Slimfit
  1. MEDİA

Rüfət Quliyev: “Kefqom”am, “dinozavr”am, bundan sonra məni kim bəyənəcək ki...

Rüfət Quliyev: “Kefqom”am, “dinozavr”am, bundan sonra məni kim bəyənəcək ki...
Sakura

Rüfət Quliyev: “Kefqom”am, “dinozavr”am, bundan sonra məni kim bəyənəcək ki...

Milli Məclisin deputatı Rüfət Quliyevin Oxu.Az-a müsahibəsi:

- Rüfət müəllim, deputat həmkarlarınızın bəziləri xaricdə istirahət edirlər. Amma nədənsə sizi bu yay daha aktiv görürük, yəni mətbuata tez-tez açıqlamalar verirsiniz. Dincəlmək istəmirsiniz?

- Birincisi, işlərimi tam yekunlaşdırmamışam. Digər tərəfdən, düşünürəm ki, istirahətə avqustun axırı çıxım. Ona görə də hələ Bakıdayam. Bu, şəxsi işlərlə bağlıdır.

- Ölkə xaricində istirahət edəcəksiniz, yoxsa...

- Bu, vaxtdan və imkandan asılıdır. Mən ildə azı bir-iki dəfə övladlarımla birlikdə xaricə istirahətə gedirəm. Son iki ildir ki, başım xeyir işlərə qarışıb. Ona görə də daha çox Azərbaycanda, əsasən də Lənkəranda dincəlməyə üstünlük verirəm.

- Xeyir iş nə ilə bağlıdır?

- Övladım evlənəcək.

- Məmurlardan, nazirlərdən də toya gələn olacaq?

- Bir oğlumun toyu olub. Mən toyları çox qapalı formada keçirirəm. Bu oğlumun toyunu da lap qapalı formada keçirmək niyyətindəyəm.

- Səbəbini bilmək olarmı?

- Qohum-əqrəbanı, dostları və dövlət vəzifəsində işləyən bir neçə nəfəri, yəni özümə ən yaxın bildiklərimi toya dəvət edəcəyəm. Ucdantutma hamını toya çağırmaq fikrində deyiləm. Mən israfçılığın əleyhinəyəm. Toyda 200 nəfər iştirak edirsə, deməli, həmin toy normal keçir.

- Deyəsən, çox emosionalsınız.

- Bəli, düz fikirləşdiniz, emosionalam. Bilirsiniz ki, mən həm də müəlliməm. Adətən, müəllimlər emosional olur.

- Amma jurnalistlərlə davranışınızda emosionallıq hiss etməmişik.

- Həmişə jurnalistlərlə əlaqələr qurmağı və onların suallarına cavab verməyi özümə borc bilirəm. Hesab edirəm ki, elmlər doktoru, professor, üstəgəl deputat olan Rüfət Quliyev öz fikirlərini bölüşməlidir.

- Rüfət Quliyev obrazı seçicilərində hansı təəssürat yaradıb?

- Dünyanın bir çox ölkəsində olmuşam. Vətəndaşlar üçün ən rahat, yüksək səviyyədə olan ölkələrdə belə görmüşəm ki, insanlar nədənsə narazıdır. İstər deputatlardan, istər valilərdən, istərsə də məmurlardan narazı kəsimlər olur. Bəşəriyyət inkişaf edir, imkanlar və tələbat artır. Buna görə də insanlarda narazı qalmaq üçün bəhanələr yaranır.

Cəmiyyətdə normal bir fəlsəfədir ki, insanların arzu və istəkləri onların imkanlarını üstələyir. Bu, Yaponiyada da, Avropada da, Amerikada da var.

- Həmişə danışanda rus dilindən sitatlar gətirirsiniz. Rus dilini mükəmməl bilirsiniz, bu, öz yerində. Bəs öz dilimizdə düşünürsünüz, yoxsa rus dilində?

- İndi öz dilimizdə düşünürəm. Bunun da tarixçəsi var. Sovet dönəmində, daha dəqiq desək, Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə Bakıdan SSRİ-nin aparıcı ali məktəblərinə göndərilən gənclərin sayı ildən-ilə artırdı. Onlar hökumətin dəstəyi ilə orada ali təhsil alırdılar. Bu xoş hadisə mənim də başıma gəlib. 1982-ci ildə mindən yuxarı tələbə Azərbaycandan kənara oxumağa göndərildi. Azərbaycandan kənarda isə ümumi, ortaq dil rus dili idi. Mən də rus dilində təhsil aldım. 1986-cı ildə Azərbaycana qayıtdıqdan sonra isə daha çox Azərbaycan dilində mütaliə etdim. Azərbaycan Texniki Universitetində dərs deməyə başladım, auditoriyaya girdim. Azərbaycan dilini mükəmməl bilmək üçün öz üzərimdə işlədim. Deputat seçiləndən sonra da Azərbaycan dilinə daha çox fikir verməyə başladım.

Mən indi Azərbaycan dilində də mükəmməl danışa bilirəm. İngilis dilini də bilirəm. Amma ingilis dilində danışan zaman əvvəl cümlələri rus dilində düşünürəm, sonra onu ingilis dilinə çevirirəm.

- Bəzən də cəmiyyətdə deputatların Rusiya yönümlü olması fikirləri səsləndirilir...

- Nə demək istədiyinizi anladım. Mən onun tərəfdarıyam ki, Azərbaycan Ermənistanı çıxmaq şərtilə, bütün dövlətlərlə normal münasibət saxlamalıdır. Qeyd edim ki, cənab Prezidentimizin xarici siyasətinin ən uğurlu kursu ondan ibarətdir ki, bütün dövlətlərlə və ittifaqlarla normal münasibətlər qurulub. Heç nədən korluq çəkmirik. Biz Ermənistan kimi kimdənsə nəsə xahiş etmirik, dilənmirik. Şükür Allaha, pulumuz da var, imkanımız da.

Rusiyaya gəlincə, vurğulamaq lazımdır ki, biz 200 il Rusiyaya çox yaxın olmuşuq. Sovet İttifaqı vaxtında isə SSRİ-yə daxil olmayan ölkələrlə çox da əlaqə saxlaya bilməmişik.

Ana dilini bilmək mütləqdir, vacibdir. Ancaq rus dilini də, ingilis dilini də bilmək lazımdır. Azərbaycana isə ədəbiyyatlar əsasən rus dilindən gəlir. Yəni mənbələr rus dilindədir.

- Cəmiyyətdə deputatlar haqqında mənfi rəylər də mövcuddur. Bəziləri elə düşünür ki, deputat böyük bir məmurdur və hər şeyə səlahiyyəti çatır. Deputata aid olmayan məsələlərin həllini deputatdan gözləyirlər, nəticə olmadıqda isə deputatlara qarşı neqativ münasibət artır.

- Bir məsəl var: uman yerdən küsərlər. Amma deputatın bilavasitə borcu ondan ibarət deyil ki, stansiyalar, evlər tiksin. Deputatın bir nömrəli funksiyası odur ki, qanun layihəsi hazırlasın. Bununla belə, deputat əlçatan olmalıdır, seçicilər problemlərini ona deməlidir.

- Ancaq “uman yerdən küsərlər” prinsipi ilə deputatları təhqir də edirlər.

- Təhqir yolverilməzdir. Deputat da insandır. Biz ömürlük bu postda qalmayacağıq. Elə olur ki, insan bəzən öz deputatlıq fəaliyyətini dayandırmağı düşünür. Həm də düşünürəm ki, pensiyaya çıxanda da insanlarla yenə indiki kimi yaxın olum, çayxanalarda oturum, parklarda gəzim. Elə bir ölkə yoxdur ki, seçicilər deputatlardan tam razı qalsın.

Bazar iqtisadiyyatı şəraitində cəmiyyətdə gedən proseslər elə olur ki, insanların bir qismi narazı qalır.

Bəzən kimsə gəlib dərdini mənə danışır, mənim də gücüm o problemi həll etməyə çatmır. Dövlət də, deputat da hər adama əl uzada bilməz. Ancaq o, bunu başa düşmür, əsəbi danışır, bəzən etik çərçivələri də keçir. Mən isə çalışıram ki, təmkinlə yanaşım. Ən azından, məsləhət verirəm, yol göstərirəm. İnsanlar kimdənsə narazı qalanda gərək əvvəlcə düşünsünlər.

- Bu il, əsasən, kənd təsərrüfatı məhsullarının qiymətləri ilə bağlı xeyli şikayət var. Deyilənlərlə razısınızmı?

- Qismən razıyam. Mövsümdə qiymətlər dəyişir, bütün valyutalar devalvasiyaya uğrayır. Belə bir məqamda isə Azərbaycanın baş bankiri Elman Rüstəmov manatın revalvasiyasından söz açdı. Bunun da öz səbəbləri var.

Ümumiyyətlə, inflyasiyaya uğramayan ölkə yoxdur. Hətta ABŞ valyutasının özü də ildə ən azı 2 faiz inflyasiyaya məruz qalır. Azərbaycan uzun müddət neftdən asılı olan ölkə idi. Son iki ildə isə qeyri-neft sektorunun inkişafı üçün mühüm işlər görülüb. Azərbaycanda kənd təsərrüfatı istiqamətində effektiv addımlar atılır.

Başqa bir səbəb də göstərim. Regionlarda insanlar öz həyatyanı sahələrində korporativlər yaradıb birgə iş görmək istəmirlər.

2008-ci ildə İrana getmişdim. Gördüm ki, orada bir kvadratmetr də boş torpaq yoxdur, hamı əkib-becərir. Düz Tehrana qədər eyni mənzərənin şahidi oldum, boş torpaq görmədim.

Bizdə isə indi vəziyyət fərqlidir. Yaxşı, başqa torpaqları əkməyin, bəs öz həyətinizdə niyə əkib-becərmirsiniz? İnsanlar göy-göyərtini, tərəvəzləri öz həyətlərində əksələr, il ərzində özlərini təmin edə bilərlər. Bu gün isə insanlar həyətyanı sahələrində iş görmürlər. Bəhanələri isə budur ki, su çatmır, qaz bahadır və sair. SSRİ zamanında dövlətin ətəyindən bərk yapışmışdıq. İndi isə bazar iqtisadiyyatıdır. Bu meydan, bu da şeytan. Dövlət hər cür şərait yaradıb. Amma məmur kəndlinin yerinə torpaqda işləməyəcək.

- İqtisadçılar şəxsi həyatlarında da bəzi məsələlərə iqtisadi yanaşırlar. Həm də pulu xərcləməyin qaydasını bilirlər. Siz də beləsiniz?

- Təəssüflər olsun ki, elə deyiləm. Mən “kefqom” adamam, məclisləri, insanlarla ünsiyyətdə olmağı xoşlayıram.

- Bəs evdə bədxərc olduğunuza görə sizə etirazlar olur?

- İnsan özünü cilovlamalıdır. Həmişə sakit insanlara həsəd aparıram. Harada ki, qərarı emosiya ilə vermişəm, orada uduzmuşam. Eləcə də xərcə aid emosional qərarlarımda.

- Təyyarə ilə səfərə gedərkən daha çox biznes-klassa üstünlük verirsiniz, yoxsa ekonom-klassa?

- Dövlətin xətti ilə gedərkən bizi biznes-klassla göndərirlər. Nəyə görə? Təsəvvür edin ki, xaricə gedirsiniz, sizi millət vəkilləri qarşılayır. Ona görə də fərqlənmək lazımdır. Bizim dövlətin kifayət qədər iqtisadi gücü var ki, deputatların səfərlərini biznes-klassla təşkil etsin. Ancaq özüm şəxsi səfərə gedəndə ekonom-klassa üstünlük verirəm.

- Bəs burada niyə bədxərcliyə yol vermirsiniz?

- Təyyarədə biznes-klass və ya ekonom-klassla uçmaq prestij söhbətidir. Bunların biletlərinin qiymətləri arasında 2-3 dəfə fərq var. Hesab edirəm ki, üç saatlıq uçuşa görə üç dəfə artıq pul vermək mənasızdır.

Bir neçə dəfə təyyarəyə minəndə görmüşəm ki, biznes-klassda uçanlar daha çox biznesi idarə edənlərdir. Onların yiyələri isə ekonom-klassla uçurlar. Baxmayaraq ki, onlar milyonçudurlar. Biznesi idarə edənlər isə ezamiyyətdə olduğuna görə biznes-klassda uçur.

- Yeyib-içməyi, məclisləri xoşlayırsınız. Bəs hansısa bir istedadınız varmı? Məsələn, musiqi alətlərində ifa kimi.

- Uşaqlıqda çox istəyirdim. Əfsuslar olsun ki, alınmayıb. Mən elmdə ən böyük zirvələrdən birinə qalxa bilmişəm, elmlər doktoru, professoram. Bununla da digər məsələləri bağladım. Gündə 100-150 səhifə kitab oxuyuram. Oxumasam, rahat olmuram. Kinoları, serialları da xoşlayıram, bundan həzz alıram. Aparıcı xarici universitetlər də məni mühazirə oxumağa dəvət edirlər.

- Evdə yemək bişirib, çay dəmləyirsiniz?

- Mən klassik azərbaycanlıyam və konservativəm. Ailədə vəzifə bölgüsü olur. Kişinin və qadının ayrı-ayrılıqda öz vəzifələri var. Ola bilsin ki, bu fikirlərim xanımların xoşuna gəlməsin. Ancaq səmimi danışacağam. Mən məsələlərə fərqli baxıram. Övladlarım isə fərqlidir.

Mən “dinozavr”am, köhnədən qalan kişilərin hamısı ailə məsələlərində mühafizəkardırlar.

- Cənub zonasındansınız. Bu bölgə mühafizəkar regiondur. Nə baş verdi ki, belə məclis adamı oldunuz?

- Hər bir insan individualdır. Deməzdim ki, spirtli içki qəbul etmək və siqaret çəkmək müsbət şeydir. Amma nə edək, insanıq. Hamımızın zəif cəhəti var. Hər şey də qaydasında və miqdarında olmalıdır.

Mən sovet mühitindən çıxmışam. Özü də görün, harada oxumuşam – Ukraynada. Dostlarımdan, tələbə yoldaşlarımdan din yoluna keçənlər də var.

- Avtomobilinizi özünüz idarə edirsiniz?

- Xeyr, sürücüm var.

- Özünüz niyə sürmürsünüz?

- Vaxtilə maşın həvəskarı olmuşam. Müəllim işləyəndə atam mənə maşın aldı. Amma gördüm ki, maşın sürmək narahatlıq yaradır. Avtomobil idarə etmək stressdir. Mən yolboyu telefonla danışıram, internetdə məlumatlara baxıram.

- Brend mallara üstünlük verirsiniz?

- Geyimlərdə hə, texnologiyada yox! İndi işlətdiyim telefon adi telefondur. Bir il bundan qabaq almışam. Ondan əvvəlki telefonu da beş il istifadə etmişdim. Amma maqnitofon, radio həvəskarıyam. Tələbəlik illərində isə paltar həvəskarı idim. O zaman adi bir cins şalvar, yapon saatı almaq dəb sayılırdı. Ailə qurandan sonra isə buna ehtiyac yoxdur. Artıq məni bəyənən bəyənib, ikinci kim bəyənəcək ki. (gülür)

- Bildiyimiz qədər oğlanlarınız Qətərdə qalır...

- Ailəmdən çox razıyam. 30 ildir ki, ailə qurmuşam. Bu günə qədər hansısa övladım problem yaratmayıb. Övladlarım nə siqaret çəkir, nə içki içir, nə də donuz əti yeyir. Belə atadan belə övladlar. (gülür) Mən mühafizəkaram, belə doğulmuşam və belə də öləcəyəm.

- Kənardan baxanda özünüzü bəyənirsiniz?

- Bəzən yox. Ən böyük problemlərdən biri odur ki, emosiyaya qapılıb axırda deyəcəyin sözü əvvəldə deyirsən. Bu hal məndə olur. Qüsursuz insan yoxdur.

- Restoranlarda sizi hesabda aldatmaq istəyiblər?

- Ataların bir sözü var, oğurluğun ömrü 40 gündür. Mən isə onu 40 dəqiqəyə üzə çıxarıram. Avam adam deyiləm. Birinci dəfə getdiyim yerdə yeməyi keyfiyyətsiz veriblərsə, ikinci dəfə ora getməyəcəyəm. Hesabda aldadanda da hiss edirəm, hissiyyatım güclüdür. Restoranın sahibini və ya da administratorunu çağırıram, onlara izah edirəm.

Hərdən mağazalara girirəm. Bir də görürsən ki, dükanda işləyən satıcılar özlərini çox sərbəst aparırlar, ucadan danışırlar. Dözmürəm, dərhal müdiriyyəti çağırtdırıram, etirazımı bildirirəm.

- Azərbaycan Texniki Universitetində kafedra müdirisiniz. Tələbələrdən razısınız?

- Oxuyan tələbə görəndə az qalıram ki, ürəyimi yarıb, həmin tələbəni ora qoyum. Dərsdə oturub telefonla oynayan, qeyd götürməyən, müəllimə qulaq asmayan tələbələrin axırı necə olacaq?

- Tələbələrinizdən belələri varmı?

- Əksəriyyəti elədir.

- Onlara hirslənmirsiniz?

- Hirslənmirəm. Amma məsələni başqa cür izah edirəm. Tələbələrimə rəvayətlər danışıram. İzah edirəm ki, elm var. Öz həyatımdan, necə oxumağımızdan söz açıram. Kim tələbə vaxtı oxumağa necə münasibət göstəribsə, həyatda da elədir.

Oxuyan adama bu cəmiyyətdə yer var. Yüksəlmək, karyera qurmaq isə fərasətdən də asılıdır. Ola bilər ki, kimsə zəif oxuyur, amma kommersant olur. Ancaq istənilən formada elm nömrə birdir. Daim oxumaq lazımdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR