvvələrinə məxsus vertolyotun qəzaya uğraması nəticəsində Fransa ordusunun üç hərbçisi öldü və yalnız bundan sonra Fransa hökuməti Həftərə hərbi dəstək verdiyini etiraf etdi.

Bundan başqa Rusiyaya məxsus “Vagner” hərbi şirkətinin iki minə yaxın (bəzi mənbələrdə 1400 – müəllif.) muzdlusunun Həftər qüvvələri tərəfində vuruşduğu bildirilir.

Onların arasında 25 rus hərbi pilot da var. Bu pilotlar Həftər ordusunda uçuş təlimləri keçir və yəqin ki, əməliyyatlarda iştirak edir. Eyni zamanda, körfəz ərəb ölkələrinin maliyyəsi ilə Sudandan üç minə yaxın, eləcə də Darfur (Cənubi Sudan), bölgəsindən 500, ÇAD-dan isə 700-dək muzdlunun Həftər ordusunda xidmət etdiyi iddia olunur. 

Qarışıq qruplardan təşkil olunan Liviya Milli Ordusu yuxarıda qeyd olunan xarici muzdlularla yanaşı, Liviya yerli qəbilələri, Qəzzafinin bir vaxtlar yaratdığı “Xalq Komitələri”, radikal “Mədxali sələfiləri”, radikal dini qruplardan təşkil olunmuş Mahmud əl-Virfəlinin rəhbərlik etdiyi Nida qrupu, sələfilərdən təşkil olunmuş Əşrəf əl-Miyarın rəhbərlik etdiyi Tövhid Birliyi, Əbdürrəhman əl-Kilaninin rəhbərlik etdiyi “Səbil əs-Salam” briqadası, Qaniyat briqadası var.

Bundan başqa Qəzzafinin ordusunun qalıqlarından təşkil olunmuş “Məhammed əl-Muqrif”, “Xamis Briqadası” (Xamis Qəzzafinin oğullarından biridir, bəzilərinə görə briqada ona görə belə adlanıb – müəllif.), “32-ci Muiz Briqadası”, “Tarhuna” 22-ci briqadası, “Səxvat” qrupları adlı silahlı birliklər Həftər ordusuna daxildir. 

Ümumilikdə fərqli mənbələrin məlumatına əsasən Xəlifə Həftərin komandanlığı altında yeddi min yüksək hazırlıqlı hərbçi olmaqla, ümumilikdə 30 minə yaxın silahlı döyüşçü var. Bunların içərisində ən böyük və ən yaxşı silahlanmış 106-cı briqadaya Xəlifə Həftərin oğlu Səddam Həftər rəhbərlik edir.

2019-cu ilin aprelin əvvəlində Trablusa hücum əmri verən Həftər vəd etdiyi kimi “tez bir zamanda” paytaxtı ala bilməsə də, hazırda faktiki olaraq ölkənin 90 faiz ərazisinə nəzarət edir. Türkiyə və beynəlxalq birliyin müdaxiləsi olmasa yəqin ki, tezliklə Həftər Trablusu ələ keçirib Liviya üzərində hakimiyyətini bərqərar edəcək.

Ancaq 80 haqlamış generalın başqa bir “düşməni” də var. General Həftər dörd ildən çoxdur xərçəng xəstəliyindən müalicə olunur. Parisdə müalicə alan genralın bir neçə il əvvəl ölüm xəbəri yayılsa da, sonradan təsdiqlənməyib. Yaşlı general üçünsə, “iki cəbhədə” mübarizə heç də asan deyil. 

Rəşad Quliyev

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR